22 Dekabr 2024

Laçın Şəhəri Günü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər.

Həkəri çayının sahilində, Bulvar ərazisində Uşaq İncəsənət Festivalının yay düşərgəsində finala çıxmış şagirdlərin rəssamlıq, dekorativ-tətbiqi sənət və digər istiqamətlər üzrə əsərlərinin təqdimatları olub. Burada, həmçinin Laçın mətbəxindən nümunələr təqdim edilib, “Hünər meydanı”nda zorxana, pəhləvanlar və kəndirbazların çıxışları olub, qiraətçilər laçınlı şairlərin şeirlərini səsləndiriblər.

Dövlətimizin başçısı tədbirdə çıxış edərək qeyd etdi ki, bu gün biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq. Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq. Çünki biz qurub-yaradan xalqıq. Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik. Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb. Azad edilmiş ərazilərə hər gələn insan öz gözləri ilə erməni vəhşiliyinin təzahürlərini görür. Əgər bu torpaq onlara məxsus idisə, nə üçün şəhərlər, kəndlər viran qoyulub, nə üçün bütün tarixi abidələr dağıdılıb? Onlar da bilirdilər ki, gec-tez biz gələcəyik, biz də bilirdik ki, gec-tez biz gələcəyik. İşğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərdə mən deyirdim ki, gün gələcək biz öz bayrağımızı Laçında, Şuşada, o vaxt işğal olunan digər şəhərlərdə qaldıracağıq.Biz bərpa işlərinə keçən ilin oktyabr ayında başlamışdıq, artıq bu gün biz Laçında qonaqları qəbul edirik. Azərbaycanın müxtəlif yerlərindən qonaqlar gəlib, xarici ölkələri təmsil edən diplomatlar gəlib. Bu, bir daha göstərir ki, xalqımız öz doğma torpağında qurub-yaradan xalqdır.

Tədbir konsert proqramı ilə davam edib.

Konsertdən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbir iştirakçıları ilə söhbət etdilər.

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı