22 Dekabr 2024

Konstitusiyamız ümummilli lider Heydər Əliyev yaradıcılığının şah əsəridir

Azərbaycan xalqı tarixi şəxsiyyətləri ilə dünyada məşhurdur. Ədəbiyyat aləmində Nizami Gəncəvi, Məhəmməd Füzuli, musiqi sahəsində Üzeyir Hacıbəyov, Niyazi, Qara Qarayev, Müslüm Maqomayev, Polad Bülbüloğlu daim üzümüzü ağ edib. Siyasət aləmində isə ümummilli liderimiz fenomenal olmaqla bir daha sübut etmişdir ki, bu xalq nəinki tək mədəniyyət və elm xadimləri ilə tanınır, hətta dünyanın ən məhşur dövlət xadimi olmuş şəxsiyyətlərindən birini yetişdirə bilib. Bununla biz həmişə fəxr edir, qürur hissi keçiririk.Ümummilli lider Heydər Əliyev dünyanın düzəninə , idarəetməsinə öz dəsti xətti ilə böyük töhfələr vermiş tarixi şəxsiyyətlərdən olmuşdur. İkiqütblü dünyanın birinə liderlik edən SSRİ kimi dövlətin əsas söz sahiblərindən biri olmaq böyük azərbaycanlımızın nə qədər dərin təfəkkürə, uzaq görən siyasətə malik olduğunu göstərir.  Ulu öndər Heydər Əliyev tək Azərbaycan üçün deyil dünya siyasətinin fövqünə ucalmağı, həmin zirvədən Azərbaycanın maraqlarını önə çəkməyi, onu daim müdafiə etməyi bacaran dahi şəxsiyyət olmuşdur.

Ümummilli liderin həyat yoluna nəzər salanda onun necə çətin və mürəkkəb şəraitdə liderliyə ucaldığının şahidi oluruq. Sadə və zəhmətkeş ailədə doğulan Heydər Əliyev hələ uşaqlıqdan xüsusi şəxsi keyfiyyətlərə malik olub. Çoxuşaqlı ailədə böyüyən Heydər Əliyev həm təhsilinə xüsusi fikir verir, həm də ailənin qayğılarına şərik olmağı bacarırdı. Belə bir həyat hekayəsi nümunəvi və ibratəmiz olmaqla əsl şəxsi nümunə kimi bu gündə hər birimizə bir örnəkdir. Heydər Əliyev əsl azərbaycanlı obrazıdır. Qayğkeş , insanpərvər, alicənab bir azərbaycanlı deməkdir.

Ən əsası Heydər Əliyev Azərbaycan xalqının tale qismətidir. Onun zəkası, biliyi, siyasəti xalqımızı çətin və mürəkkəb tarixi şəraitdə üzləşdiyi təhlükələrdən xilas etmişdir. Ümummilli lider hələ zabit olduğu gənc yaşlarında belə minlərlə azərbaycanlımızı alman əsirliyindən sonra fədakarlıqla qoruya bilmişdir.1969-cu ildə Azərbaycan SSR-in siyasi rəhbərliyiə yüksələn Heydər Əliyev strateji hədəflər müəyyənləşdirməklə dövlətçilik atributlarının bərqərar edə bilmişdir. Ordu dövlətin ən əsas şərtlərindən olduğu kimi Azərbaycan SSR-də hərbi məktəbin təməli qoyulmuşdur. Həmin vaxtlarda yaradılan hərbi məktəb illər sonra Azərbaycan müstəqil olanda ordu təsisatlarının formalaşmasına xidmət etmişdir. 

Müstəqilliyin ilk illəri Azərbaycan təlatümlü siyasi şəraitlə üzləşərkən Ümummilli lider Heydər Əliyev Naxçıvandan Azərbaycana qayıdaraq yeni dövrün əsasını qoymuş, bununla da Azərbaycan dövlətini xilas etmişdir. O günlərdə xalq özünün böyük oğlunu imdada çağırmış, təhlükələrə baxmayaraq Heydər Əliyev xalqın çağırışına laqeyd qalmayıb xilasımız naminə Bakıya qayıtmışdır. O illərə nəzər yetirəndə Heydər Əliyevin xalqı üçün necə böyük fədakarlıq etdiyinin şahidi oluruq. Başıpozuq hərbi dəstələrin mövcudluğu, xarici ölkələrin Azərbaycanda məkrli planlarının müxtəlif siyasi qüvvələri qarşıdurmalara sövq etməsi, davamlı təxribatların törədilməsinə baxmayaraq Heydər Əliyev qətiyyətli iradə, ağıllı siyasət sayəsində Azərbaycanı xilas etməyi bacardı.

