23 Dekabr 2024

Jurnalistlərin növbəti Qarabağ səfəri – Cəbrayıl və Qubadlıda nələri gördük…

Ermənilərin viran qoyduğu torpaqlarımız yaşıllaşdırılır – işğaldan azad olunan rayonlardan reportaj

Diqqətlə baxmasan, kiril əlifbasına bələd olmasan rayonun adını oxumaqda çətinlik çəkirsən. Sünbül və üzüm dekorasiyaları da var bu lövhənin üzərində. “Cəbr” sözü oxunur, sonrakı iki “a” və “y” hərfləri yoxdur. “ı” hərfindən sonra “l” hərfini də söküblər. Əslində  30 illik işğal dövründə sökdükləri həm də öz gələcəkləri, yəni bu günləri olub…

Cəbrayıl rayonu ilə Bakı arasında olan məsafə 338 kilometrdir. Rayonun girəcəyində olan, işğaldan çox əvvəl quraşdırıldığı şübhə doğurmayan bu lövhəni kimlərin bu kökə saldığı ortadadır. İşğal olmasaydı, bu yerlər, bu lövhə də bu kökdə olmazdı.

Bu xarabalıqların içində dam örtüyü, qapı-pəncərəsi qalan tək-tük evlər diqqət çəkir

23 avqust 1993-cü ilədək – erməni işğalına qədər rayonda 80 min nəfər əhali yaşayıb. Bu gün isə 1049.8 km2 ərazisi olan Cəbrayılda mülki əhali yoxdur. Hər tərəfdə dağıdılmış, uçurulmuş, yandırılmış evlərin qalıqları, başı kəsilmiş, gövdələri yandırılmış ağaclar var.

 Bu xarabalıqların içində dam örtüyü, qapı-pəncərəsi qalan tək-tük evlər diqqət çəkir. Həmin evlər təmirsiz, suvaqsızdır. Bir kənardan boylanan krosna anteni ümumi mənzərədən seçilir. Yol kənarlarındakı lövhələr, elektrik dirəkləri də gecənin qaranlığından gələn işıq kimidir, bu yerlərə yeni quraşdırıldığına şübhə yoxdur. Lövhələr üzərində “Gündəlik işlək yollardan kənara çıxmayın. Mina təhlükəsi var” sözləri yazılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin media nümayəndələri üçün işğaldan azad olunan Cəbrayıl və Qubadlı rayonlarına təşkil etdiyi səfər çərçivəsində belə xəbərdarlıqlar olan lövhələrlə tez-tez rastlaşırıq. Bizi müşayiət edən ANAMA mütəxəssisləri də mina təhlükəsini xatırladır, 1 mina partlayışı zamanı ətrafa yüzlərlə canlını yaralamaq gücündə olan qəlpələrin uçduğunu da deyirlər. Çalışırıq ki, xəbərdarlığa əməl edək.

“Biz ora ”Çoban bulağı” deyirik”

Səfər yoldaşlarımız arasında Cəbrayılın Böyük Mərcanlı kəndindən olan həmkarımız Əfqan Qafarlı da var.

Həmkarımız doğma kəndindən 28 il əvvəl çıxmaq məcburiyyətində qalıb.

“Uşaqlığım, yeniyetməliyim bu kənddə keçib. Gördüyün o dərə-təpədə qoyun-quzu otarırdıq. Bax o görünən təpədə bulaq var, biz ora ”Çoban bulağı” deyirik. O bulaq, bildiyimə görə, qalır. Bax o təpənin döşündədir” deyən Əfqan danışmağa çətinlik çəkir.

“Bax kəndimizin əsas hissəsi aşağı tərəfdə, Araz çayının sahilinə doğru idi”

Deyir ki, işğala qədər Böyük Mərcanlı sakinləri baramaçılıqla, üzümçülüklə məşğul olublar: “Yolun sağı da, solu da tut bağları, üzüm plantasiyaları idi. Tut bağları bura baramaçılıq üçün salınmışdı. İndi nə o tut bağları var, nə də üzümlüklər. Bax kəndimizin əsas hissəsi aşağı tərəfdə, Araz çayının sahilinə doğru idi”.

