23 Dekabr 2024

“Media haqqında qanun” yenidən hədəfdə: Xarici qrantdan asılı olaq, yoxsa reklamla müstəqil?

Bu gün sosial şəbəkəyə daxil olar-olmaz “Media haqqında qanun”unun və bu qanundan irəli gələrək yaradılmış media reyestrinin əleyhinə kampaniyaya start verildiyini gördüm. Doğrusu, bu məsələni bitmiş sayırdım. Amma görünən budur ki, Azərbaycanda jurnalistikanın prestijli sahəyə çevrilməsini və ayrı-ayrı xarici mərkəzlərə deyil, xalqa, xalqın xəbər almaq haqqına xidmət etməsini istəməyənlər mövzunu davam etdirməkdə israrlıdırlar.

Əvvəla, onu deyim ki, heç bir qanun, hətta konstitusiya özü də dəyişdirilməz deyil. Ana Yasada dəyişdirilməsi yolverilməz olan maddələr var. Onların xaricində Əsas Qanunda qalan bütün maddələr dəyişdirilə biləndir. Başqa sözlə, “Media haqqında qanun”un dəyişdirilməsi üçün başlanan kampaniya özü-özlüyündə hüquqi və demokratikdir. Ancaq bir fəaliyyətin hüquq və demokratiya çərçivəsində olması onu qanunvericilik təşəbbüsünə çevirmir. Bu kampaniyanın da rəsmi qaydada qanunvericilik təşəbbüsünə çevrilməsi üçün həştəqlər yetərsizdir və hüquqi baxımdan başqa şərtlər lazımdır.

Bu şərtlər “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanunda öz əksini tapıb. Bu qanunun ilk maddəsinə görə, parlamentdə qanunverilcilik təşəbbüsü ilə çıxış etmək hüququ 40 min nəfər seçki hüququ olan vətəndaşa məxsusdur. Həmin qanunun 3-cü maddəsində vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun (qərar) layihəsinə dair tələblər müəyyən edilir. Tələbləri nəzərdən keçirdikdə görürük ki, “Media haqqında qanun” barədə vətəndaşların qanunvericilik təşəbbüsü ilə çıxış etməsinə yasaq yoxdur. Belə bir layihə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 50-ci, 53-58-ci və 62.4-cü maddələrində müəyyən edilmiş qaydada qanunvericilik təşəbbüsü kimi Milli Məclisə təqdim oluna bilər. 40 min imzanın toplanması üçün isə, ən azı 300 nəfər seçki hüququ olan vətəndaşdan ibarət Təşəbbüs Qrupu yaradılmalıdır. Yuxarıda adı çəkilən qanunda (maddə 4.3) deyilir:

“Təşəbbüs qrupunun yaradılmasının məqsədləri Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin dəstəklənməsi üçün imza toplanması və qanunvericilik təşəbbüsü ilə çıxış edən vətəndaşların mənafelərinin müdafiə edilməsidir.”

Şəxsinə və intellektinə böyük hörmət bəslədiyim hüquqşünas Ələsgər Əhmədoğlu yazır:

“Kimin media, kimin jurnalist hesab ediləcəyini hökumət və onun qurumları müəyyən edə bilməz. Medianı və jurnalisti oxucusu, izləyicisi müəyyən edir. Konstitusiyaya zidd Media Qanunu ləğv edilməli, toplumun üzərində uzlaşdığı və demokratik hüquq prinsiplərinə söykənən yeni qanun qəbul edilməlidir”.

Çox hörmətli Ələsgər Əhmədoğlu hüquqşünasdır və bildiyim qədər, media hüququ üzrə ixtisaslaşıb. Elə bu səbəbdən də kim bilməsə də, Ələsgər bəy çox gözəl bilir ki, istənilən qanunun və qanunun dəyişdirilməsi barədə təkliflərin qəbul edilməsi üçün sosial tələbat olmalıdır. Biz məzmunundan asılı olmayaraq yenicə qəbul olunmuş bir qanunla bağlı toplumda uzlaşma olmadığını və onun dəyişdirilməsinə tələbat olduğunu necə müəyyən edə bilərik? Mövcud mübahisə baxımından yanaşsaq, bir qanuna qarşı bütün əks iddialar o zaman “sosial tələbat” statusu qazana bilər ki, onun dəyişdirilməsi üçün ən azı 300 nəfərdən ibarət təşəbbüs qrupu formalaşdırılsın və 40 min imza toplansın. Bu hüquqi şərtə uyğun bir layihə və müraciət ortada olmadıqca yeni “Media haqqında qanun” üzərində toplumsal uzlaşma olmadığını iddia etmək hüquqşünas işi deyil.

