22 Dekabr 2024

Kreml Ermənistana “xilas qapısı”nı göstərdi: Rusiya üçün Türkiyənin önəmi niyə artır

Yeni regional və beynəlxalq reallıqlar Kremli Türkiyə ilə strateji tərəfdaşlıq cəhdlərinə sövq edir; Rusiya və Türkiyənin uzlaşan maraqları Cənubi Qafqazda səbrsizliklə ABŞ və Qərbin yolunu gözləyən Ermənistanı “geopolitik labirintə” sala bilər…

Cənubi Qafqazda yaranmış yeni situasiya öz real təsirlərini göstərməyə başlayıb. Artıq geopolitik proseslər tamamilə fərqli şərtlər üzrə cərəyan edir. Və həm region ölkələri, həm də bu bölgədə maraqları olan dövlətlər mövcud reallıqları mütləq nəzərə almaq məcburiyyətindədirlər.

Cənubi Qafqaz üçün ən ciddi yeni reallıq Türkiyənin bu regiona əsaslı şəkildə yerləşməsidir. İndi bu faktor Azərbaycan və Türkiyənin regional rəqibləri üçün “qorxulu yuxu” təsiri bağışlayır.

Məsələn, hələ cəmisi bir neçə ay əvvələ qədər Ermənistanda Cənubi Qafqazda Türkiyənin varlığını təsəvvür belə, edə bilmirdilər. Rəsmi İrəvan Türkiyənin adı gələndə “daş atıb, başını tuturdu”. Və rəsmi Ankaranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə yaxın buraxılmasının mümkün olmadığını sübut etməyə çalışırdı.

Ancaq rəsmi İrəvan heç nə sübut edə bilmədi, Türkiyənin münaqişənin nizamlanması prosesində iştirakı mümkün oldu. Geopolitik situasiya da indi ciddi şəkildə dəyişib. Ermənistanın mövqeyi isə hazırda heç kimi qətiyyən maraqlandırmır.

Əksinə, indi Ermənistanın özündən belə, böyük və daha önəmli maraqlar ön plana keçib. Bu maraqların fonunda Ermənistan bir dövlət kimi, hətta gözəgörünməz vəziyyətə düşüb. Və bu, yaxın gələcəyin Cənubi Qafqaz reallığıdır.

Maraqlıdır ki, əsrlər boyu bu regiona öz “həyətyanı sahə”si kimi yanaşan Rusiya da Türkiyənin Cənubi Qafqaz regionundakı varlığı ilə tamamilə barışıb. Üstəlik, Kremlin Cənubi Qafqazda Türkiyə faktorundan məmnun olduğu da müşahidə olunur. Yəni, müəyyən mənada, Rusiyanın Türkiyənin regiona təməlli yerləşməsində maraqlı olduğunu düşünmək üçün əsaslar olmamış deyil.

Əslində, regionda belə regional güc paylaşımının qaçılmaz olduğunu Rusiya prezidenti Vladimir Putin də vurğulamışdı. O, bildirmişdi ki, Azərbaycanın strateji müttəfiqi olan Türkiyənin Cənubi Qafqazda mövcudluğu yeni geopolitik şərtlərdən qaynaqlanır. Və artıq bu reallıqla hesablaşmaq lazımdır.

İndi bu önəmli reallığı Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də xüsusi olaraq, vurğulayıb: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Türkiyə ilə müzakirə edilməlidir. Regionun reallığı belədir”.

Maraqlıdır ki, D.Medvedev Rusiyanın Türkiyəyə olan münasibətini də müəyyən mənada, dəqiqləşdirib. Eləcə də, rəsmi Ankaranın Cənubi Qafqazda regional siyasi iradə sahibinə çevrilməsində xüsusi rol oynayan bəzi məqamlara da toxunub: “Türkiyə bizim qonşumuz və çox vacib tərəfdaşımızdır. Azərbaycan üçün çox yaxın ölkədir. Bu faktı nəzərə almamaq mümkün deyil”.

Göründüyü kimi, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Türkiyənin Kreml üçün önəmini qabarıq şəkildə vurğulamağı lazım bilib. Buradan belə anlaşılır ki, Kreml üçün rəsmi Ankara həm regional, həm də beynəlxalq səviyyədə gələcəyə yönəlik əvəzolunmaz tərəfdaşa çevrilməyə başlayıb.

Böyük ehtimalla Kremldə yaxın gələcəyin yeni düzənini artıq proqnozlaşdırmağa başlayıblar. Həmin proqnozlarda Türkiyənin xüsusi yer tutduğu isə qətiyyən diqqətdən yayınmır.

Əslində, Rusiyanın yeni Türkiyə siyasəti daha çox proqmatik mülahizələrdən qaynaqlanır. Belə ki, Rusiyanın beynəlxalq siyasət məkanında kifayət qədər ciddi problemlərinin olduğu inkaredilməz reallıqdır. Üstəlik, həmin problemlərin yaxın gələcəkdə daha da dərinləşə biləcəyi qətiyyən istisna deyil. Və bu, Kremli etibarlı müttəfiq axtarışına sövq edir.

Maraqlıdır ki, Rusiya üçün indiki situasiyada Türkiyə ən cəlbedici etibarlı tərəfdaş təsiri bağışlayır. Belə ki, rəsmi Ankara xarici siyasətdə vədlərinə sadiq qalması ilə Rusiyanın etibarını qazana bilib.

Eyni zamanda, hazırda həm regional, həm də beynəlxalq məkanda Rusiya və Türkiyənin maraqlarının uzlaşması üçün münbit şərait mövcuddur. Və hər iki dövlət bu şəraitdən faydalanmaq niyyətlərini qətiyyən gizlətmirlər.

