22 Noyabr 2024

Jurnalist Aytən Məmmədovaya hücumla bağlı cinayət işi başlanılıb

Jurnalist Aytən Məmmədovanın naməlum şəxs tərəfindən hücuma məruz qalması ilə bağlı istintaq hərəkətləri davam etdirilir, cinayət işi başlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O deyib ki, A.Məmmədova Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq dinlənilib:

“Onun diqqətinə çatdırılıb fakt üzrə bütün zəruri tədbirlər icra olunur.

Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir”.