23 Dekabr 2024

Kimə ”bəy”, kimə “cənab” deyək müzakirələri

Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı insanların bir-birinə müraciət formalarından söhbət açıb. O hesab edir ki, bu, mənəvi həyatımızı, yaşam tərzimizi, cəmiyyətdəki münasibəti, insanlar arasında səmimiyyəti müəyyənləşdirən məsələdir.

Millət vəkili təklif edir ki, insanların bir-birinə müraciətində “bəy” sözündən mütləq istifadə olunmalıdır: “Kiməsə soyadı ilə müraciət olunanda “cənab” sözündən istifadə olunmalıdır. Məsələn, cənab Məmmədli. Amma adı ilə müraciət edirsənsə, burada “cənab” sözü işlədilə bilməz. Burada mütləq “bəy” müraciət formasından istifadə olunmalıdır. “Bəy” çoxdan sosial mənsubiyyət, əsilzadəlik anlamını itirib. İndi, sadəcə, müraciət formasıdır. Ona görə də bu sözdən istifadə etməkdan qorxmaq lazım deyil”.

Sabir Rüstəmxanlı qeyd edir ki, “müəllim” müraciət formasından birmənalı şəkildə imtina etmək lazımdır: “Müəllim konkret peşə sahəsidir. Bununla yalnız həmin peşə ilə məşğul olan adamlara müraciət etmək olar”.

Xatırladaq ki, sovet dövründən əvvəl ədəbi dilimizdə  daha çox “bəy”, “xanım”, “ağa”, “qardaş” və digər müraciət formalarından istifadə olunurdu. Daha sonralar, yəni sovet dövründə bu müraciət formaları  “keçmişin qalığı”, “burjua epitetləri” sayıldığı üçün “yoldaş” sözü ilə əvəz edilməyə başladı. Zaman keçdikcə “yoldaş” sözü ilə birgə kişiyə xitabən “müəllim”, qadına “müəllimə” müraciət formaları yarandı. “Müəllim” müraciət forması təkcə məmura, vəzifədə olanlara deyil, fəhləyə, işçilərə də aid edilirdi.

Müstəqillik dövründə artıq “yoldaş” müraciət forması tarixə döndü, “müəllim” müraciət fomrası isə bu günə qədər də az qala hamı üçün işlədilir. Bir qədər sonra isə yenidən Azərbaycan Xalq Cümhuriyyətində olduğu kimi “bəy”, “xanım” müraciətlərinə geri dönüş oldu.  Bununla belə, hələ də bəzi hökumət adamına “bəy” deyib müraciət edəndə bu sözü qıcıqla qarşılayır,  xətrinə dəyir, narazı qalır.

İctimaiyyətdə başqa müraciət formaları da var. Məsələn, kimə gəldi “ağsaqqal” deyə müraciət edildiyinin şahidi oluruq.

Qeyd edək ki, xarici ölkələrdə çoxdan hər kəs tərəfindən qəbul olunan müraciət formaları var. Məsələn, fransızlar soyadın və ya vəzifənin əvvəlində kişiyə “monsieur” (müsyö), qadına “madame” (madam), gənc qıza və evli olmayan qadına “mademoiselle” (mademazel, mademuazel) deyirlər. İspanlarda senor, senora, senorita, italyanlarda signore, signora, signorina, almanlarda herr, frau və fraulein (frau həm evli, həm subaylara, fraulein isə əsasən uşaq və ya yeniyetmə qızlara aid edilir). 

Qulu Məhərrəmli kafedra müdiri seçildi

Qulu Məhərrəmli: “Azərbayan reallığı üçün “əfəndi”, “bəy”, “müəllim” müraciət formaları normaldır”

İngilislər kişiyə “mister” (qısaca: mr), evli və ya dul qadına “missis” (mrs, tələffüzdə: misiz), subay qadına “miss” (mis), evli olub-olmadığı nəzərə alınmırsa, “ms” (miz) deyə müraciət edirlər. “Mister” ifadəsi “master” (usta, ustad) sözündən, qadınlara aid müraciət formaları isə “mister” sözünün qadın cinsi qarşılığı olan (və əvvəllər istifadədə olan) “mistress” sözündən əmələ gəlib. Yüksək vəzifə sahiblərinə müraciətdə “mister” ifadəsi ad və ya soyadın deyil, vəzifənin önündə işlənilir, məsələn, mr prezident. Oxşar halda qadınlara madam deyə müraciət olunur.  Həmçinin ingilislər hörmətli yaşlı kişilərə, yüksək vəzifə sahiblərinə və ya kübar mənşəyi olan kişilərə, həmçinin “sir” deyə müraciət edirlər (adın əvvəlində və ya adsız): uyğun halda qadınlar üçün madam sözündən istifadə olunur.