“… Birtəhər Arazı keçib İrana, İran ərazisindən getməklə İmişliyə gəlmişdik”

Əfqan Qafarlı işğal gününü belə xatırlayır:

“Ermənilər Horadizi işğal edəndən sonra Cəbrayıl mühasirəyə düşdü. Həmin vaxt rayonda qocalar, uşaqlar, qadınlar da qalmışdı. Hər gün də ermənilərin Cəbrayıla hucumu barədə xəbərlər gəlirdi. Camaat Araz çayının sahilinə yığışmışdı. Bax oranı, Arazın o tayında tüstü çıxan yeri görürsən, o istiqamətdən camaatla birgə birtəhər Arazı keçib İrana, İran ərazisindən getməklə İmişliyə gəlmişdik. Dəhşətli və ümidsiz günlər idi”.

“… Ürəyim sıxıldı, boğulurdum”

Bu gün Böyük Mərcanlı yer üzündən silinmiş durumdadır. Əfqanın kəndlərinin girəcəyindən həsrətlə o istiqamətə baxması, gözü ilə evlərini axtarması ağır idi. 28 il əvvəl tərk etdiyi Böyük Mərcanlının mərkəzinə doğru hərəkət də təhlükəlidir. Bu yerlərdə ermənilər hər qarışa mina basdırıb. Bir anlıq özümü Əfqanın yerinə qoydum, ürəyim sıxıldı, boğulurdum. 28 il sonra kəndinə qayıdasan, kəndinin qapısından o tərəfə keçə bilməyəsən. Bu gün 28 il əvvəlin ümidsizliyini böyük ümidlər, gözləntilər əvəzləyib. Bu, torpaqlarımız uğrunda canından  keçən şəhidlərimizin, əsgər və zabitlərimizin sayəsində mümkün olub. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qəhrəman əsgər və zabitlərimizə sonsuz minnətdarlığımızı ifadə edirik.

“Bu lağımla İran və Ermənistanla həmsərhəd olan Zəngilana qədər…”

Uçuq-sökük yolla üzü Cəbrayılın içərilərinə, Zəngilana  doğru hərəkət edirik. Yaşıl otların arasında, yolun sağ tərəfi ilə ensiz lağım atılıb və sonradan basdırılıb. Sarı rəngə boyanmış, üzərində qara hərflərlə “Delta” sözləri və rəqəmlər yazılan tirlər həmin lağım uzandıqca 200-300 metrdən bir qoyulub. Bu lağımla İran və Ermənistanla həmsərhəd olan Zəngilana qədər fiberoptik internet xətti çəkilib. Yolun başlanğıcında telefonuma “Xəbərdarlıq” adlanan sms gəlir.

Mətn də belədir: “Diqqət! Mina və mərmilərlə çirklənmiş ərazilərə daxil olursunuz! Yalnız işlək yollardan istifadə edin! Şübhəli əsyalara, sursatlara toxunmayın! Təhlükəlidir! (152)”

Cəbrayıl işğal altında olan günlərdə, 44 günlük müharibədən 2-3 ay əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla bu yerləri birləşdirən 3-cü yolun tikintisinə başladıqlarını açıqlamışdı. İşğalçıların planlarına görə, yol Araz çayı boyunca, yəni Zəngilan, Cəbrayıl və Füzulidən keçməli idi. Cəbrayıla qədər yolun yatağı işlənmişdi də. Bu gün artıq həmin yol sürətlə asfaltlanır, çəkilir. Bizimkilər çəkir…

