22 Dekabr 2024

Mehriban Əliyevanın göstərişi ilə daha bir humanitar yardım təyyarəsi Türkiyəyə yola düşür – FOTO

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Türkiyənin zəlzələ bölgəsinə növbəti humanitar yardım təyyarəsi yola düşür.

APA xəbər verir ki, budəfəki humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı sobalar, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar daxildir.

Heydər Əliyev Fondu, “AzərEnerji” ASC və “Azərişıq” ASC-nin dəstəyi ilə göndərilən yardım fevralın 10-da zəlzələ bölgəsinə çatdırılacaq.

Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fevralın 9-da Türkiyəyə Heydər Əliyev Fondunun ilk humanitar yardım təyyarəsi göndərilib. Fondun qardaş ölkəyə ezam olunan əməkdaşları zəlzələdən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər çatdırıblar.

Həmçinin qeyd edək ki, Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşulan Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi fevralın 8-dən humanitar kampaniyaya start verib. Bu kampaniya çərçivəsində vətəndaşlardan toplanan humanitar yardımlar da fondun dəstəyi ilə zəlzələ bölgəsinə çatdırılır.