29 Mart 2024

28 il sonra Qubadlıya gedən Ağalar Bayramov: “Oğlumun məzarı üstə…” – Fotolar

Bir neçə gün öncə Əməkdar artist Ağalar Bayramov 28 ildən sonra Qubadlıda 9 yaşlı oğlu Şəhriyarın məzarını ziyarət edib.

Bununla bağlı Musavat.com-a danışan Ağalar Bayramov bildirib ki, indiyədək yaşamadığı hisləri keçirib:
“Yaşadığım o hissləri sözlə ifadə etmək mümkün deyil… Ötən ilin dekabrın 30-da televiziya kanallarının birində qonaq olarkən dedim ki, ən böyük arzumdur ki, növbəti ad günümdə Qarabağı, Qubadlını, həmçinin oğlumun məzarını ziyarət edim. Veriliş efirə gedəndən bir gün sonra çox dəyərli millət vəkilimiz Fazil Mustafa mənə telefonla zəng edib bildirdi ki, həmin verilişə baxdıqdan sonra çox təsirlənib və istəyir ki, bu arzumla bağlı köməklik etsin.

Fazil müəllimin bu zəngi məni çox sevindirdi, bu cür diqqətcil olduğu üçün öz təşəkkürümü bildirdim, ən azından buna təşəbbüs göstərmişdi. Lakin bir neçə gün sonra Fazil Mustafa yenidən mənimlə əlaqə saxlayıb təəssüflə qeyd etdi ki, hələlik Qubadlı və digər işğaldan azad olunmuş ərazilər minalardan tam təmizlənmədiyi üçün ora getmək təhlükəlidir və mənim ora getməyim mümkün deyil. Bu, məni çox üzdü, amma nə edə bilərəm, qaydalara əməl etməliyik.

Bəlkə də bəziləri məni qınayır ki, niyə belə tələsirdim. Amma içimdə bir narahatçılıq var idi, elə bilirdim ki, ömür vəfa etməz və ya yayılan virus ucbatından Qarabağı, oğlumun məzarını görmədən dünyadan köçərəm.

28 il idi ki, oğlumun məzarından xəbərsiz idim. Yalnız bir müddət bundan əvvəl bir hərbiçi həkim mənim dediyim işarətlərlə gedib oğlumun məzarını tapıb, oradan şəkil çəkib göndərmişdi. Həmin şəkli görəndə ürəyim parçalanmışdı. Ermənilər digər qəbirlər kimi mənim oğlumun da məzarını dağıtmışdılar. Onun sinə daşını aparıblar. Bu, mənə çox pis təsir etmişdi. Yanvarın 30-a qədər, yəni, oğlumun məzarını görənə qədər gecələr yata bilmirdim.

Beləliklə, qəti qərar vermişdim ki, nəyin bahasına olursa-olsun, Qubadlıya getməliyəm. Nəhayət ki, bir neçə qazi dostlarımın köməkliyi ilə yanvarın 30-da Qubadlıya yola düşdüm. Həyat yoldaşım bir müddət bundan əvvəl oğlumun məzarı üçün barelyef hazırlatmışdı, onu da özüm ilə apardım.

Yolboyu Cəbrayıl, Zəngilandan keçəndə dağıdılmış evləri, əkin sahələrini, viran qalmış yurd-yuvaları görəndə, dəhşətə gəlirdim. Düşünürdüm ki, ilahi, bu torpaqlarda 3 minə yaxın şəhidin qanı var. Məhz onların qanlı köynəklərinin sayəsində torpaqlarımız işğaldan azad olundu.

Düşünürdüm ki, dağıdılmış o evlərin hər birində bir xatirə yatır. O daşları dindirsən, Allah bilir nələr danışar… 5-6 saatdan sonra oğlumun uyuduğu Qubadlının Xocahan kəndinə çatdıq. Məzarlıq yüksəklikdə, dağın ətəyində yerləşdiyi üçün ora az qala dizin-dizin, sürünə-sürünə getdim. Oğlumun məzarını görəndə isə… həmin anları necə təsəvvür etmək olar?

Oğlumun məzarı üstə dedim:

“Güləndə yalandan gülmüşəm, oğlum
Amma indi zəfər çalıb, gəlmişəm oğlum.
Azərbaycan bayrağı ilə gəlmişəm oğlum”.

Gözümün biri gülürdü, biri ağlayırdı. Bilmirdim nə haldaydım. Bakıdan gətirdiyim barelyefi dostlarım məzarın yanına sancdılar. Məzarı üstə hönkür-hönkür ağlayıb, ürəyimi boşaltdım. Ona qədər sanki həmişə qulağıma səs gəlirdi ki, “vəfasız ata, 28 ildir ki, haradasınız””.

Əməkdar artist Qubadlı səfəri zamanı Milli Qəhrəman Əliyar Əliyevin də məzarını ziyarət etdiyini dedi:

“Qəziyan kəndində uyuyan Milli Qəhrəman Əliyar Əliyevin də qəbrini ermənilər dağıtmışdılar. Ümumiyyətlə, ermənilər sinə daşlarının hamısını aparıb, digərlərini isə uçurublar. Vətən torpağını görmək mənim üçün Həcc ziyarəti qədər əzizdir. O torpaqlar bizim üçün çox müqəddəsdir. Prezidentimizin güclü və səbirli siyasəti, ordumuzun rəşadəti, ölümün gözünə dik baxan igid oğlanlarımızın sayəsində bizim əyilmiş başımız dikəlib, qürurumuz yerinə qaytarılıb. Demək olar ki, Xocalı faciəsinin, şəhidlərimizin qisası alınıb. Bunun üçün Prezidentimizə, ordumuza təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirəm”.

Xalidə Gəray
Musavat.com