Kür çayında vəziyyət kritik həddə çatıb
Mingəçevir su anbarının səviyyəsi də 15-17 metr aşağı düşüb ki, bu da yalnız 1962-ci ildəki səviyyə ilə müqayisə oluna bilər
Bir vaxtlar Dəli Kür adı ilə tanınan Azərbaycanın ən böyük çayı indi öz məcrasından da xeyli geri çəkilib. Məlumata görə, Kürdə suyun səviyyəsi minimum həddən 60-70 santimetr aşağı düşdüyündən vəziyyət kritik həddə çatıb. Xüsusən çayın Salyan və Neftçala rayonlarının ərazisindən keçən hissəsində quruma hiss olunur. Qeyd olunur ki, bu səbəbdən hazırda həmin rayonların Kür çayı boyunca yerləşən kəndlərində ciddi içməli su problemi yaşanır. Ehtimal olunur ki, yaxın vaxtlarda əkin sahələrində yaz suvarmasına başlanıldıqdan sonra problemin miqyası daha da böyüyəcək.
Ötən həftə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev son bir neçə il ərzində Kürün suyunun 20-25 faiz azaldığını təsdiqləyib: “Kür çayında suyun azalması birinci növbədə iqlim dəyişmələrinin təsiri nəticəsində baş verir. Çayın çoxillik rejimində azalma müşahidə olunur. Temperaturun, buxarlanmanın artması, yağıntının azalması Kür çayı və onun qollarında sululuğun son 30 ildə 10-15 faiz, son bir neçə ildə isə 20-25 faiz azalmasına səbəb olub. Biz Kürdə və onun qollarında son illərdə su qıtlığı hiss edirik. Bundan başqa, Kürdə suyun azalması həm də mövsümi tərəddüdlə bağlıdır. Qış mövsümü adətən azsulu dövr olduğundan qışda su aşağı olur, buna eyni zamanda iqlim dəyişmələrinin təsirini də əlavə eləsək, suda ümumi azalma müşahidə olunur. Kürdə suyun sürəti aşağı olduğundan orada axın da güclü olmur”.
“Azərbaycanda su qıtlığı hiss olunur və bu, get-gedə daha da artacaq”. Bu fikirləri isə AMEA-nın vitse-prezidenti İradə Hüseynova deyib. Vitse-prezident vurğulayıb ki, su qıtlığı biomüxtəlifliyin qorunmasına öz mənfi təsirini göstərir: “Hər il artan səhralaşma böyük narahatlıq doğurur. Bunun üçün müvafiq tədbirlər həyata keçirilir. Aidiyyəti qurumlar su qıtlığı ilə mübarizədə qüvvələrini birləşdirməli, Azərbaycan təbiətinin biomüxtəlifliyinin qorunması üçün çalışmalıdır”.
Rafiq Verdiyev
Kürdə suyun səviyyəsinin aşağı düşməsi hansı problemlərə səbəb ola bilər və bu problem necə həll olunmalıdır?
Ekoloq, Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev dedi ki, hazırda Azərbaycan ərazisində təhlükə yalnız Kür çayının quruması ilə bağlı deyil: “Hazırda Bakı şəhərinin müəyyən hissəsini içməli su ilə təmin edən Ceyranbatan su anbarında da səviyyə aşağı düşüb. Bu problem xeyli əvvəl yaranıb. Dəfələrlə bu barədə çıxışlar olub, təkliflər olub. Ceyranbatan suyu əsasən taxta körpüdən durulaşdırılıb gəlir, orada da su tam dolmayıb. Səbəb də çoxdur. Biri də odur ki, vaxtilə Samur çayının 75 faizi bizə axırdı, 25 faizi Rusiyaya. Bir neçə il bundan qabaq yarı-yarıya bölündü. Amma hazırda Samur çayı da demək olar ki, quruyub. Ümumiyyətlə, bütün içməli su ilə təmin edən açıq su hövzələrində problem yaşanır”.
Ekspert əlavə edib ki, Kür çayı 60-70 faiz öz ərazimizdən qidalanır: “Baxmayaraq ki, Azərbaycanın əksər çayları tranzitdir, yəni bir hissəsi kənar ərazidən qidalanır. Digər bir tərəfdən də Kür çayının mənbəyi Türkiyədən başlayır, orada da türklər Gürcüstanla sövdələşmə ilə iki su anbarı tikiblər, Kür çayının suyunu xeyli götürürlər. Bildiyim qədər suyun müəyyən hissəsi Qara dənizə də axıdılır. Biz də xeyli su anbarları tikmişik. Həm Kür, həm Arazdan olan su anbarlarının ümumi həcmi 30-34 milyard kub metrə bərabərdir. Ən çox Mingəçevirdə toplanır, 16 milyard. Mingəçevir su anbarının səviyyəsi də 15-17 metr aşağı düşüb. Aşağı düşmə səviyyəsi yalnız 1962-ci ildəki səviyyə ilə müqayisə oluna bilər, kritik vəziyyətdir. Bilirsiniz də, Araz çayının xeyli hissəsi Ermənistanla qidalanır, o da tranzit çaydır. Ermənistanda da artıq söhbət gedir ki, Göyçə gölü quruduğuna görə o suyun bir hissəsi əvvəlki Varatan çayı qovşağı ilə ora ötürüləcək”.
Ənvər Əliyev
Ə.Əliyevin sözlərinə görə, problemli məsələlərdən biri Azərbaycanda suvarma sistemlərinin köhnə olmasıdır: “Su bitkilərdən çox ətrafa məsrəf olunur və bu da xeyli ərazisinin şoranlaşmasına da səbəb olur. Kür-Araz ovalığının böyük hissəsi dövriyyədən çıxıb, yararlı deyil, səbəb qeyri-mədəni suvarma sistemləridir. Yeri gəlmişkən, Azərbaycanda suvarma sistemləri min il əvvəlki səviyyədədir. Çünki həmin qayda ilə suyu açıb buraxırlar, bitkiyə müəyyən qədər xeyir versələr də, amma torpağı sıradan çıxarır və şoranlaşma baş verir. Mən təklif edirdim ki, bütün kanallar betonlaşdırılsın. Bütün kollektorlar təmizlənməlidir. Hətta imkan olsa, kollektor suları təmizləyib yenidən dövriyyəyə buraxmaq olar. Elə sahələr var ki, ora icarəyə götürülmüş torpaqlardır və çoxillik bitkilər əkin altındadır, onlar da bütövlükdə suvarılır. Misal üçün, yemiş, qarpız, balqabaq fərdi qaydada suvarılmalıdır. Müəyyən bitkilərə sular betonla örtülü hissələrə yığılır, o sular sonradan yavaş-yavaş plastik borularla yemiş, qarpız, alça, alma kimi bitkilər olan sahəyə gətirilir. Misal üçün, yemiş üçün, 1 diametr ərazidə torpaq yaxşı emal olunur, müəyyən gübrələr vurulur və orada əkilir. O bitki ancaq oradan qidalanır. Sonra da indikatorlar qoyulur ki, torpaq lazım olan nəmlikdə olsun, su ora damcılayır, su avtomatik şəkildə indikatorun səsi ilə kəsilir. Burada hər damcının söhbəti gedir. Götürək, taxıl bitkilərini. Taxıl birillik bitkidir. Kökləri maksimum 5-7 santimetrdən aşağı getmir. Bunu selləmə üsulu ilə 2-3 saat suvarırsan, su torpağa hoparaq şoranlaşdırır. Burada da mütləq çiləmə üsulu ilə suvarmaq lazımdır. Yenə də təkrar edirəm, oradakı bütün qurğular hamısı betonlaşdırılmalıdır”.
Ekoloq onu da bildirib ki, azad olunmuş ərazilərdə ən çox taxıl əkilməsi də ən vacib problemlərdən biridir: “Taxıl da bu aylarda ən çox suya ehtiyacı olan bitkidir. Azərbaycanda isə yazın axırı-yayın əvvəlindən dağlarda qar əriyəndən sonra çox sululuq olur. Bəzən bu gün taxılı suvarırsan, sabah güclü bir küləklə torpaq qupquru olur. Nəticədə də su da getdi, taxıl da itirdi. Ümumiyyətlə, mən Azərbaycanın azad olunmuş torpaqlarında taxıl bitkilərinin çox əkilməsinin tərəfdarı deyiləm. Ora güclü üzümçülük sahəsidir. Təkcə Füzuli rayonu Ermənistan qədər 3 min tondan artıq üzüm verməli idi. O vaxt 4 rayon – Şamaxı, Ağsu, Cəlilabad və Füzuli 1.2 milyon üzüm verirdi. Üzüm bitkisi bu aylarda suyu az məsrəf edir. Ümumiyyətlə, suvarma lazım deyil. Bizdə pambıq da ən çox suvarılan bitkilərdir, bu aylarda suvarma ilə bağlı problem yaradır. Azad olunmuş ərazilərdə də problemlər var, biz oraların bütün yamaclarını öyrənmişik, xəritəsi də tərtib olunub. Xüsusilə çox kəskin yamaclarda terraslar yaratmaq, suya tələbatı olmayan, amma dünya bazarında və daxili bazarda yüksək qiymətə satılan badam, püstə, innab əkilməlidir, nəinki şam ağacları. Azərbaycanın artıq taxılçılıqdan üzümçülüyə keçmək vaxtıdır. Hazırda məmurların çoxu azad olunmuş torpaqlarda əhali olmaya-olmaya çoxlu taxıl əkirlər, subsidiya götürürlər. Təsəvvür edin ki, Cəbrayıl rayonunda 46 min hektar əkinə yararlı torpaq sahəsi var, hamısı əkilib. Kim əkib? Hələ bir adam da ora köçməyib ki, bilək kim əkib bunları?! Bu cür problemlərimiz var. Bu problemləri yavaş-yavaş aradan qaldırmağın vaxtıdır.
Mingəçevir və ondan əvvəlki su anbarlarına suyun toplanması problem yaradır. Artıq Kür-Araz ovalığında suyu suvarmaya yox, enerjiyə də xərcləyirik. Mən istərdim ki, günəş enerjisindən istifadə edək və ona sərf olunan suyu da Kürə yönləndirək ki, Kür qurumasın. Kürün quruması təkcə çayın quruması deyil, milyon illər ərzində yaranan bir çay indi ömrünü başa vurur. Halbuki vaxtilə Kür bu vaxtlar ən daşqın çay idi”.
Afaq MİRAYİQ