Çox dəyərli Məmmədlinin “kimin media, kimin jurnalist hesab ediləcəyini hökumət və onun qurumları müəyyən edə bilməz. Medianı və jurnalisti oxucusu, izləyicisi müəyyən edir” deməsi də hüquq baxımından manipulyativ mövqedir.

O sadə səbəbə görə ki, media institutu dünyanın heç bir ölkəsində hüquqdankənar deyil. Demokratik baxımdan ən inkişaf etmiş ölkələrdə belə media fəaliyyəti hüquqla tənzimlənir. Medianın və mediada çalışanların hüquqdan kənarda qalması heç də “azadlıq” sayıla bilməz. Bu halda media və mənsubları düşüncə və ifadə sərbəstliyinə aid ola və xidmət edə, cəmiyyətin ehtiyacı olan obyektiv informasiyaların yayımını həyata keçirə bilməz, cinayətkar aləmin bir parçası olar. Başqa sözlə, kimin media, kimin jurnalist olduğuna oxucular və izləyicilər deyil, hüquq qərar verir. Oxucular və izləyicilər medianın və jurnalistin hüquqi statusunu müyyən edə bilməzlər, yalnızca onların məhsulunun keyfiyyətinə qiymət verə, xəbərlərinin “müştərisi” olmaq istəyə və ya istəməyə bilərlər. Təsəvvür edək ki, iki şirə fabriki var. Bu fabriklərdən biri hüquqi şəxs (yaxud fərdi sahibkar müəssisəsi) kimi mövcuddur, digəri isə istehsal və ticari fəaliyyətlə məşğul olmaq üçün müvafiq dövlət qurumunda heç bir formada qeydiyyatdan keçməyib, qanunsuz fəaliyyət göstərir. Ancaq bir qism istehlakçı hesab edir ki, qanunsuz istehsalla məşğul olan müəssisə qanuni fəaliyyət göstərən zavoddan daha yaxşı şirələr hazırlayır. Bu qənaət ikinciyə hüquqi şəxs, yaxud qanuni sahibkar statusu qazandırmadığı kimi, qeyri-qanuni müəssisənin fəaliyyətini legitimləşdirmir də! Media institutu da belədir. Bir sıra ölkələrdə bu institutla bağlı hüquq xüsusi qanunlarla, bəzi ölkələrdə isə xüsusi qanuna ehtiyac olmadan digər hüquqi-normativ aktlarla təsbit olunur. Ancaq hər iki halda hüquq normaları əgər varsa Ana Yasaya və beynəlxalq standartlara uyğun olmalıdır.

“Media haqqında qanun” hüquqi-normativ aktdır. Bütün hüquqi-normativ aktlar kimi, bu qanun da konkret, ayrıca götürülmüş şəxslərlə bağlı deyil və ola da bilməz. Yəni sözügedən qanun, öz timsalımızda desək, konkret olaraq AzNews.az portalının media hesab olunması və ya olunmaması, yaxud Taleh Şahsuvarlının jurnalist sayılması- sayılmaması üçün çıxarılmayıb. Məsələni bu qədər bəsitləşdirmək, ümumiyyətlə, hüquq bilgisi olanlar üçün yolverilməzdir. Söhbət ancaq qanunun konstitusiya normalarına uyğunluğundan, yaxud uyğunsuzluğundan gedə bilər. Azərbaycan Respublikasının Ana Yasasında (149.3) da normativ-hüquqi aktlarla bağlı tələblər müəyyənləşdirilərkən deyilir: “Qanunlar Konstitusiyaya zidd olmamalıdır”.

Əgər hər hansı bir hüquqi-normativ akt Ana Yasaya ziddirsə, bu ziddiyyət “hökm” kimi yazılan sosial şəbəkə statuslarında deyil, respublikanın Konstitusiya Məhkəməsində üzə çıxarılmalıdır.

Azərbaycan Respublikasının “Konstitusiya Məhkəməsi haqqında” qanununa (maddə: 34.1) buna yol verir:

“Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin həll edilməsi üçün Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər”.

Əsas Qanunumuzun Konstitusiya Məhkəməsinə verdiyi səlahiyyətlərdən biri də “Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunu” yoxlamaqdır.

Konstitusiya Məhkəməsinə şikayət üçün prosedur tələblərdən biri də budur ki, ərizəçi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının və ya digər normativ hüquqi aktlarının müvafiq normalarına istinadla hüquqi baxımdan əsaslandırmalıdır.

Konstitusiyaya baxaq:

Maddə 47. Fikir və söz azadlığı

Hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir.

Maddə 50. Məlumat azadlığı

Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.

Deməli, “Media haqqında qanun”un Konstitusiya zidd olması üçün aşağıdakı hallardan ən azı birinin hüquqi-normativ aktın mətnində mövcud olması lazımdır:

  • Fikir və söz azadlığını məhdudlaşdırması;
  • Vətəndaşları öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edə bilməsi;
  • İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol açması;
  • Vətəndaşların istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığını əngəlləməsi;
  • Kütləvi informasiyanın azadlığına təminat verməməsi. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasının tətbiqinə izn verməsi;
  • Təkzib və cavab hüququnu ortadan qaldırması.

Konseptual baxımdan bu halların heç biri “Media haqqında qanun”un mətnində mövcud deyil.Ətraflı

Qanundan narazılar onu iddia edirlər ki, hüquqi-normativ aktda media subyekti barədə qoyulan tələblər və akta əsasən yaradılan media reyestri fikir və söz azadlığını məhdudlaşdırır, kütləvi informasiya vasitələrinin azadlığına təminat vermir. Odur ki, qanunun media subyekti və reyestri barədə tələblərini nəzərdən keçirməyə lüzum yaranır. İstənilən şəxs qanunun mətninə baxa və orada 26-cı maddə ilə müəyyənləşən media subyektinə dair tələblərlə tanış ola bilər. Bu tanışlıqdan sonra iki suala cavab tapılmalıdır:

Birinci sual: tələblərdən hansı konstitusiyaya ziddir?

İkinci sual: tələblərdən hansı Azərbaycanın qoşulduğu, düşüncə və onun “əkiz qardaşı” sayılan media azadlığı ilə əlaqəli beynəlxalq konvensiyalara ziddir?

Qanunun ictimai müzakirəsi zamanı Avropa Şurasının Venesiya Komissiyasının verdiyi “mənfi rəy”də deyilirdi: “Qanunun 26-cı maddəsi- KİV-lərin yaradılması, xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair geniş məhdudiyyətlər ləğv edilsin”.

Qanunun göstərilən bəndinə əsasən, Azərbaycanda KİV təsis etmək hüququ ancaq Azərbaycan Respublikasında daimi yaşayan və ölkəmizdə vətəndaşlığı olan fiziki şəxlərə verilir. Bu fiziki şəxslər ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilməməlidir. Həmçinin məhkumluğu ödənilməmiş və ya götürülməmiş, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər olmamalıdır.

Bu yasağın aradan qaldırılmasının hüquqi nəticəsi odur ki, Azərbaycan öz ərazisində daimi yaşamayan, ancaq vətəndaşlıqdan da çıxmamış fərdlərə, xarici vətəndaş olan fiziki şəxslərə, ağır, xüsusilə ağır cinayət törədənlərə, məhkumluğu ödənilməmiş və götürülməmiş digər canilərə, terrorçulara, ağır psixi xəstələrə media sahibkarı olmaq imkanı yaradır. Bu qəbildən şəxslərin media təsisçisi olmasının yasaqlanması nə zamandan KİV-in sərbəst fəaliyyətini əngəlləmiş sayılır?

Yox, dərdləri bu və digər bu kimi tələblər deyil. Əsl “problem” başqa yerdədir. Yeni qanununun 26.5 maddəsində yazılır:

“Media subyektinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmir”.

Qısacası, qanun deyir ki, Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri xaricdən pul ala bilməzlər. Necə deyərlər, dava yorğan üstündədir. Məsələ hüquq və azadlıqlar deyil, maliyyədir, qrantdır, puldur!

Media reyestrinə qarşı çıxışları da elə bu qanunla insan hüquq və azadlıqlarının yox, mənafelərin toqquşmasının davami kimi baxmaq lazımdır.

Media reyestri özü-özlüyündə “velosipedi təzədən icad edən” bir sistem deyil. Bu sistem jurnalist fəaliyyəti göstərmək üçün əmək müqaviləsi bağlamış və ya əmək müqaviləsi bağlamamış, ancaq fərdi vergi ödəyicisi kimi redaksiya ilə xidməti müqavilə imzalayaraq jurnalist fəaliyyəti göstərənlərin məlumat bazasıdır. Dünyanın heç bir ölkəsində əmək müqaviləsi, yaxud fərdi VÖEN-ə sahib olmayan şəxs jurnalist sayıla bilməz. Deməli, dünyada istənilən dövlət bütün vergi ödəyilələri və əmək bazarının digər iştirakçıları kimi jurnalistlərin də reyestrini aparır. Bu mərhələdə heç bir sual və ya mübahisə yoxdur. Sual və mübahisə növbəti mərhələdə və məsələdə üzə çıxır.

