Kimlər azad ediləcək – Əfv Komissiyasında baxılan müraciətlərin kateqoriyaları açıqlandı

28 May Müstəqillik Günü münasibətilə əfv sərəncamının veriləcəyi dəqiqləşib.
Ötən həftəyədək Əfv Məsələləri Komissiyasının bundan əvvəlki iclaslarında əfvlə bağlı 500-dən artıq müraciətə baxılıb.
Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.
Bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
O bildirib ki, sonuncu iclasda 100-ə yaxın müraciətə baxılıb: “Bununla da Əfv Komissiyasının iclasları bitdi. Sənədlər hazırlanıb cənab Prezidentə təqdim olunacaq”.
Bu arada Əfv Məsələləri Komissiyasının iclaslarında baxılan müraciətlərin kateqoriyaları açıqlanıb.
“Report”un əldə etdiyi məlumata görə, komissiyanın indiyədək keçirilən iclaslarında əsasən ailə üzvləri Vətən müharibəsi iştirakçısı və qazisi olanların, yol-nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin, hərbi qulluqçuların və digər şəxslərin müraciətlərinə baxılıb.
Hazırda hər kəsi siyahıda kimlərin olacağı maraqlandırır. Bəzi tanınmışlar əfv üçün müraciətlər də ediblər. Bu sırada sabiq deputat Hüseyn Abdullayevin adını çəkə bilərik…
Sosial Tədqiqatlar Mərkəzinin sədri, Əfv Komissiyasının üzvü, deputat Zahid Oruc çox önəmli tarixi hadisənin yaşanacağını söylədi: “Ötən on illərdə əfv institutu xalq tərəfindən tanınan, xalq tərəfindən ümid bəslənilən və cəmiyyətdə oturuşmuş bir qurum kimi formalaşıb. Bir növ ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyevin iradəsini əks etdirir. Əfv ölkə başçısının müstəsna səlahiyyətləri sırasındadır. Dünyanın heç bir yerində belə qanunvericilik norması mövcud deyil. Yəni dövlətin birinci şəxsləri belə bir səlahiyyət daşımırlar. Nəzərə alaq ki, 1995-ci ildə komissiya ilk dəfə fəaliyyətə başlayanda ölkəmizin içərisində xaos hökm sürürdü. Belə bir dönəmdə ən çox humanizmi idarəçiliyin ayrılmaz bir kursuna çevirmək, cəmiyyətdə birlik, həmrəylik, bağışlama, bir-birinə doğru addım atma hissinə çox böyük ehtiyac vardı. Bir çox iqtidarlar buna getməzdi. Əksinə, o dövr sərt qərarların icrası mövcud idi. Amma silahlı hərbi birləşmələrin olduğu bir dönəmdə belə addımın atılması tarixi hadisə sayılmalıdır. Məhz buna görə keçmişə varmadan deyə bilərik ki, 68-ci əfv sərəncamının verildiyi ərəfədə yaşamaqdayıq. Araşdıranda bu istiqamətdə haradan-haraya yol keçildiyini görürük. Gerçəkdən də böyük dəyişikliklərin olduğunu qeyd edə bilərik. Bilirsiniz ki, Vətən müharibəsindən sonra Zəfər əfvi adlandıra biləcəyimiz sərəncam verildi, Amnistiya Aktının şahidi olduq. Bunlar bir ildə baş tutdu. Cənab Prezident İlham Əliyevin vaxtında 37 sərəncam verilib. Ötənilki əfv 625 nəfərə şamil olundu, amnistiya isə 17 min məhbusu əhatə etdi.

