22 Noyabr 2024

Laçın dəhlizində postlar qurulacaq – Bakı əsas “kozır”dan vaz keçməyəcək!

Zəngəzur yolu açılmasa, Laçın koridoru da bağlanacaq; rusiyalı politoloq: “Moskva məsələni uzadarsa, cənub sərhədlərində real müharibəni görəcək…”

Nikol Paşinyanın 10 noyabr kapitulyasiya aktına Ermənistan adından imza atmasından bir il ötdü. Bu müddətdə yeni müharibə olmasa da, sənədin iki əsas bəndi (4 və 9) İrəvan və Moskvanın günahı üzündən hələ də yerinə yetirilməmiş qalır.

“Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir”. Kapitulyasiya aktının 4-cü bəndində belə yazılıb. Diqqət: “erməni silahlı qüvvələri” deyəndə həm Qarabağdakı separatçı silahlı dəstələr, həm də Ermənistan ordusunun qalıqları nəzərdə tutulur, təkcə işğalçı ordu yox. Yəni bu, ümumi ifadə olaraq çox mühüm məqamdır. Qısası, ərazimizdən separatçı erməni silahlıları da, gəlmə erməni hərbçiləri də çoxdan çıxarılmalı idi. 

9-cu bəndə isə Zəngəzur dəhlizindən danışılır ki, o da indiyədək reallaşmamış qalır. Halbuki Azərbaycan öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Söhbət xüsusən də Qarabağda qalan bir ovuc erməni üçün həyati əhəmiyyət daşıyan və bu günədək açıq olan Laçın koridoru ilə bağlı öhdəlikdən gedir.

Ancaq sənəd bütün bəndləri bir-biri ilə bağlı olduğu üçün aydındır ki, Bakı uzun müddət qarşılığı olmadan, o cümlədən Zəngəzur dəhlizi açılmadan birtərəfli qaydada Laçın dəhlizinin işlək qalmasına razı ola bilməz. Daha dəqiqi, Zəngəzur dəhlizi açılmayacaqsa, Laçın dəhlizi də bağlanacaq. Ona görə ki, Azərbaycan belə bir koridorun yaradılmasına 5 illiyə, müvəqqəti razılıq verib və onun üzərində suverenliyini heç kimə, o cümlədən Rusiyaya peşkəş eləməyib. Zəngəzur dəhlizi ilə bağlı isə sənəddə müddət göstərilmir – bu, daimi dəhliz olacaq. Odur ki, ermənilər şadlıqlarına şitlik etmələrinin bədəlinin onlar üçün çox ağır olacağına şəkk eləməməlidirlər… 

*****

Qriqori Trofimçuk: Türkiyə güclənməyib, Rusiya zəifləyib

Qriqori Trofimçuk

Əcnəbi analitiklər də bu xüsusda Ermənistanı xəbərdar edirlər. Məsələn, xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə tanınmış rusiyalı ekspert Qriqori Trofimçuka görə, Azərbaycanın sülhsevərliyinə baxmayaraq, Bakı nəzəri baxımdan Ermənistanla sülh müqaviləsini elə İrəvanın qapılarında imzalaya bilər: “Amma o zaman tamam başqa bir müqavilə olacaq”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, Axar-az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan bir ildir öz tərəfindən ən müxtəlif sahələrdə yeni yollar çəkməklə, hava limanları da daxil olmaqla, mürəkkəb infrastrukturların tikintisinə başlamaqla çox böyük işlər görür. “Bu bir il ərzində Bakı Zəngəzur dəhlizi məsələsini qaldırıb, hansı ki, sözügedən infrastrukturun mühüm bir hissəsidir və mütləq şəkildə qurulmalıdır. Amma bu məsələ hələ də həll edilməyib, çünki Ermənistan tərəfi üçün formal maneə törədən həmin o bəyanatın mətnidir ki, onlar onu öz bildiyi kimi oxuyurlar. Əgər Moskva orada nəyin yazıldığını aydınlaşdırmasa, yaxın perspektivdə hər şeydə günahkar ola bilər. Nəhayət, Bakının əlində Laçın dəhlizi var. Əgər hər şey hələ bir il də yerində durarsa, Bakının o qədər də gizli olmayan işarəsi reallaşacaq”, – deyə politoloq xəbərdarlıq edib.

