“Məclisi-üns”ün fəaliyyətinin bərpasına ziyalıların və ictimaiyyətin reaksiyası
9 sentyabr 2022-ci il tarixində Şuşa şəhərində Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə XIX əsr Azərbaycan söz-sənət irsində məxsusi yeri olmuş “Məclisi-üns” ədəbi məclisinin bərpa edildiyini bildirən ilk toplantısı keçirilib.
“Məclisi-üns” Ədəbi Məclisi fəaliyyətinin bərpası “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 14 mart tarixli 3181 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə təsdiq olunmuş “Xurşidbanu Natəvanın 190 illik yubileyinə dair Tədbirlər Planı”ına əsasən həyata keçirilmişdir.
“Məclisi-üns”ün Azərbaycanın mədəni-ictimai həyatında, müvafiq sahə üzrə tədbirlərin təşkilində, yaradıcı şəxslərin təşkilatlanmasında digər yaradıcılıq ittifaqları kimi öz üzərinə düşən missiya və funksiyaları icra edəcək.
“Məclisi-üns” Ədəbi Məclisin təşkilati-hüquqi statusu digər yaradıcılıq ittifaqları kimi qeyri-hökumət təşkilatı – ictimai birlik kimi müəyyən edilib.
Azərbaycan Respublikasının mədəniyyət naziri
Anar Kərimov:
“…1872-ci ildən Azərbaycan poeziyasının görkəmli siması Xurşidbanu Natəvanın himayəsində fəaliyyətini genişləndirən “Məclisi-üns” o dövrdə Qarabağda və ümumilikdə Azərbaycanda ədəbi mühitinin formalaşması və ədəbi nəsillərin yetişməsində mühüm rol oynayıb.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağ ədəbi məclislərinin bu ənənəsini yaşatmaq və təbliğ etmək üçün “Məclisi-üns” Ədəbi Məclisi ictimai birliyinin yaradılması qərara alınıb.
Birliyin fəaliyyətinin əsas məqsədləri Qarabağın ədəbi və mədəni irsini araşdırmaq, Azərbaycanda və onun hüdudlarından kənarda təbliğatını həyata keçirmək, müasir ədəbi proseslərin və yaradıcı şəxslərin inkişafını dəstəkləmək, Azərbaycanın mədəni irsinin mühafizəsinə, inkişafına və təşviqinə dair tədbirlər təşkil etməkdir. İnanırıq ki, ölkə Prezidentinin müvafiq sərəncamlarının icrası ilə əlaqədar ədəbi-mədəni ənənələr üzərində yaradılan “Məclisi-üns” Ədəbi Məclisi İctimai Birliyi öz fəaliyyəti ilə Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin azad Qarabağa qaytarılması və ədəbi nəsillərin yetişməsi işinə töhfə olacaq…”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı
Anar Rzayev:
“…Qarabağın möcüzəvi təbiətinin insana aşıladığı yaradıcı ruh Şuşada qeyri-adi yaradıcılıq mühiti formalaşdırmışdı. Təsadüfi deyil ki, Qasım bəy Zakir, Baba bəy Şakir, Məhəmməd bəy Aşiq, Natəvan, Nəvvab, Fatma xanım Kəminə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu kimi yazıçı və mütəfəkkirlərimiz Şuşada yetişib yaradıcılığa başlayıblar. Şuşanın necə bir mədəniyyət mərkəzi olmasını, mədəniyyətimizin inkişafına verdiyi töhfələri elə Qarabağ ədəbi məclislərinin fəaliyyəti nümunəsində görə bilərik.”
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri
Qənirə Paşayeva:
“Acınacaqlı haldır ki, Şuşanın ərazisini yox, həm də mədəniyyətini mənimsəmək iddiasında olan mənfur qonşularımız heç bir əsas və fakt olmadan XIX əsrdə Şuşada mədəniyyətin inkişafının belə onlara aid olması təsəvvürünü formalaşdırmağa çalışırlar… Şuşanın onlara heç bir dəxli olmamasına tutarlı cavablardan biri də orada yaranan ədəbiyyat, sənət inciləri, XIX əsrin ədəbi məclisləridir. Dünya, eləcə də Şərq mədəniyyətində ədəbi məclislər xüsusi mədəni təsisat, institut kimi qədim dövrlərdən mövcud olmuşdur. Şərqdə, eləcə də Azərbaycanda onlar, əsasən saraylarda yaradılıb və üzvləri hökmdarların himayəsində olub.”
