23 Dekabr 2024

İt almaq istəyirdi, soyub soğana çevirdilər: Yeni dələduzluq növü – VİDEO

Ölkəmizdə onlayn alış-verişdən istifadə edənlərin sayı günbəgün artır.

Bu müasir alver növü özü ilə bərabər çox sayda üstünlüklər gətirsə də, gün keçdikcə yeni problemlərin yaranmasına da yol açıb. Dələduzluq da bu problemlərdən biridir.

Dələduzlar elan saytlarında ucuz qiymətə əşyaların, ev heyvanlarının fotolarını yerləşdirir, qurduqları tələyə kimin düşəcəyini gözləyirlər. Elə bu, it elanının sahibi kimi. Adının Amid olduğunu yazıb. Əslində 800-1200 manata satılan “Pomeran şpitz” cinsindən ev itini 450 manata təklif edib. Bununla da kifayətlənməyib, insanları daha çox şirnikləndirib və iti razılaşma yolu ilə 250 manata satacağını deyib.

Qiymətin ucuzluğuna inanan vətəndaş da iti almaq üçün müraciət edib. Beyləqanda yaşadığını, iti taksi ilə göndərəcəyini bildirən dələduz bank kartına pulu köçürüldükdən sonra telefonu bağlayıb. Necə deyərlər, it də əldən gedib, ip də. Aldandığını görən vətəndaş başqa nömrədən dələduzla əlaqə saxlayaraq iti almaq istədiyini deyib. Dələduz bu dəfə iti 350 manata satacağını bildirib.

Onlayn alış-veriş zamanı dələduzlar saxta linklərdən də istifadə edirlər. Məhsulu almaq üçün təklif edilən saxta linkə daxil olan vətəndaşdan ödəniş etmək üçün kartın 16 rəqəmindən başqa məlumatlar da tələb edilir. Həmin məlumatlar daxil etdikdən sonra kartınızdakı bütün məbləğ dələduzun ixtiyarında olur.

Bəs dələduzu hansı cəza gözləyir? Yaxud bu cür hallarla qarşılaşdıqda hansı hüquqi addımları atmalıyıq?

“Norma” Hüquq Mərkəzinin direktoru Şamil Paşayev deyib ki, dələduzluq əməlini törədən şəxs vətəndaşa 500 manatdan aşağı ziyan vurursa, cinayət məsuliyyətinə cəlb olunmur. Və bu da saxta elan sahiblərini daha da rahatlaşdırır.

Mütəxəssislər deyirlər ki, saxta elanla real elanı bir-birindən ayırmaq çox çətindir. Elan yerləşdirən şəxs sizdən tələsik beh istəyirsə, əlindəki məhsulun başqasına satılacağını deyirsə, yəni alqı-satqı prosesini tez yekunlaşdırmağa çalışırsa, böyük ehtimal dələduzun tələsinə düşmək üzrəsiniz.https://baku.tv/embed/73219