İtaliyalı maestro: “İtaliyaya gələn azərbaycanlı tələbələr artıq yaxşı vokal məktəbi keçiblər”
Azərbaycanda maestro Vinçenzo De Vivonun iştirak etdiyi “Barokko Günləri” musiqi festivalı həftəsi başa çatır. Media.Az italiyalı professor və “Accademia D’Arte Lirica”nın bədii rəhbərindən musiqi festivalı və azərbaycanlı tələbələr üçün keçirilən ustad dərsləri ilə bağlı təəssüratlarını öyrənməyə müvəffəq olub.
– Azərbaycana ilk səfərinizdir?
– Bəli, bu mənim ilk səfərimdir. Bakı – keçmişlə gələcək arasında balansın hakim olduğu, özünəməxsus və çox xoş atmosferi olan füsunkar şəhərdir. Sevinc və həyat dolu bir şəhərdir. Çoxlu sayda teatr və konsert salonlarının olması dərhal diqqətimi çəkdi. “Barokko günləri” adlı ilk musiqi festivalı ilə bağlı burada olmaqdan xoşbəxtəm. Bu, şəhər üçün əlamətdar hadisədir və Bakı tamaşaçılarının necə reaksiya verməsi festivalın gələcəyinə böyük ölçüdə təsir edəcək.
– Bilirəm ki, bir çox azərbaycanlı opera müğənniləri təhsillərini sizin Osimodakı akademiyanızda davam etdirməyə üstünlük verirlər. Azərbaycan və İtaliya mədəniyyətlərində hansısa oxşarlıqlar və təsadüflər müşahidə etmisinizmi?
– Deyə bilərəm ki, azərbaycanlıların və italyanların musiqiyə və rəqsə xüsusi münasibəti var. Mən özüm Müslüm Maqomayev yaradıcılığının böyük pərəstişkarıyam və hesab edirəm ki, Azərbaycan estradasında bu heyrətamiz sənətkarın təsiri sayəsində müsbət yöndə çox dəyişikliklər baş verib. İtaliyaya gələn azərbaycanlı tələbələr artıq yaxşı vokal məktəbi keçiblər və tələffüzə daha çox diqqət yetirsələr və hər sözün mənasını başa düşsələr, köhnə italyan repertuarını asanlıqla ifa edə bilərlər.