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik
İsa Həbibbəyli:
“Azərbaycanda ədəbi məclislərin müstəqil fəaliyyəti xanlıqların süqutundan sonra inkişaf etməyə başlayıb. Ədəbi məclislər siyasi hakimiyyət əldən getdikdən sonra mədəni hakimiyyəti ələ alan, mədəniyyətin, maarifin, milli ideologiyanın inkişafına təkan verən mərkəzlər funksiyasını yerinə yetirib. Təəsüf ki, onların mədəniyyət və fikir tariximizdə icra etdiyi rol lazımi səviyyədə araşdırılıb dəyərləndirilməyib… Müstəqillik dövründə ayrı-ayrı ədəbi məclisləri araşdıran alimlərimiz ədəbiyyat tarixini məclis üzvlərinin bədii və pedaqoji fəaliyyətləri haqda yeni məlumatlarlara zənginləşdiriblər. Lakin məclislərin stasus və funksiyası, strateji əhəmiyyəti məsələlərinə aydınlıq gətirmək üçün yeni tədqiqatlara və elmi dəyərləndirmələrə tələbat var. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə fəaliyyəti bərpa olunan “Məclisi-üns”ün əvvəlki məclisdən fərqi və məxsusiliyi ondan ibarətdir ki, türkdilli ölkələrin yazarları da burada təmsil olunur. Gələcəkdə xarici ölkələrin yazarları da “Məclisi-üns”ün üzvü olduqdan sonra onun fəaliyyət diapazonu daha da genişlənəcək və qlobal xarakter alacaqdır.”
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik
Rəfael Hüseynov:
“XIX əsr Şuşa ədəbi məclisləri özünün çoxyönlü funksiyası, ədəbiyyata, mədəniyyətə, maarifə verdiyi töhfələri ilə fərqlənir… “Məclisi-üns” və “Məclisi-fəramuşan” ədəbi məclislərini mədəni təsisat kimi nəzərdən keçirdikdə Qarabağ ədəbi-mədəni mühiti haqda müəyyən təsəvvür formalaşır…”.
Nizami Gəncəvi adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru
Raqub Kərimov:
“Ədəbi məclislər ilk növbədə şeir-sənət məktəbi idi. Burada şeirlər, məsnəvilər yazılır, ədəbi müzakirələr aparılır, şeir normaları öyrədilir, nəzirələrlə ənənələr möhkəmlədilir və gələcək nəsillərə ötürülürdü… Təzkirə və cünglər ədəbiyyat tarixi elmimizin mühüm qaynaqları və sənədləri olduğu üçün Şuşa ədəbi məclisləri elmimizə mühüm töhfələri kimi dəyərləndirilə bilər Şeir, sənət məktəbi kimi şeirşünaslıq elminin qayda və normalarının öyrədilməsi, qorunması ədəbi məclislərin bəlağət və poetika məktəbi kimi də əhəmiyyətini müəyyənləşdirir.”
Azərbaycan Yazıçılar Birliyinin katibi, çair, tərcüməçi
Səlim Babullaoğlu:
“Ədəbi məclislər həm də musiqi məclisi idi. Tarzən Sadıq (Mirzə Əsəd oğlu Sadıq – Sadıqcan), Hacı Hüsü, Məşədi kişi, Kaştazlı Haşım, Molla Abbasqulu, Molla Vəli, Məmməd Qaryağdı, Məşədi Dadaş və başqa xanəndələr ədəbi məclislərdə fəal iştirak edirdilər… Nəsrəddin Qarayev yazır ki, Məşədi İsi, Kaştazlı Haşım, Hacı Hüsü, İslam Abdullayev, Mirzə Muxtar, Malıbəyli Həmid və qeyri xanəndələr həmin məclisin üzvü olmuşlar. Qarabağda muğam, ifaçılıq o qədər inlişaf etmişdi ki, o dövrdə Şuşada Bülbül təxəllüsü daşıyan üç müğənni vardı.”
Azərbaycan Yazıçılar Birliyinin sədr müşaviri, şair-tərcüməçi
Sayman Aruz:
“Hər millətin əldə etdiyi iki ali dəyər vardır. Biri ədəbiyyat, digəri isə dövlətçilikdir. Azərbaycan dövləti və dövlətçiliyi xalqa və ədəbiyyata olan borcunu ödədi və qalib olmaq, müzəffər olmaq kimi sözləri ədəbiyyatımıza qaytardı. Indi vaxtıdır ki, Azərbaycan ədəbiyyatı da öz dövləti və dövlətin ali rəhbərliyinə olan borcunu qaytarsın… Ədəbi məclis üzvlərinin Azərbaycan tarixinin yazılıb yaşamasında da xidmətləri var. Təsadüfi deyil ki, Azərbaycan tarixinə aid ilk sistemli elmi əsər (“Gülüstani-İrəm”) müəllifi “Gülüstan” ədəbi məclisinin rəhbəri Abbasqulu ağa Bakıxanovdur.”
“Məclisi-üns” nə üçün bu qədər əhəmiyyətlidir?
Yeni tipli, üsuli-cədid məktəblərinin əməli fəaliyyəti, dərsliklərin yazılması həm Şuşada, həm də bütövlükdə Azərbaycanın bütün bölgələrində ədəbi məclislərin qabaqcıl təmsilçilərinin iştirakı ilə gerçəkləşirdi. Qarabağda Nəvvab, Qaradaği dərsliklərin tərtibi və yazılmasında fəallıq göstərirdilər. Qaradaği Çerniyayevskiyə “Vətən dili” dərsliyinin yazılmasında yaxından kömək etmişdir.
Milli bayramlarımızın, xüsusən Novruzun təşkili və keçirilməsi işlərinə də mədəni mərkəz kimi ədəbi məclislər başçılıq edib. “Məclisi-üns” üzvü Mirzə Ələsgər Növrəs Novruz bayramlarında “padşah” seçilirdi. Bu mənada, ədəbi məclislər həm də xalqın adət-ənənəsini, etnoqrafiyasını yaşadan bir təsisat idi.
Şairlərimiz təkcə Qarabağda, Azərbaycanda şahidi olduqları hadisələrə yox, qlobal proseslərə də şeirlər həsr edirdilər; Məmo bəy Məmainin ingilislərin Şərqdə müstəmləkəçilik siyasətinin əleyhinə yazdığı şeir kimi.
Bölgələrdəki məclis üzvlərinin məktublaşmaları, görüşüb fikir bölüşmələri aparmaları Azərbaycan ziyalıları arasında mövqe yaxınlığının inkişafına yardım edirdi. Qarabağ ədəbi məclisləri Şamaxı, Naxçıvan ədəbi məclisləri, Qaradağ, Ərdəbil şairləri ilə sıx əlaqə saxlayırdılar.
Qadınların kişilərlə bir məclisdə fəaliyyət göstərməsi Qarabağ ədəbi məclislərinin əsas özünəməxsusluqlarından biri idi. Qeyd etmək lazımdır ki, o vaxt Qarabağ qadınları öz fəallıqları ilə seçilirdilər – həm yaradıcılıqda, həm də xeyriyyəçilikdə. Şairlər Natəvan, Fatma xanım Kəminə, aşıq Pəri ədəbiyyat tarixində fərqli yerə sahibdirlər. Natəvan, Gövhər ağa, Qara Pirimli Nigar, Fatma xanım Kəminə xeriyyəçi kimi də tanınmışdılar. Qadınların xeyriyyəçilik fəaliyyəti özü də müəyyən ənənəyə bağlıdır. Qədim türklərdə qadına yüksək dəyər verilirdi. Xeyriyyəçilik qadınların əsas fəaliyyət sahələrindən biri sayılırdı. Qarabağ xanımları həm birgə fəaliyyət, həm də idarəçilik işləri ilə həmin ənənəyə bağlı idilər.
Şuşa ədəbi məclisləri XIX əsrdə Azərbaycanda mədəni ideologiyaların inkişafında da mühüm rol oynamışdır. İslamçılıq, türkçülük, azərbaycançılıq, müasirləşmə ideologiyalarının mədəni təzahürlərinə aid sənətkarların yaradıcılığından çoxsaylı misallar gətirmək olar.
Bəzən belə fikirlərə rast gəlirik ki, ədəbi məclis üzvlərinin çoxusu zəif şairlər olub. Bu, onların yaradıcılığının bütövlükdə üzə çıxarılıb, çap olunub araşdırılmaması ilə bağlıdır. Məclislərdə aparılan müzakirələr, şeir, sənət tələbləri orada zəif nümunələrin yazılma ehtimalını azaldır. Burada yaşanan ciddi yarışma və rəqabət, şeir, sənət dəyərləndirməsi, ustadların məclisə rəhbərlik etməsi zəiflərin və dözümsüzlərin sona qədər getməsinə imkan verməzdi.
Qarabağ ədəbi mühiti onun təbiəti qədər zəngin və rəngarəngdir. Öyrənilib araşdırılması, təbliği humanitar fikrimizin inkişafına xidmət etməklə bərabər, həm də onu sahiblənmək istəyən yadları, düşmənləri susdurar. Ona görə də hər şeydən öncə insan yaradan bu ədəbi məktəblərin inkişafı hər zaman həm xalq, həm də dövlət olaraq əsas məqsədlərimizdən olmalıdır.
“Məclisi-üns”ün fəaliyyətinin bərpasına həsr olunmuş tədbirdə iştirak edən xarici yazarların müsahibəsi
Qırğızıstanlı gənc şair Nurkız Rıskul-kızı
– Sizin Şuşaya ziyarətinizlə bağlı təəssüratınız necədir?
– Şuşa çox gözəl şəhərdir. Onun təbiəti zəngin və havası çox təmizdir. Azərbaycan xalqı çox vətənpərvərdir.
– Siz bu xarabalıqlarla yaxından tanış olmaqla yanaşı Şuşa şəhərinin yenidən bərpasının şahidi oldunuz.
– Bu çox təsiredici bir hadisədir. Biz bunların şahidi olmuşuq və bu haqda çox eşitmişik. Çox istərdim ki, bütün dünyada sülh, firavanlıq olsun. Sizə uğurlar arzulayıram.
– “Məclisi-üns”ün yenidən bərpası haqqında nə deyə bilərsiniz?
Məclisi-üns çox yaxşı təşkil olunub. Eyni zamanda tədbir çox rəngarəng keçib. Mən tədbirinizi çox bəyəndim və özümü xoşbəxt hiss edirəm ki, bu gün burdayam.
***
Özbəkistanlı gənc şair Nargiz Asatova
– Şuşanı ilk dəfə görürdünüz və burdakı vəziyyət, dağıntılar, şərait, tikililər, yeni quruculuq işləri sizdə hansı təəssürat oyatdı?
– Bilirsinizmi, mən ilk dəfədir ki, gəlirəm Azərbaycana, Qarabağa da həmçinin. Bakıya gəldim, Bakı çox gözəl şəhərdir, mən onun şəkillərini, videolarını görmüşdüm. Canlı olaraq şəhərin gözəlliyini, insanların gözəlliyini öz gözümlə də gördüm. Qarabağa gələndə isə gözlərimdən yaş gəldi. Çünki oradakı xarabalıqlar, viranəliklər, düşmən əsarəti məni çox duyğulandırdı. Düşünürəm ki, dünyada insanlar arasında dostluq lazımdır. Xalqlar arasında dostluq lazımdır. Tədbirdə söz almış şairlər, akademiklər və digər incəsənət xadimləri öz nitqlərində daha çox dostluğa yer vermişlər.
-Siz “Məclisi-üns”də iştirak etdiniz. Ümumiyyətlə ilk dəfə idi Məclisi-üns belə beynəlxalq formatda keçirilirdi. Səsləndirilən şeirləri dinlədiniz və bu şeirlərlə bağlı təəssüratlarınız necədir?
– Şeirlər də çox gözəl idi. Bilirsinizmi bizim Özbəkistanda Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə və Özbəkistan Yazarlar Birliyi ilə sıx əməkdaşlığımız var. Orada vaxtaşırı müşavirələr keçirilir və azərbaycanlı və özbəkistanlı yazarlar da iştirak edirlər. Burada gənc azərbaycanlı şairlərin şeirlərini hər zaman dinləyirəm və indi də dinlədim. Qırğızıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə və Özbəkistan şairlərinin şeirlərini də dinlədim. Bütün şeirlər bir mövzu ətrafında Vətən, gənclik haqqında birləşdi.
***
Özbəkistanlı gənc şair Jumayev Mansur
– İlk dəfədir Şuşadasınız, dağıntılar, xarabalıqlar haqqında təəssüratlarınız necədir?
– İlk dəfədir Şuşadayam, İlk dəfədir Azərbaycandayam. Ürəyimdən keçən sözləri izah edə bilmirəm. Çox həyacanlı olduğum üçün ürəyimdən keçənləri tam ifadə edə bilmirəm. Bu dağları, bu gözəlliyi, bu bağlar yenidən Azərbaycanın tərkibindədir. Və bu gözəl güşədən gözəl hislərlə, şeirlərlə, duyğularla ayrılacağıq.
