Mədəniyyət naziri Salyan, Neftçala və Cəlilabadda müəssisələrə baxış keçirib
Xəbər verdiyimiz kimi, fevralın 17-də mədəniyyət naziri Adil Kərimli Salyan rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbuldan sonra nazir Salyan şəhərində bir sıra mədəniyyət müəssisələrinin – Əliövsət Quliyev adına rayon Mədəniyyət Mərkəzi, Salyan Dövlət Rəsm Qalereyası, Salyan Dövlət Kukla Teatrı və Qulu Əsgərov adına Uşaq İncəsənət Məktəbinin fəaliyyəti ilə tanış olub.
Həmin gün Neftçala rayonunda Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Xanoğlan Məmmədov adına rayon Mədəniyyət Mərkəzi və Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinə baxış keçirilib.
Son olaraq Cəlilabad rayonuna gələn nazir əvvəlcə Heydər Əliyev Mərkəzinə baş çəkib. Daha sonra Cəlilabad Rayon Dövlət Rəsm Qalereyası, Tarix-Diyarşünaslıq Muzeyi və Uşaq İncəsənət Məktəbində olub.
Baxış zamanı müəssisələrdə mövcud olan problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.