Qadına daha bir hörmətli ifadə olan “lady” və kişiyə “centleman” (cəm şəkildə: ladies and gentlemen!) sözləri ilə müraciət edirlər. Ruslar kişilərə “qospodin”, qadınlara “qospoja” və ya “dama” deyə müraciət edir. Türkiyədə bay və bayan kəlmələri istifadə olunur.

Azərbaycanda isə hələ də ümumi və hər kəs tərəfindən qəbul olunan konkret müraciət formaları yoxdur.

Mövzu ilə bağlı millət vəkili Aqil Abbas “Yeni Müsavat”a danışıb: “Azərbaycanda da müəyyən rəsmi məktub və sənədlərdə kişilərə “cənab” müraciət formasından istifadə olunur. Amma adi danışıqda “bəy” sözündən istifadə edirik. Mən də “bəy” deyə müraciət edirəm, amma adətən “müəllim” kəlməsini işlədirəm. Çünki illərdir, ağlım kəsəndən hörmətli adamlara “müəllim” deyə müraciət edirəm. Amma indi tutaq ki, Mikayıl Cabbarova müraciət edəndə deməyəcəm ki, cənab Mikayıl bəy, deyəcəm ki, cənab nazir və yaxud cənab Mikayıl Cabbarov. Yəni protokol üzrə bu cür qəbul olunur.

Aqil Abbas: "Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur", General-mayor Polad  Həşimovun adına Qəbələdə küçə - BBC News Azərbaycanca

Aqil Abbas: “Hər adam bəy ola bilməz, kimsə bu müraciət formasını qəbul etmir”

Ümumiyyətlə, “bəy” çox böyük, hörmətli tituldur. Bəzən zarafatla kiməsə deyirəm ki, “səni nə bəy əkib, nə də bəy doğub,  sən bəy deyilsən”. Yəni hər adam da bəy ola bilməz. Kimsə bu müraciət formasını qəbul etmir, qıcıqla qarşılayırsa, deməli bəy deyil”.

Aqil Abbas həmkarının “müəllim müraciət formasından birmənalı şəkildə imtina etmək lazımdır” fikrinə də münasibət bildirib: “Niyə ki? ”Müəllim”dən hörmətli söz var? Şəxsən mən Sabir Rüstəmxanlı ilə danışanda ona “müəllim” deyə müraciət edirəm. Amma bir dəfə də deməyib ki “mənə “müəllim” demə”.

O ki qaldı “ağsaqqal” sözünə, bunu da yalnız hansısa məclisdə hörmətli adamlara deyirlər. Amma ağsaqqal da gərək ağsaqqal olsun”.

Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli dedi ki, müraciət formaları ilə bağlı məsələ önəmli və uzun illərdir ki, müzakirə olunan mövzudur: “Əgər yazılı müraciətlərdə bu məsələ öz həllini tapıbsa, məsələn, “cənab”, bəzən də “müəllim” deyirik, amma şifahi müraciətdə təəssüf ki, bu cür sabit müraciət formaları yoxdur. Məsələn, Türkiyədə “əfəndi”, “bəy” deyə müraciət olunur, yəni bu məsələ öz həll həllini tapıb, problem yoxdur. Amma Azərbaycanda bəzən “bəy” müraciəti bəlli səbəblərdən bəzi insanlarda qıcıq yaradır, hətta bəziləri bu müraciətdə siyasi çalar olduğunu düşünüb, bundan çəkinir və sairə. Amma deyərdim ki, Azərbayan reallığı üçün “əfəndi”, “bəy”, “müəllim” müraciət formaları normaldır. Yəni hansı prosesdən keçir, süzülür,  daha doğru ola bilir, onları işlətmək mümkündür.

Məlum olduğu kimi, xanımlara müraciətlə bağlı heç bir problem yoxdur, yəni daha çox kişilərə müraciətdə bu cür hallar ortaya çıxır. Beləliklə, mən kişilərə müraciətdə əsasən “bəy”, “əfəndi”, yeri gələndə elm adamlarına “müəllim” deyilməsinin tərəfdarıyam və hesab edirəm ki, bu müraciətləri cəmiyyətdə daha çox aktivləşdirmək lazımdır, buna ehtiyac var”.

Xalidə GƏRAY