– “Məclisi-üns”ün yenidən bərpası haqqında nə düşünürsünüz?
– Xürşidbanu Natəvan haqqında, onun yaratdığı “Məclisi-üns” haqqında çox maraqlı məlumatları, nitqləri dinlədik və onun zəngin irsi ilə yaxından tanış olduq.
***
Türkiyəli gənc şair Barış Atabey
– İlk dəfə idi Şuşada idiniz və o xarabalıqları, dağıntıları gördünüz. İlk təəssüratlarınızı istərdim bizimlə bölüşəsiniz.
– Biz ora obyektiv olaraq bütün dünya insanları adına getdik və ordakı xarabalıqları, ordakı yanmış, dağılmış evləri gördük. Onlardan da əlavə dağılmış məscidləri gördük. Ermənilər bu gün İstanbulda, Ankarada, Kayseridə Türkiyənin bir çox yerində öz kilsələrində öz ibadətlərini çox rahatlıqla edə bilirlər. Ancaq burada məscidlərin donuz axurına çevrildiyini gördük. Bunları həmişə öz gözümüzlə gördük və bunu düşündük, azərbaycanlılar bundan 30 il əvvəl buradan getdiyi vaxt evlərini yandırıb getməmişdilər. Amma 2 il əvvəl buradan gedən ermənilər burada daş üstünə daş qoymamışdılar. Onda başa düşdük ki, ermənilərin əslində dünyaya hər yerdə yalan dediyi bəllidir. Qarabağ Azərbaycandır və bu şovinist bir cümlə deyil, həqiqətdir!
– Çox sağ olun. “Məclisi-üns”də iştirak elədiniz və ümumiyyətlə, bu cür məclislərin inkişafını, gələcəyini necə görürsünüz? Gələcəkdə də yenə iştirak etmək istəyərdinizmi? Təəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi?
– “Məclisi-üns” Xurşidbanu Natəvanın da rəhbəri olduğu çox qədim bir qurumdur, bir məktəbdir, bir institutdur. Davam etdirilməsi və həmçinin inkişaf etdirilməsi lazımdır. Mən xoşbəxtəm ki, bu gün türkdilli dövlətlərdən yığışaraq “Məclisi-üns”ü bu il yaratdıq və gələcək illərdə istedadlı şairlərdən, yazarlardan və bütün dünyada insanlardan “Məclisi-üns”ə gələn şəxslər Xurşidbanu Natəvanı, onun Aleksandr Düma ilə olan dostluğunu və Xurşidbanu Natəvanın yetişdirdiyi böyük şairlərimizi tanıya bilərlər, o ruhu yaşada bilərlər.
***
Qırğızıstanlı gənc şair Berdibek Jamqırçiyev
– Şuşa ilə bağlı təəssüratınız necədir?
– Xöşbəxtlikdən mən bu gün Şuşadayam. Əslində biz Azərbaycan və Şusa haqqında cox eşitmişik. Mən ilk dəfədirki Şuşadayam və onun gözəlliyini görürəm. Şuşa məni cox təəcübləndirdi və məndə belə bir fikir formalaşdırdı, sanki biz hamımız qohumlarıq və eyni atanın evladlarıyıq. Biz hamımız türkük və bü gün burda mən bunu hiss edirəm.
– “Məclisi-üns”ün yenidən bərpası haqqında düşüncələriniz?
– “Məclisi-üns”ün yenidən bərpa olunması çox valeh edicidir. Biz burda Azərbaycanlı və digər türk ölkələrinin yazıçı və şairləri ilə tanış olduq, onların çıxışlarını dinlədik. Əlbəttə ki mən burda olduğum müddətdə Şuşa haqqında şeirlər yazdım. Qarabağda yaşayan bacı-qardaşlarımızın ağrılı acılı günləri haqqında fikirlərimi qələmə aldım. Bu arada Şuşa Qırğızısıstanın dağlıq ərazilərinə bənzəyir və məndə elə bir istək yaranıb ki, həmişə bura gəlmək, burda qonaq olmaq və dincəlmək istəyirəm. Ən əsasda Şuşa, Azərbaycan və onun gözəlliyi, burada yaşayan insanlar haqqında öz fikirlərimi, şeirlərimi yazmaq istəyirəm.
Müəllif:
Azərbaycan Yazıçılar Birliyinin sədr müşaviri, şair-tərcüməçi
Sayman Aruz