Nazir müavini “Ağıllı kənd”dən danışdı

Qonşu Zəngilan rayonunun Birinci Ağalı kəndində 28 il əvvəl evlərini tərk etmiş həmvətənlərimizin doğma yurdlarına qayıtması üçün  “Ağıllı kənd” lahiyəsinin icrası gerçəkləşdirilir. Səfər yoldaşımız, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev layihədən danışır. Deyir ki, ilkin olaraq Birinci Ağalı kəndinin ərazisində belə kənd inşa olunacaq: “İşğala qədər Cəbrayılda 1 şəhər, 4 qəsəbə, 92 kənd olub. İndi həmin şəhər, qəsəbə və kəndlər demək olar ki, yox vəziyyətdədir. Bir ”Ağıllı kənd”də 5 min nəfərin yaşayacağı planlaşdırılır. Kənddə ağıllı infrastruktur və xidmətlər, ağıllı təsərrüfat və biznes, ağıllı dövlət idarəçiliyi, bir sözlə, böyük şəhərlərdə olan bütün infrastuktur olacaq. Cəbrayılda da bir neçə “Ağıllı kənd”in tikintisi planlaşdırılır”.

“Artıq Paşinyan yolu yoxdur, əvəzində Azərbaycan yolu var…”

Zəngilanın Birinci Ağalı kəndində hazırda tikinti işləri aparılır. Kəndin girişində “AS Group” tikinti şirkətinin modul tipli yaşayış evləri qoyulub. Burada tikintidə işləyənlər yaşayır. Beton daşıyan maşınların, ağır tonnajlı yük maşınlarına daş-kəsək, torpaq yükləyən ekskavatorların nəriltisi ətrafa yayılıb. Bura elə həmin yoldur. Hansını ki, Paşinyan başının dəstəsi ilə çəkib işğal altındakı torpaqlarımızı Ermənistana birləşdirəcəkdi. 44 günlük müharibə bitəndən sonra bu yol haqda bütün ölkə Azərbaycan Prezidenti İlham Əliyevin “Nə oldu, Paşinyan, yol çəkirdin Cəbrayıla, rəqs edirdin” sözlərindən xəbərdar olmuşdu. Artıq Paşinyan yolu yoxdur, əvəzində Azərbaycan yolu var, Azərbaycan şirkətlərinin çəkdiyi, tez bir zamanda tamamlamağa çalışdığı yol var.

Cəbrayılda da işğaldan azad olunan digər rayonlarımızda olduğu kimi çox ciddi şəkildə minatəmizləmə əməliyyatları həyata keçirilir. Ermənilərin sinələrinə döyüb gəzdikləri “Ohanyan səddi”nin bir hissəsi Cəbrayılın ərazisinə düşür. 2016-cı ildə Lələtəpə yüksəkliyi alınandan sonra ermənilər yaxınlıqdan keçən bu səddi bir qədər də gücləndirmişdilər, döşəmədikləri ərazilərə də mina döşəmişdilər. ANAMA mütəxəssisləri deyir ki, səddin ətrafında 8 cərgə mina döşənən ərazilər var. 4 oktyabr 2020-ci ildə işğaldan azad olunandan sonra rayonda ANAMA və Türkiyədən gələn mütəxəssislər minatəmizləmə əməliyyatları həyata keçirir…

Ermənilər Əmirvarlıda 800 illik ağacı kəsib, əvəzində…

28 illik işğal dönəmində Cəbrayılın 24 min hektarlıq meşə ərazisinin 23 min hektarı məhv edilib. Ermənilər Cəbrayılın meşələrini qırıb, rayon ərazisindəki bütün qiymətli ağacları kəsərək Ermənistana daşıyıb. Qiymətli Araz palıdı meşə sahələrinə qarşı xüsusi amansızlıq göstərilib. Zəngilanda olduğu kimi, Cəbrayılda da 100-200 il, hətta Əmirvarlı kəndində təbiət abidəsi hesab olunan, yaşı 800 il olan ağacı belə kəsiblər. Ürəkləri soyumayıb, 3 metrə yaxın diametri olan gövdəsini də yandırıblar. Saydım, indi həmin gövdənin kənarlarından 12 Araz çinarı boy verib, uzanıb, qollu budaqlı olublar. Bir ağacı kəsiblər, gövdəsini yandırıblar, bu ağacın kökünü  kəsdiyini düşünüblər.  Əvəzində düşüncələrini alt-üst edən 12 ağac cücərib…