Fikrinə davam edən Trofimçuk bildirib: “Azərbaycan tərəfi mütəmadi şəkildə xatırladır ki, 10 noyabr 2020-ci il razılaşmasının vaxtı sürətlə bitir. Ermənistan isə gözlənilən tərzdə hərəkət edir. Paşinyan hesab edir ki, Ermənistanın məğlubiyyətindən sonra o, Moskvanın tam müdafiəsi altındadır. Ancaq Rusiya bütün məsələləri formal olaraq uzatmaq yolu ilə getsə, onda o, cənub sərhədlərində ”hibrid” statusda olan Donbasda belə olmayan real müharibəni görəcək. Odur ki, Moskvanın regional nəqliyyat yolları məsələsində öz mövqeyi olmalıdır ki, İrəvanla Bakı sənədin mətnində “Zəngəzur dəhlizi”nin olub-olmaması ilə bağlı mübahisə etməsin”.

*****

Mikayıl Cabbarov: “Zəngəzur dəhlizi layihəsi sürətlə həyata keçirilir” »  Reyting.az

Mikayıl Cabbarov

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov isə srağagün İstanbulda keçirilən Türk Şurasının İqtisadi Zirvəsində çıxışında Zəngəzur dəhlizi layihəsinin sürətlə həyata keçirildiyini söyləyib.

“Hazırda işğal edilmiş ərazilərimizdə sürətli bərpa və quruculuq işləri aparılır. Bölgədə ticarət, tranzit və logistika imkanlarının genişləndirilməsinə töhfəsini verəcək, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin sürətlə həyata keçirilməsini qeyd etmək istəyirəm. İnanıram ki, bu layihə ölkələrimiz arasında qarşılıqlı ticarətə, sərmayə axınına müsbət təsir göstərəcək”, – nazir bildirib

Əlbəttə ki, Mikayıl Cabbarov işin içində olan, məlumatlı şəxsdir. Onun bu sitatı rəsmi Bakının məsələdə nə dərəcədə prinsipial olduğunu bir daha təsdiqləyir və İrəvana özünü, nəhayət, konstruktiv aparması üçün növbəti xəbərdarlıq siqnalı sayılmalıdır. 

*****

“Düşünmürəm ki, bu mövzunun hallanması (Zəngəzur dəhlizi – red.) Rusiyaya və ya İrana sərfəlidir. Bakının əlində çox ciddi ”kozur” var və ondan şübhəsiz ki, istifadə edəcək. Söhbət Sünikdən (Qərbi Zəngəzurdan – red.) nəqliyyatın açılması ilə bağlı məsələnin yubanacağı halda Bakının Laçında özünün sərhəd və gömrük nəzarətini təşkil etmək niyyətindən gedir. Burada da mürəkkəb uzlaşma prosesi qarşıdadır. Bütün bunlar isə Ermənistan rəhbərliyinin qabiliyyətsizliyi fonunda şəraitində baş verir”.

Bu sözləri rusiyalı politoloq Andrey Araşov News.am erməni saytlına deyib.

Öz növbəsində Moskvadakı Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin direktoru, hərbi ekspert Ruslan Puxov hesab edir ki, Zəngəzur dəhlizi məsələsi Ermənistanın Azərbaycana azsaylı təzyiq vasitələrindən biridir və ona görə İrəvan bu məsələdən maksimum yararlanmağa çalışır.

Zəngəzur dəhlizi: Azərbaycan və Ermənistan kommunikasiyaların bərpasında  niyə razılığa gələ bilmirlər? - BBC News Azərbaycanca

Belədirsə, bu Ermənistana yeni böyük təhlükə vəd edən bir davranışdır. Səbəbini yuxarıda qeyd elədik. Bakı regionda artıq heç bir söz sahibliyi olmayan İrəvanın nazı ilə çox oynamaq niyyətində deyil və ona imza atdığı sənəddə nələrin olduğunu istənilən an əyani göstərə bilər.    

Yeri gəlmişkən, 10 noyabr üçtərəfli sazişin guya sülh sənədi olmadığını, yalnız müharibəni dayandırdığını deyən Nikol Paşinyan bu bəyanatı icra etməməklə bağlı sualı belə cavablandırıb: “Biz bu sənədi cırıb ata bilərik. Ancaq bunun nəticələrini düşünmək lazımdır. Sənəddən imtina etmək üçün yol varmı? Mən belə bir yol görmürəm və bu haqda təklif də eşitməmişəm”.

Eşitməyəsəksiz də. Çünki alternativ yol Ermənistanın özünə qəsdi demək olardı…

Siyasət şöbəsi,
“Yeni Müsavat”