09 Avqust 2025

Məhvə aparan yol

Narkomaniya bütün dünyada narahatlıq doğuran qlobal  problem kimi bəşəriyyətin qarşısında durmaqdadır. Faciəvi nəticələrə gətirib çıxaran narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına deyil, həm də mənəviyyata ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amilə çevrilmişdir.

Ekspertlərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar gəlir əldə edilir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarına əsasən, dünyada narkotik alveri üçüncü ən çox gəlir gətirən sahə hesab olunur. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Təbii ki, belə inkişaf sürəti yaxın gələcəkdə ictimai fəlakətə gətirib çıxara bilər.

Təəssüf ki, narkomaniya respublikamızda da ciddi problem olaraq qalmaqdadır.  Bəzi gənclər narkotik asılılığı girdabına düşür, bu da narkomaniya ilə bağlı cinayətlərin törədilməsinə səbəb olur. Narkotiklərlə bağlı cinayətlərin artım dinamikası problemin cəmiyyət üçün doğurduğu təhlükəni daha da artırır.  Narkomanların say artımı milli genofond üçün ciddi təhdid əmələ gətirir.

Bu dəhşətli bəlaya qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun yayılmasının və kütləvi xarakter kəsb etməsinin qarşısını ala bilər. Narkomaniyaya qarşı ardıcıl mübarizə bir çox istiqamətlər üzrə əməli addımlar atılması zərurətini şərtləndirir. Bu gün narkomaniya probleminin həlli sahəsində geniş tədbirlər kompleksinin həyata keçirilməsi tələb olunur. Narkomaniyaya qarşı məqsədyönlü mübarizə ümumxalq işinə çevrilməlidir.

Sağlam həyat tərzinin təbliği, gənclərin dövlətçiliyə sadiq layiqli vətəndaşlar kimi tərbiyə olunması Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin prioritet vəzifələrindən birini təşkil edir. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi  vəzifə kimi aidiyyəti orqanlara tapşırılmışdır. Proqramın icra müddətinin bitməsinə baxmayaraq bu sahədə işlər davam etdirilir. Həmçinin Gənclər və İdman Nazirliyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın 14 bəndinin icraçısı müəyyən edilmişdir.

Dövlət rəhbərliyi tərəfindən bu sahədə qarşıda qoyulmuş vəzifələrin həlli məqsədilə Gənclər və İdman Nazirliyi narkomaniyaya qarşı mübarizə çərçivəsində ardıcıl tədbirlər həyata keçirir, sağlam həyat tərzinin təbliği sahəsində məqsədyönlü fəaliyyətini davam etdirir. Gənclər arasında zərərli vərdişlərin profilaktikası sahəsində maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Narkomaniyaya qarşı mübarizə məqsədilə təşviqat aksiyaları, mədəni-kütləvi tədbirlər,  müsabiqələr, festivallar təşkil olunur.  

Gənclər və İdman Nazirliyi bu sahədə xarici ölkələrin təcrübəsini və beynəlxalq praktikanı yaxından öyrənir, əldə edilən məlumat və vərdişlərin həyata keçirilməsi təmin olunur. Bu sahədə qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa, xüsusilə gənclər təşkilatları ilə işbirliyinə böyük diqqət yetirilir.

Ötən müddətdə narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi ilə təhsil, gənclər və idman təşkilatlarının əməkdaşları və valideynlər üçün metodiki tövsiyələr işlənib hazırlanmışdır. Qeyri-hökumət təşkilatları tərəfindən reallaşdırılan müvafiq layihələr çərçivəsində mövzuya dair çap məhsulları hazırlanaraq gənclər arasında yayılmışdır.

Şagird və tələbələri zərərli vərdişlərdən çəkindirmək və onlar arasında idmanın rolunun gücləndirilmək məqsədi ilə nazirlik tərəfəndən kütləvi idman yarışları təşkil olunur. Beləliklə, 27 fevral – 05 mart  2022-ci il tarixlərdə ölkə üzrə elan edilmiş “İdman həftəsi” çərçivəsində əhali, o cümlədən məktəblilər və tələbələr arasında müxtəlif idman növləri üzrə yarışlar keçirilmişdir. Bundan başqa, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə cari ilin aprel ayının 6-dan 10-dək Beynəlxalq Fiziki Aktivlik Günü münasibətilə Bakıda (Dənizkənarı Milli Parkda) “Sağlam həyat günləri” təşkil edilmişdir. Tədbir çərçivəsində iştirakçılara müəyyən olunmuş idman normativlərini yerinə yetirməklə öz fiziki bacarıqlarının sınamaq imkanı yaradılmışdır.

Respublikamızın şəhər və rayonlarında asudə vaxtın təşkili məsələlərinə diqqət artırılır, “Gənclər evləri”nin və idman müəssisələrinin bu istiqamətdə fəaliyyəti daha da gücləndirilir, uşaq və yeniyetmələrin belə müəssisələrə cəlb olunması genişləndirilir.  Respublikada 22  “Gənclər evi” və 43 Olimpiya İdman Kompleksinin fəaliyyətinə daha çox uşaq və gəncin cəlb edilməsi məqsədilə nazirlik tərəfindən müvafiq proqramlar həyata keçirilmişdir. Təcrübə göstərir ki, narkomaniyanın qarşısının alınmasında gənclərin asudə vaxtının səmərəli təşkili, onların kütləvi surətdə idmana cəlb edilməsi olduqca vacibdir. Bu gün Azərbaycanda fəaliyyət göstərən olimpiya idman kompleksləri, idman zalları və meydançaları, “Gənclər evləri” gənc nəslin asudə vaxtının səmərəli təşkili prosesində yaxından iştirak edirlər. 2021-ci il ərzində həm nazirliyin yerli idarələri, həm də “Gənclər evləri” tərəfindən “Narkomaniya uşaqların gözü ilə” adlı rəsm sərgisi, “Sağlamlığımızı düşünək, narkomaniyaya yox deyək” , “Sağlam həyat naminə narkotikə yox!”, “Gəncliyimizi narkomaniyadan qoruyaq!”, “Xoşbəxtlik sağlam həyatdadır”, “Ağ ölümlə birgə mübarizə aparaq”, “Məhvə aparan yol – narkomaniya”, “Narkomanlıqla mübarizə hər birimizin vətəndaşlıq borcudur” adlı maarifləndirici görüşlər, seminarlar keçirilmişdir.

Narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlar öz müsbət nəticələrini verməkdədir. Lakin bu sahədə fəaliyyət daha da genişləndirilməli, yeni və kreativ aksiyalar həyata keçirilməlidir. Gənclər və İdman Nazirliyi narkomaniyaya qarşı mübarizə işinə öz töhfəsini vermək üçün bütün imkanları səfərbər edərək, bu istiqamətdə fəaliyyətini məqsədyönlü şəkildə davam etdirir. 

Gənclər və İdman Nazirliyi