Qubadlıda heç 400 nəfərin yaşaması üçün ev-eşik yoxdur

Cəbrayıldan üzü Qubadlıya doğru da xoş təəssürat yaradan demək olar ki, bir ev, bir bina, bir yol, bir körpü qalmayıb. “Buralar bizimdir, bizim qədim torpaqlarımızdır” deyən erməniləri hərəkətləri təkzib edir – hər yeri dağıdıblar, söküb aparıblar. İşğalçı olduqlarını əməlləri ilə isbatlayıblar. Belə olmasaydı, yüzlərlə, minlərlə evi dağıdıb, obyektləri söküb yerlə bir etməzdilər, yaşayar, bu yerlərin dirçəlməsinə səy göstərərdilər.

Qubadlıda işğala qədər 40 min nəfərə yaxın insan yaşayıb. Bu gün Qubadlıda nəinki 4 min nəfərin, heç 400 nəfərin yaşaması üçün ev-eşik yoxdur. Rayon ərazisindəki çaylardan balıqlar belə yoxa çıxıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə Qilican kəndinin ərazisinə yollandıq. Kənd Həkəri çayının sahilində, Bərgüşad dağ silsiləsinin ətəyindədir. Elə Bərgüşad çayı ilə Həkəri çayı bu kəndin ərazisində qovuşur. Vaxtilə bu çaylarda qızıl balıq nəslindən olan forel balığı o qədər çox olub ki…

Yasaqlığın 2500 hektarı ermənilər tərəfindən məhv edilib

İşğal dövründə ermənilər balıqları nəsli kəsilənə qədər ovlayıb, daşıyıb aparıblar. Ekologiya Nazirliyinin əməkdaşları media nümayəndələrinin iştirakı ilə çayların qovşağına 1000 ədəd balıq buraxdı. Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev dedi ki, körpə farel balıqlarının buraya buraxılması təsadüfi deyil: “Bu balıqlar bu çayların suyu üçün xarakterikdir. Farel balığı axının əksi istiqamətinə getdiyi üçün asan uyğunlaşır. Biz, sadəcə, balıq buraxılması ilə kifayətlənməyəcəyik. Heyvanların reproduksiyası layihələrimiz də var. Şirvan Milli Parkının Hacınohur çölünə artıq 250 başdan çox ceyran buraxılıb. İnşallah, işğaldan azad olunmuş torpaqlarımız minalardan təmizləndikdən sonra eyni tədbirlər burada da keçiriləcək. Qubadlının ərazisində 20 min hektar Dövlət Yasaqlığı var. Çox təəssüf ki, yasaqlığın 2500 hektarı ermənilər tərəfindən məhv edilib. Biz həmin ərazilərdə təbiətin bərpası məqsədilə ağac əkilməsi tədbirləri keçirməyi planlaşdırırıq. Bu layihələr ənənəvi xarakter daşıyır”.

2021-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən su hövzələrinə buraxılması nəzərdə tutulan balıqlardan 1 milyon 500 min kütüm balığı, 1 milyon ağ amur, nərə balığı zavodundan isə 500 min nərə balığı buraxılması gözlənilir.

Nazirlik əməkdaşlarının təşkil etdikləri “Yaşıl marafon” çərçivəsində media nümayəndələri Qubadlının Muğanlı kəndində ağacəkmə aksiyası keçirdilər, əraziyə akasiya, Şərq çinarı ağaclarının toxumları səpildi. Vaxtilə bu ərazidə çoxillik tut ağacları olub. Burada da ermənilər ağacları kəsib aparıb, gövdələrini isə yandırıblar. Əraziyə ağaclar əkdik, yeni nəfəs verdik, ümidlərimizin doğrulduğu bu günlərə şükürlər etdik. 

Elşən MƏMMƏDƏLİYEV,
Fotolar Elçin ƏKBƏROV,
“Yeni Müsavat”