Zahid Oruc: “Nə qədər insanın bu əfv dairəsinə düşəcəyini demək doğru olmazdı”
Amma bütün bunlar o demək deyil ki, cinayət törətmiş şəxsləri bu və ya digər formada bağışlamanın ünvanına çevirmək lazımdır. Bununla zərərçəkən insanların mənafelərini tapdalamış olardıq. İndiki anda nə qədər insanın bu əfv dairəsinə düşəcəyini demək doğru olmazdı. Bununla bağlı öncədən razlaşdırılmış qərar mövcuddur. Prezident Administrasiyanın rəhbəri olaraq Samir Nuriyev həm də Əfv Komissiyasının sədri kimi gerçəkdən də iclasları ədalətli, azad mühitdə apardığını söyləyə bilərik. Təkcə onu demək lazımdır ki, ötən il 10 iclasın 35 saat davam etməsi onu göstərir ki, burada adi yanaşmadan söhbət getmir. Özü də nəzərə alaq ki, komissiya üzvlərinin əksəriyyəti ən müxtəlif yerlərdə yüksək vəzifələr daşıyan şəxslərdir. Bütün bunlara rəğmən həmin iclaslar 4-5 saat çəkməkdə idi. Hər bir məhkumun həyatına çox diqqətlə yanaşılır, törətdiyi əmələ xüsusi diqqət yetirilir. Həmin şəxslərlə bağlı müraciət edənlərin dairəsinə baxılır. Kriteriyalar çox önəmli sayılır. Şəhid ailəsi, yaxud qazi olmasına, yaxud da şəhid ailəsinə yaxın olub-olmasına diqqət çəkilir. Burada cəmiyyətə verilən mesajlar da önəmlidir. Daxili işlər orqanlarının təmsilçiləri haqlı olaraq deyirlər ki, narkotik vasitələrin istifadəçisi ilə bağlı, yaxud satışını həyata keçirənlər barədə belə addımlar atılmasın”.
Deputat veriləcək əfvin Müstəqillik Gününə verilən dəyərin göstəricilərindən biri də olduğunu söylədi: “Biz komissiya üzvü olsaq da, o səlahiyyətimiz yoxdur ki, əfv sərəncamının nə zaman veriləcəyini söyləyək. Bu, istənilən gün reallaşa bilər. Onu da deyim ki, beynəlxalq aləmin, ölkəmiz daxilində bəzi qüvvələrin belə siyahılarda titullu adlar axtardıqlarını görürük. Bu, əslində digərlərini aşağılamaqdır. Məhkumlar bir-birindən fərqləndirilməməlidir. Hamı qanun qarşısında bərabərdir. Ölkə rəhbərinin sərəncamında kimlərin adlarının olacağı barədə heç kəsin fikir bildirməsi doğru olmazdı”.

Novella Cəfəroğlu: “Çox istərdim ki, Vətən müharibəsindən sonra adlarını verdiyimiz 39 nəfər siyasi məhbusun hamısı azad olunsun”
Hüquq müdafiəçisi Novella Cəfəroğlu təqdim etdikləri siyahıdan danışdı: “Çox istərdim ki, Vətən müharibəsindən sonra adlarını verdiyimiz 39 nəfər siyasi məhbusun hamısı azad olunsun. Bu olmalıdır ki, biz kənardan təzyiqə məruz qalmayaq. Jurnalisti, siyasi motivli insanları həbs etməklə ölkə düzəlmir. Əfv Komissiyasında təmsil olunan şəxslərin əksəri ilə görüşmüşük, danışmışıq. Bizim siyahıya hamı baxır. Xahiş etmişik ki, onlar azad olunsunlar”.
Hüquq müdafiəçisi Hüseyn Abdullayevin əfv müraciətindən də söz açdı: “Bizim siyahıda Hüseynin də adı var. Biz onu ona görə siyasi məhbus kimi təqdim etmişik ki, bir dəfə işlərinə görə həbs olunub, ikinci dəfə nə gərək var idi? Almaniya hökuməti, alman səfiri bu şəxs haqqında qərar çıxarıblar ki, o, azad olunmalıdır. Bununla bağlı Prezidentə məktub da yazıblar. Bu baxımdan istərdik ki, Hüseyn Abdullayev də azad olunsun. Açığı, mənim üçün daha çox vacib olanlar Saleh Rüstəmli, Elçin Məmmədli və digərləridir. Hamının adını çəkə bilmirəm. Qəzet redaktorunun həm pulunu alıblar, həm də həbs ediblər. OMON-çular var ki, ömürlük cəza veriblər. Onlar I Qarabağ savaşında iştirak ediblər, xidmətləri ölkə qarşısında var, 25 ildən artıqdır ki, həbsdədirlər. Axı onları bu qədər həbsdə saxlamağa nə gərək var ki? Cinayətləri olub, onun da cəzasını artıqlaması ilə çəkiblər. Dövlətə, millətə zərər gətirməyən insanlar həbsdə var. Onları azad etmək mütləq lazımdır. Qusardan həkim var. 14 il cəza veriblər. Cəzanın da çox hissəsini çəkib. Biri yaralı olub, bu şəxsi qorxudaraq evindən aparıblar. Həmin yaralıya yardım edib və sonra deyiblər ki, haqqımızda nəsə desən ailəni yox edərik. O da, sadəcə, susub. Belə insanları necə həbsdə saxlamaq olar?”
Xatırladaq ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.