22 Dekabr 2024

Konstitusiyamızın hər bir səhifəsində Ümummilli liderimiz Heydər Əliyevin imzasını görürük

Müasir müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti İlham Əliyev tərəfindən 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Odur ki, Ulu Öndərin zəngin və çoxşaxəli irsinə həsr olunan silsilə tədbirlər planı ölkəmizin hər yerində uğurla icra olunur.

Əsası 1918-ci ildə AXC-nin yaranması ilə eyni tarixdə qoyulan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi hüququn aliliyi , ədalətin təmin olunması baxımından  xalqımızın tarixində olduqca əhəmiyyətli fəaliyyət göstərmişdir. Ədliyyə nazirliyinin tarixinə baxanda görürük ki, müasir Azərbaycan ədliyyəsinin yaranması – Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə – 1918-ci il mayın 28-nə təsadüf edir. Bu, Cümhuriyyətin ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verməsinin göstəricisi idi. Həmin tarixdən başlayaraq, Azərbaycan ədliyyəsi böyük və sürətli inkişaf yolu keçib, mühüm nailiyyətlər qazanıb. Belə ki, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib, o cümlədən 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib.

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra inqilab komitəsinin 1920-ci il 13 may tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilib. Yeni yaradılan Xalq Ədliyyə Komissarlığının səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilib. Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilib.

1933-cü ildə məhkəmələrin, prokurorluğun, istintaqın birləşdirilməsi, vahid məhkəmə siyasətinin həyata keçirilməsi, bütün hakimiyyət orqanlarının, təsərrüfat müəssisələrinin, ictimai birliklərin və fiziki şəxslərin hərəkətlərinin qanuniliyini müşahidə etmək məqsədilə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilib. Lakin 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni təsdiq edilən Əsasnaməsi ilə bu qurumun səlahiyyətləri xeyli məhdudlaşdırılıb, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olub. 1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilib, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə olunub, Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil edilib. Bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülüb.

Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis olunması ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilib, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib. Ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranıb.

Azərbaycan ədliyyəsi ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra da ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmayıb. Belə ki, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilib, nazirliyin səlahiyyətləri genişlənib, cəmiyyətdə rolu artıb.

Ulu Öndərin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü olaraq 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib.

Ulu Öndərin siyasi irsindən bəhs edərək xalqımızın müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda Heydər Əliyevin hakimiyyətə qayıdaraq ölkəmizdə ictimai-siyasi sabitliyi bərqərar etmişdir. Qeyd etmək lazımdır ki, xalqın vahid amal ətrafında birləşdirilməsi, müasir milli dövlət modelinin qurulması Heydər Əliyevin tarixi xidmətlərindəndir.  Ulu Öndərin varislik missiyası uğurla davam etdirildiyindən  ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dahi öndərin müstəqilliyini əbədi etdiyi müasir Azərbaycan güclü, qüdrətli dövlətə çevirilib.

Bunun nəticəsində hüquqi əhəmiyyətli sənədlər qəbul edilməklə dövlətçiliyimizin idarəçiliyi daim təkmilləşdirilmiş, dünyanın əsas dəyərlərindən biri olan demokratik prinsiplərin təmin olunması təmin edilmişdir. Tarixə nəzər salanda görürük ki, AXC-nin süqutundan sonra Ədliyyə Nazirliyi Azərbaycan SSR-in dövlət idarəçilik sistemində tam adı ilə fəaliyyəti mümkün olmamışdır. Ümummilli liderin 1969-cu ildə Azərbaycanın siyasi hakimiyyətinə yüksəlməsi Ədliyyə nazirliyinin cümhuriyyət dönəmindəki adla fəaliyyəti yenidən bərpa edilmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin hüquqi dövlətin yaradılması yolunda atdığı bu addım müstəqil Azərbaycan dövlətinin gələcək taleyi üçün də əvəzolunmaz rol oynamışdır.   

Ulu Öndərin ölkəmizdə müasir hüquq düşüncəsinin, hüquq təfəkkürünün inkişafı ilə bağlı cox ciddi addımlar atdığını, ən mütərəqqi tarixi sənəd olan ilk milli Konstitusiyamızın hazırlanmasında, onun hər cümləsində dahi Heydər Əliyevin imzasının olduğunu görürük. Diqqətə çatdırmaq lazımdır ki, üçpilləli məhkəmə sisteminin formalaşması, hakim korpusunun yenilənməsi dahi liderin adı ilə bağlıdır və Ümummilli Liderin təməlini qoyduğu islahatlar ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhkəmə-hüquqi sistemi yüksəliş dövrünü yaşayır və bu da Ulu Öndərin irsinin uğurla davam etdirilməsinin əyani təzahürüdür.Hakimlərin şəffaf seçimi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən tədbirlər islahatların həyata keçirilməsində Ədliyyə Nazirliyinin mühüm fəaliyyətini, səmərəli ictimai iştirakçılığı təmin edilib.

Ümummilli lider Heydər Əliyevin fundamental əsaslarla müəyyən etdiyi dövlətçilik strategiyası sayəsində möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyta keçirilən  Ədliyyə islahatları davamlı olaraq həyata keçirilməkdədir.  2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunub, nazirliyə vəzifələr həvalə edilib, strukturu təkmilləşdirilib. Müstəqillik dövründə ilk dəfə olaraq – dövlətimizin başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilib. Habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanunu qəbul olunub və Azərbaycan Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman imzalanıb.

Dövlətimizin başçısının 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” təsdiq edilərək həyata keçirilib.

Prezident İlham Əliyevin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 2014-cü il 13 fevral tarixli Sərəncamı ölkəmizdə dövlət xidmətlərinin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi dövlət siyasətinin prioritetlərindən biri olmaqla elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı mühüm addımlar atılması baxımından son dərəcə əhəmiyyətli oldu. Məhkəmə sisteminə elektron idarəetmənin daha mütərəqqi tətbiqi baxımından bu layihə Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatına layiq görülüb.

Sonda qeyd etməliyik ki, ədliyyə sahəsində həyata keçirilən islahatlar dinamik xarakter daşıyır. İldən ilə hüquqi islhatlar daha təkmil şəraitdə davam edir. Bunun da əsas bir səbəbi var. O da ümummilli liderimizin hüququn aliliyi baxımından zəngin bir irs yaratması hesab oluna bilər. Bunun üçün də həmişəyaşar liderimiz Heydər Əliyev qədirbilən xalqımız tərəfindən daim məhəbbətlə yad edilir. Biz ədliyyə işçiləri də xüsusi olaraq dahi şəxsiyyətin tövsiyyələrini fəliyyətimizdə örnək götürür və dahi liderimizin yaratdığı zəngin irsə layiq olmağa çalışırıq.

Nəriman İsmayılov-Bərdə rayon Qeydiyyat şöbəsinin rəisi, 1-ci dərəcəli ədliyyə qulluqçusu