Vergi və əmək reyestrindən sonrakı mərhələdə əksər Avropa dövlətlərində jurnalistlərin həmkarlar ittifaqları və ya peşə birlikləri şəxsin jurnalist olduğunu təsdiqləyən vəsiqələr verir. Ölkələrin təcrübəsi bir-birindən fərqlənir. Almaniyadakı federal qanunlara görə, jurnalist vəsiqələrinin ancaq bir təşkilatın verilməsi yasaqdır. Fransada iki jurnalist təşkilatının ortaq komissiyasının verdiyi vəsiqələr keçərlidir. İtaliyada isə ancaq bir qurum jurnalist vəsiqəsi verə bilər. Türkiyədə “basın kartı”nı həmkarlar ittifaqı və ya peşə birlikləri deyil, dövlət qurumu təqdim edir. Azərbaycan bu sarıdan Türkiyənin təcrübəsini əsas götürüb. Əgər bu yanlışdırsa, o zaman iki variant var. Media reyestrinin ləğvini və jurnalist vəsiqələrinin bu reyestrə uyğun verilməməsini istəyənlər müəyyən etməlidir ki, onlar nə təklif edirlər. Əvvəlki qayda, yəni jurnalist vəsiqələrinin redaksiyaların özü tərəfindən verilməsi nə yerli praktikada doğrulub, nə də beynəlxalq praktikaya uyğundur. Sivil dünyanın heç bir yanında vəsiqələr redaksiyaların özü tərəfindən və kriteriyalarsız verilmir. Bu kriteriyalar da fərqlənir. Məsələn, İtaliyada “press kart” ancaq “full time” çalışanlara verilir və heç kim əlavə iş yeri kimi media sektorunda fəaliyyət göstərənlərə vəsiqə verilməməsini beynəlxalq hüquq standartlarına zidd saymır.

Fərz edək ki, “Media haqqında qanun” günü sabah dəyişdi. Media reyestri ləğv olundu və qanunda təxminən belə bir cümlə yazıldı: “Şəxsin jurnalist fəaliyyəti göstərdiyini təsdiq edən vəsiqələr Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı, Azərbaycan Jurnalistlər Birliyi və özünütənzimləmə qurumu olaraq Mətbuat Şurasının yaratdığı birgə komissiya tərəfindən, jurnalistlərin qurultayında qəbul edilmiş Əsasnaməyə uyğun verilir”. Əsasnaməni qəbul etmək üçün jurnalistlərin qurultayı çağırıldı. “Media haqqında qanun”da əks olunan kriteriyalar olduğu kimi o əsasnaməyə köçürülərsə anti-demokratik olacaqmı? Əgər olacaqsa və ya olmayacaqsa, deməli hüquq standartları baxımından məsələ jurnalist vəsiqəsinin kim tərəfindən verilməsi yox, hansı kriteriyalara əsasən verilməsi və verilərkən jurnalistin ayrıseçkiliyə məruz qalıb-qalmaması ola bilər.

Jurnalist kimi reyestrə daxil olmaq və vəsiqə əldə etmək üçün kriteriyalar “Media haqqında qanun”un 74.2 maddəsində sadalanır. Onların arasında nəzəri baxımdan mübahisə doğura biləcək iki tələb var:

1) Jurnalistika fəaliyyəti üçün ali təhsil şərti;

2) Jurnalistika sahəsində, yaxud bu sahədə elmi-pedoqoji müəssələrdə 3 illik staja malik olmaq şərti.

Bu şərtlərin heç biri vətəndaşların informasiya əldə etmək hüququnu və medianın institutsional müstəqilliyini pozmur. Əksinə, vətəndaşların keyfiyyətli xəbər almaq haqqına xidmət edir və medianın mötəbərliyini və prestijini artırır. Presidentləri Avropa təcrübəsində var.

Nəhayət, yeni qanunda ən çox narazılıq edilən maddə 60.5-ci bənddir. Bu bəndə əsasən onlayn media redaksiyaları hər ay 20 gün ərzində gündəlik azı 20 informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur. Bu tələb vətəndaşların xəbər alma haqqına və müəllif hüquqlarının qorunmasına xidmət etməklə medianı bir institut olaraq gücləndirir. Bu say 5 xəbər az və ya çox ola bilərdi. Amma hüquqi tələb kimi doğrudur və əməkdaşları xəbər hazırlamayan redaksiya KİV statusunda ola bilməz.

Media ilə bağlı yeni qanunun qəbulundan sonra KİV üçün iki əsas məsələ var. Bunlardan birincisi, media sektorunun real vəziyyətini nəzərə alıb KİV üçün vergi güzəştələrinin tətbiq edilməsi, digəri reklam bazarının açılmasıdır. Fəqət Azərbaycanda media reyestri tam gücü ilə işləmədən KİV-ə reklam axınını təmin etmək mümkün olmayacaq. Odur ki, media reyestrinə qarşı çıxanlar bir məsələyə də aydınlıq gətirməlidirlər: onlar nədən KİV-in reklam vəsaitləri hesabına yaşamasını deyil, xarici qrantlardan asılı olmasını istəyirlər?

Taleh ŞAHSUVARLI