Heydər Əliyevin 1993-cü ilin oktyabrında keçirilən prezident seçkilərində böyük səs çoxluğu ilə prezident seçilməsi xalqın liderinə etimadının parlaq nəticəsi idi. Xalq xilaskarına səs verməklə gələcək taleyini təmin etmiş oldu. Bununla da yeni dövrün başlanğıcı qoyuldu. Bu yol Müstəqil Azərbaycanın ərazi bütövlyünün təmin olunması, işğalçıların torpaqlarımızdan qovulması, haqq səsimizin dünyada eşidilməsi, ölkəmizin hüquqi dövlətə çevrilməsindən keçirdi. Atılan qətiyyətli addımlar, görülən tədbirlər isə bu işlərin tədricən həyata keçirilməsini təmin etmiş oldu. Heydər Əliyevin özündən sonra da ənənəvi siyasətə varislik məhz Azərbaycanın böyük qələbələrini təmin etdi. Möhtərəm prezidentimiz İlham Əliyevin özündən əvvəlki uğurlu siyasəti davam etdirməklə Azərbaycanın möhtəşəm qələbəsini başa çatdırdı.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına verdiyi ən möhtəşəm töhfələrdən biri hüquqi dövlər quruculuğunu həyata keçirməsi idi. Bununla da böyük şəxsiyyətin əsas məqsədi Azərbaycan xalqına daha layiqli həyat şəraitinin yaradılması, dünyanın mədəni və inkişaf etmiş xalqlarına məxsus hüquqlardan ölkəmizin hər bir sakininin yararlanması idi.

Bütün digər sahələrdə olduğu kimi, Azərbaycanda da insan hüquqları sahəsində islahatların aparılması, zəruri hüquqi bazanın və institusional əsasların formalaşması məhz Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra baş vermişdir. Ən əsası isə, Ulu Öndər dövlətçiliyimizi təhdid edən təhlükəli tendensiyaları aradan qaldırdıqdan, müstəqil Azərbaycanın ideoloji-iqtisadi əsaslarını (Azərbaycançılıq ideologiyası və “Əsrin müqaviləsi”) möhkəmləndirdikdən az sonra müəllifi olduğu 1995-ci il Konstitusiyasında insan hüquq və azadlıqlarını təsbit etdi və hüquqi təminat altına aldı. Beləliklə, olduqca qısa zaman kəsiyində müdrik rəhbərimizin dəmir məntiqi, silinməz dəst-xəttinin, zəngin həyat təcrübəsi və işıqlı zəkasının ən böyük əsəri olan, dünya standartlarının tələblərinə tam dolğunluğu ilə cavab verən konstitusiya layihəsi hazırlanaraq ümumxalq səsverməsinə təqdim olundu. Həmin sənəd 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olundu. Bu gün Əsas qanunu iftixar hissi ilə xalqımız haqlı olaraq “Heydər Əliyev konstitusiyası” adlandırır, eyni zamanda, onu Heydər Əliyevin siyasi yaradıcılığının şah əsəri hesab edir. Bu, xalqın rəhbərinə olan sonsuz və ülvi məhəbbətin ifadəsi, konstitusiyanın hazırlanmasında, müzakirəsində və qəbul edilməsində yorulmaz fəaliyyətinə verdiyi halal qiymətdir. Konstitusiyanın qəbul edilməsi xalqımızın həyatında və dövlətçiliyimizin qurulmasında yeni bir mərhələnin başlanğıcını qoydu, respublikada dövlət quruculuğu sahəsində yeni imkanlar açdı.

Ölkəmizdə  aparılan hüquq islahatları müasir hüquq və idarəetmə sisteminin qurulmasına və hüquqi münasibətlərin müasirləşdirilməsinə yönəlmiş demokratik inkişafın ayrılmaz hissəsidir. Bu islahatlar Konstitusiya müddəalarını reallaşdıraraq, cəmiyyətin hüquqi əsaslarının və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir.

Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatı nəticəsində Azərbaycanda bütün hüquq təsisatlarının fəaliyyətini tənzimləyən yeni mütərəqqi qanunlar, məcəllələr qəbul edilmiş, yeni – 3 pilləli müstəqil məhkəmə sistemi yaradılmış, hakimlərin müstəqilliyinin real təmin edilməsi üçün zəruri tədbirlər görülmüş, hüquq-mühafizə orqanlarının və vəkillik xidmətinin fəaliyyəti demokratik əsaslarla yenidən qurulmuşdur.

Hazırda keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş məhkəmə-hüquq islahatları ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsinə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və ədliyyə orqanlarının inkişafına yönəlmişdir. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin başladığı hüquq islahatlarını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, hətta inkişaf etmiş ölkələrdə bu proses daim gedir. Yəni bu prosesin əvvəli var, amma sonu yoxdur.

Ölkəmizdə aparılan hüquq islahatlarının mühüm tərkib hissəsi olaraq dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi məqsədilə 2001-ci ildə demokratik dövlətlərin hüquq sistemində mühüm rol oynayan qeyri-məhkəmə müdafiə mexanizmi – Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) institutu yaradıldı. Qanunvericilik tədbirləri çərçivəsində yeni hüquq sisteminin fəaliyyət göstərməsi üçün Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki Prosessual, Əmək, Ailə, İnzibati Xətalar, Gömrük, Vergi və digər məcəllələri, “Notariat haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən məhkəməyə şikayət edilməsi haqqında” və digər qanunlar qəbul edildi.

Bu gün ədliyyə fəaliyyətində müasir iş üslubları, ən qabaqcıl texnologiyalar tətbiq olunur. Möhtərəm Prezidentimizin təşəbbüsü ilə 2013-cü il ölkəmizdə “informasiya-kommunikasiya texnologiyaları ili” elan olunmuşdur. Ədliyyə Nazirliyi tərəfindən İKT-lərin tətbiqi daim diqqətdə saxlanılaraq, bu sahədə xeyli işlər görülmüş, o cümlədən vətəndaşlara keyfiyyətli və rahat xidmət göstərilməsi, inzibati işçilərlə təmasın minimuma endirilməsi məqsədilə elektron köşklər, habelə nəzarətin gücləndirilməsi üçün veb-kameralar quraşdırılmış, nazirliyin saytında xüsusi e-xidmətlər bölməsi yaradılmış, məhkəmə sisteminin vahid elektron portalı yaradılmışdır. Bütün bunlar dövlət başçısının rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsidir.

Dünya təcrübəsi göstərir ki, hüquqi dövlətin qurulması möhkəm ədliyyə sisteminin formalaşdırılması ilə sıx bağlıdır. Möhkəm ədliyyə sistemini, əsas məqsədi insanların bütün hüquqlarına hörmətlə yanaşılan açıq vətəndaş cəmiyyətinin yaradılması və inkişafına xidmət etməkdən ibarət olan, mükəmməl normativ-hüquqi baza əsasında fəaliyyət göstərən və bu ümumi məqsədlə birləşdirilən ədliyyə orqan, idarə və təşkilatlarının məcmusu kimi səciyyələndirmək olar. Struktur bölmələr olan həmin idarə və təşkilatlar bir-biri ilə sıx bağlı və qarşılıqlı fəaliyyət göstərərək sistemin bütövlüyünü şərtləndirirlər. Əsl mənada möhkəm ədliyyə sistemi olan dövlətdə vətəndaşların hüquq və azadlıqları, qanun qarşısında barəbərlik və onun hər kəs tərəfindən icrası təmin olunur.

Ümumilikdə, bütün həyatını Azərvaycan xalqı qarşısında böyük xidmətlərə həsr edən ulu öndərimiz, ümumilli liderimiz Heydər Əlirza oğlu Əliyevin ömür yoluna diqqət yetirəndə bir daha əmin oluruq ki, onun əziz xatirəsi xalqımızın yaddaşında əbədidir və heç vaxt unudulmayacaqdır.

Ulu Öndərin başlatdığı islahatların nəticəsidir ki, müasir Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilib, onun təməlini qoyduğu hüquqi islahatlar hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra yaxın keçmişimizin bir çox tarixi sınaq anlarında mütəşəkkil birlik və həmrəylik nümayiş etdirərək bütün sahələrdə böyük inkişafa və uğurlara nail olub.

Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanın qazandığı uğurlar, nəhayət, Ümummilli Liderin ən böyük arzusunu da gerçəkləşdirmək imkanı yaradıb. Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə doğma Qarabağımız düşməndən azad edilərək 30 ildən sonra müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyü təmin edilib.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Bütün bunlara görə qədirbilən xalqımız Ulu Öndərin əziz xatirəsini daim yüksək tutur. Dahi liderə dərin ehtiramın ifadəsi olaraq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü il dövlətimizin başçısı tərəfindən “Heydər Əliyev İli” elan olunub. Ulu Öndərin yubileyi münasibətilə ölkəmizdə silsilə tədbirlər keçirilir, o cümlədən Ədliyyə Nazirliyində və bütün struktur qurumlarında geniş qeyd olunur. Gəncə regional ədliyyə idarəsi də fəal qoşularaq Ümummilli Liderin əziz xatirəsinə, onun zəngin irsinin öyrənilməsi və təbliğinə həsr olunan çoxsaylı tədbirlər həyata keçirilir.

Azərbaycan Prezidentinin “Heydər Əliyev İli”nin elan olunması ilə bağlı Sərəncamında qeyd olunduğu kimi, “Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”.

Nəriman İsmayılov- Bərdə rayon Qeydiyyat şöbəsinin rəisi, Kiçik ədliyyə müşaviri