Məsələ ondadır ki, həm Kremldə, həm də Ankarada yeni dünya düzəninin təzyiq yarada biləcək bəzi şərtlərinə ortaq müqavimət göstərməyin mümkünlüyünə inanırlar. Belə olacağı təqdirdə, ABŞ və Qərbin yeni hegemonluq manevrləri qarşısında daha israrla duruş gətirmək şansı yarana bilər. Hətta bu halda, qarşı tərəfin müəyyən mənada, əlverişsiz ssenarilərlə üzləşdirilməsi də istisna deyil.

Təbii ki, Rusiya və Türkiyənin uzlaşan maraqları Cənubi Qafqazda ən çox Ermənistanı “geopolitik labirintə” sala bilər. Çünki rəsmi İrəvan hələ də ABŞ və Qərbdən dəstək gözləsə də, həm Rusiya, həm də Türkiyə hazırda birbaşa Cənubi Qafqazda geopolitik oyunçu statusuna sahibdir.

ABŞ və Qərbin belə bir statusunun olub-olmayacağı isə hələlik müəyyən suallar doğurur. Hətta belə bir status qazanılacağı təqdirdə belə, bunun baş verməsi Rusiya və Türkiyənin razılığına bağlıdır.

Burada ən önəmli məqam ondan ibarətdir ki, ABŞ və Qərbin Cənubi Qafqazda əsas manevr alətlərindən biri məhz ATƏT-in Minsk Qrupu idi. 44 günlük savaşda Azərbaycanın qələbəsi Minsk Qrupunun mövcudluğunu formal faktora çevirib. İndi ABŞ və Qərb daha təsirli, yeni manevr aləti icad etmək məcburiyyətində qalıb.

Halbuki, yeni alətin icad edilməsi üçün qaynaq rolunu oynaya biləcək əsas geopolitik və geoiqtisadi faktorlar da Azərbaycan-Türkiyə ittifaqının və Rusiyanın istismarı altındadır. Və bu faktorlardan yan keçərək, fərqli, alternativ geopolitik ssenarilər düşünməyin mümkünlüyü o qədər də inandırıcı görünmür.

Təbii ki, məhz bütün bunlar Rusiyanın Cənubi Qafqazda Türkiyə faktorundan məmnun olmasının əsas səbəblərini müəyyən etməyə imkan verir. Üstəlik, bu məqam Rusiyanın Ermənistan ilə strateji müttəfiqliyini də zədələyir. Çünki Türkiyə faktoru Kreml üçün Ermənistandan daha önəmlidir. Və bu reallıq rəsmi İrəvanı ümumiyyətlə, çarəsiz duruma salır.

Maraqlıdır ki, Ermənistanda bu əlverişsiz situasiyanın vəd etdiyi təhlükəni anlayanlar hər halda, olmamış deyil. Erməni türkoloq Ruben Melkonyan Ermənistanı küncə sıxışdıran situasiyanı daha realist yanaşma ilə izah edib: “Türkiyə əvvəllər bölgədə heç vaxt indiki qədər böyük təsir imkanlarına sahib olmamışdı. Minsk Qrupundakı həmsədr ölkələr nə qədər böyük dövlətlər olsalar da, hərbi əməliyyatlar dayandırılandan sonra Türkiyə özü üçün əlverişli bir mövqe qazana bildi. Bundan sonra nə olursa-olsun, Türkiyə artıq burada özünə müəyyən bir rol qazanıb”.

Erməni türkoloqun fikrincə, Türkiyə de-yure olmasa da, faktiki olaraq, bölgədə bir statusa sahibdir: “Son proseslərdən sonra Türkiyə regionda həm də leqallaşmış mövqe qazanıb. Türkiyə bölgəmizdə daha bir addım ataraq, burada hərbi varlığını da təmin edib”.

Göründüyü kimi, erməni türkoloq Ermənistan üçün ən önəmli reallığı çox sadə şəkildə təsvir etməyi bacarıb. İndi rəsmi İrəvan üçün bu reallıqdan doğru nəticələrin çıxarılması Ermənistanın gələcək taleyində həlledici səviyyədə ciddi rol oynaya bilər. Ən xırda səhvlərin isə Ermənistanı faciəvi sonluğa sürükləyə biləcəyi isə qətiyyən şübhə doğurmur.

Təbii ki, belə situasiyada Ermənistanın elə də geniş seçim variantları yoxdur. Çünki, rəsmi İrəvanın strateji müttəfiqi olan Rusiya Ermənistana görə öz milli maraqlarını təhlükəyə atmaq niyyətində deyil. Kreml Ermənistandan daha çox Türkiyə ilə əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə düşünür. Üstəlik, bu hədəfini müxtəlif vasitələrlə hər kəsin diqqətinə çatdırmağı da unutmur.

Belə anlaşılır ki, Kreml həm də Ermənistana gələcək prioritetlərin seçilməsində əsas hədəf faktorların dəqiqləşdirilməsi baxımından, dolayısı ilə yardım göstərmiş olur. Sadəcə, rəsmi İrəvan Kremlin bu yardımına məntiqli yanaşma imkanlarından hələlik uzaq qalmış kimi görünür.

Halbuki, Kremlin Türkiyə ilə münasibətləri ön plana keçirtmək cəhdləriylə rəsmi İrəvana verdiyi dolayısı mesaj Ermənistanın xilasında birbaşa rol oynaya bilər. Rəsmi İrəvanın bu mesaja vaxtında uymaq əvəzinə, ABŞ və Qərbin Cənubi Qafqazda təsirini sınaqdan çıxartmağa həvəs göstərməsi boşuna zaman itkisidən başqa bir şey deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu