08 Sentyabr 2024

Laçın sərhəd-buraxılış məntəqəsinin siyasi əhəmiyyəti

Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi. Zəfərdən sonrakı dövründə isə dünya regionda yaranan yeni tarixi mərhələyə şahidlik etdi. İşğaldan azad edilmiş vətən torpaqlarında sürətli bərpa-quruculuq prosesinə start verildi. Minalarla çirklənmiş ərazilərin təmizlənməsinə, erməni vandalizminin qurbanına çevrilmiş tarixi-mədəni abidələrimizin, müqəddəs yerlərimizin əvvəlki görkəminə qovuşması üçün yeni layihələr hazırlandı. Böyük qayıdış konsepsiyası qəbul edilərək, bu istiqamətdə bütün zəruri sosial-infrastruktur sahələrinin yaradılmasına başlanıldı. Bu məqsədlə yeni yollar çəkilir, ağıllı kənd və şəhərlər salınır, məktəblər, xəstəxanalar tikilir, elektrik stansiyaları qurulur, kommunikasiya xətləri çəkilir. Bir sözlə, regionun tez bir zamanda dirçəlməsi və inkişafı üçün nə gərəklidirsə edilir. Çox təəssüflər olsun ki, qazanılmış hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni reallıqlarla barışmayan Ermənistan və onu himayə edənlər hələ də müəyyən illüziyalara qapılaraq ölkəmizə qarşı ərazi iddialarından əl çəkmir, yeni revanşist iddialarla çıxış edirlər. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata etinasız yanaşmaqla, icrası zəruri müddəaları kobud şəkildə pozmağa davam edirlər. Bunlardan ən başlıcası isə razılaşdırılmış və qəbul edilmiş öhdəliklərdən sui-istifadə edərək humanitar məqsədli “Laçın” dəhlizindən öz çirkin hərbi-siyasi məqsədləri üçün istifadə etdilər. Eyni zamanda, Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz silahlı birləşmələrin çıxarılması tələbini icra etmədilər. Üstəlik, təbii sərvətlərimizin talan edilərək “Laçın” dəhlizi vasitəsilə Ermənistana daşınmasını davam etdirdilər.

Azərbaycan dövləti haqlı olaraq daha ciddi tədbirlər görməsini zəruri bilərək öz siyasi iradəsini göstərdi. Belə ki, 23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü tam təmin olundu. Beləliklə, xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi.

Bu gün Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən mənfur qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Bu cür yanaşmaqla əslində onlar Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətə fərqli don geyindirməyə çalışırlar. Eyni zamanda, Azərbaycan Dövlət Gömrük Komitəsi də Həkəri çayı üzərindəki Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsində öz fəaliyyətinə başlamışdır. Gömrükçülərimiz yüksək intizam və nəzakətlə öz xidməti vəzifələrini icra edirlər.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini