21 Noyabr 2024

İsveçrədə yayımlanan Azərbaycan hekayəsi: “İlan ağzından qaçan”

Kulis.az hazırda İsveçrədə yaşayan azərbaycanlı yazıçı Samir Sədaqətoğlunun “Voix d’Exils” internet qəzetində fransız dilində yayımlanan “İlan ağzından qaçan” hekayəsinin orijinalını təqdim edir.

O, əyalət qəzetinin redaktoruydu və dünyada zəhləsi gedən yeganə bir iş varıydısa, bu da öz peşəsiydi.

Getməyə yeri olmadığından, əlindən ayrı bir iş gəlmədiyindən qərara almışdı ki, lənətə gəlimiş həyatını elə bu sahədəcə çürüdüb məhv eləsin. Yəqin ki, özündən qisas almağın bundan yaxşı yolunu axtarıb tapmaq mümkün deyildi.

Artıq bir saata yaxın idi ki, qar nəfəsini dərmədən, ürək dolusu, sevinə-sevinə yağırdı. Və o – üst-başı ağappaq ağarmış, canına üşütmə düşdüyündən səki boyunca var-gəl edən əyalət qəzetinin redaktoru nə vaxtdan bəri idi ki, maşın gözləyirdi. Gecələr, xüsusilə də belə qarlı-sazaqlı havalarda bu tərəflərdə maşın tapmaq müşkül məsələdir. Amma nədənsə onun da tərs damarına düşmüşdü və mütləq evə – öz rayonlarına qayıdacağını qət eləmişdi.

Bura – qonşu rayona regional konfransa gəldiyi zaman narın-narın yağış yağırdı və adamın yatsaydı yuxusuna da girməzdi ki, əsəbləri sakitləşdirən o narın yağış belə tezliklə bu cür quşbaşı qara çevriləcək. Özünə, işinə, inadkarlıqla düzü-dünyanı ağartmaqda davam edən qara nifrət edə-edə taleyini lənətləyirdi. O, gör nə vaxtdan idi ki, gözləyirdi, ancaq hələ ki, bircə maşın olsun belə rastına çıxmamışdı. Qar isə getdikcə şiddətlənir, yolu-rizi ağuşuna alırdı.

Birdən haradasa it hürdü, sonra yolun əks tərəfindən tədricən iriləşən işıq görünməyə başladı. Əslində, o görünən işıqdan daha çox közərtiyə oxşayırdı və asta-asta ona sarı gəlir, böyüyür, işığa oxşamağa başlayırdı. Axır ki, o közərti o ki var böyüyüb qoşa işığa çevriləndən sonra, məlum oldu ki, gələn maşındır. Ona yaxınlaşan işığın maşın olduğunu bilən kimi canı bir anlığa qızışdı, cani-dildən, ləzzətlə əllərini bir-birinə sürtərək yerində atılıb düşməyə başladı.

Heç əl etməyə ehtiyac da olmadı, sürücü maşını asta-asta sürərək yanındaca saxladı.

Əyalət qəzetinin redaktoru becid hərəkətlə avtomobilin qapısını açıb sürücünün yanında əyləşəndən sonra:

– Qonşu rayona gedirəm, – dedi.

– Olsun, olsun, elə mənim də yolum o tərəfədi, – maşın sahibi dilləndi.
Onun diqqətini ilk cəlb edən sürücünün səsinin qəribəliyi idi. Üzü tüklü, 28-30 yaşlı bu oğlanın səsi cavandan daha çox qoca adamın səsinə oxşayırdı. Sanki illərin yorğunuydu və bu andıra qalmış dünyanın hər üzünü görüb-elədiyindən səsi o cür xırıltılı, soyuq idi.

Avtomobilin salonu istiydi və o şirin, xumarlandırıcı, adamın iliyini gizildədən isti canına yayıldıqca əyalət qəzetinin redaktoru ləzzətlə oturacağa yayxandı. Qar ara vermədən yağır, maşının silgəcləri aram-aram işləyir və silgəclərin hərəkətinə uyğun olaraq sürücü də bir ucdan söhbət eləyirdi.

Görünür, ondan fərqli olaraq sürücü çox danışanın birisiydi. Mövzuda ki nə çox: havacat, yağış, qar, yolların sürüşkənliyi, ən azından çeşid-çeşid beynəlxalq hadisələr. O isə bədəni isindikcə xumarlanır, göz qapaqları biixtiyar yumulurdu.

Birdən-birə necə oldusa söhbətin yönü dəyişdi və əyalət qəzetinin redaktoru yol yoldaşını maraqla dinləməyə, arabir onun verdiyi sualları həvəslə cavablandırmağa başladı. Əvvəlcə sürücü hansısa qara, böyük itdən söz açdı. Sən demə, həmin qara, böyük it lap adam kimi dil bilirmiş. Əlbəttə, itin sədaqətli heyvan olması heç də təzə məsələ deyil. Ancaq sürücü o böyük, qara itdən elə şövqlə danışırdı ki, istər-istəməz adamı maraqla dinləməyə məcbur eləyirdi.

– Hə, sizə onu da deyim ki, mənim çox gözəl, qırmızı bir ilanım da var, – deyə maşın sahibi qəfildən mövzunu dəyişdi. – Yeri gəlmişkən, bir söz soruşum. Ümumiyyətlə, sizin ilanlara münasibətiniz necədir?

Əyalət qəzetinin redaktoru qəfil sualdan bir anlığa tutuldu. Bütün bədənini soyuq bir tər dalğası yalayıb keçdi. Söz yox, onun bu məsələyə münasibəti birmənalıydı. Dünyada qorxduğu bir şey vardısa, o da ilanıydı. Nəinki ilanın dirisini, hətta ölüsünü belə görəndə canına üşütmə düşürdü.

– Ağına da, qarasına da! – o, handan-hana cavab verdi.

– Amma adamlar var ki, ilandan da betər zəhərli, qorxulu məxluqdular, – deyə sürücü acıqla dilləndi.

– Bu, köhnə fəlsəfədi, belə şeyləri çox eşitmişik, – söhbətə birdəfəlik son qoymaq üçün əyalət qəzetinin redaktoru səsini qaldırdı.

– Yox, qardaş canı, köhnə-filan məsələ deyil, – görünür, maşın sahibi dediyini sübut eləməyincə əl çəkmək niyyətində deyildi. – Belə bir məsəl var: ilanın quyruğunu tapdalamasan sənnən işi olmaz. Siz elə bilirsiniz ki, ilanın ürəyi yoxdu? Var, ilanın da ürəyi var. Amma adamlar heç olmasa bircə dəfə o ürəyi duymağa cəhd eləyiblərmi?
Sual havadan asılı, cavabsız qaldı. Bir müddət beləcə keçdi. Sükutu yalnız maşının silgəclərinin ahəngdar hərəkətinin səsi pozurdu.

– Bax, mən həmin qırmızı ilanı evimdə saxlayıram, – sürücü yenidən dilləndi. – Onu da deyim ki, iki körpə uşağım var, ancaq o ilan indiyə qədər uşaqlardan birini də olsun hürkütməyib. Ona həyətdə daşlardan kiçik bir yuva da düzəltmişəm. Yeməyini, içməyini öz əllərimlə qabağına qoyuram. Evə gec döndüyüm vaxtlarda isə ya yoldaşım, ya da uşaqlar onu yedirib-içirirlər. Kimsəyə də toxunub eləmir. Sakitcə qalxır evin eyvanına, yeyir-içir, qarnını doyurandan sonra asta-asta sürünüb yuvasına qayıdır.

Sürücü o lənətə gəlmiş qırmızı ilandan elə həvəslə, şirin-şirin söhbət eləyirdi ki, sanki qoca, ya da xəstə ata-anasına qulluq eləməyindən danışır.

– Bəs, o ilan nə yeyir, onun yeməyini hardan tapırsan? – əyalət qəzetinin redaktoru qəfildən soruşdu.

– At deyil, dəvə deyil, nə yeyəcək ki. Torpaq, adi torpaq. Alıram torpağı ovcuma, ovxalayıb, gilələyib tökürəm qabağına. Ya da bir badya süd. İki inəyim var, sahər-axşam on litrdən çox süd olur qapıda. Özü də necə süd: yağlı, zığlı. Allahın nemətidi də. Bir ilanın da qarnını doyuzdura bilməsək, ta nə kişiyik. Yeyir, içir, şellənir özüyçün. Bilir ki, bizdən ona xətər dəyməz. Yəqin gedib başqa ilanlara adamlardan danışır, deyir ki, adamları sancıb zəhərləməyin, onların hamısı pis deyil, içində yaxşıları da var. Elələri ki, ilanları duyur, anlayır, başa düşür.

– Neçə ildi saxlayırsan onu?

– Körpəliyindən, – deyə sürücü cavab verdi. – İndi doqquz yaşı var. Düz doqquz ildi qulluq eləyirəm ona. Balam kimi istəyirəm onu. Bir gün görməyəndə darıxmaqdan az qalır ürəyim partlasın. Elə bilirəm ki, doğmaca oğlumdu.

– Sən onun cinsini hardan bilirsən ki?

– Pah, necə yəni hardan bilirəm? Oğlandı da. Əməlli-başlı qırmızı, igid oğlan. Həm də qeyrətli oğuldu.

– Bəs, o necə olur, onu hardan bilirsən? – sürücünün ağlından şübhələnməyə başlayan əyalət qəzetinin redaktoru istehzayla xəbər aldı.

– Qonşumuzda bir qız var, ona vurulub, ondan bilirəm.

Bu sözlərdən sonra sürücünün ağıldan kəm olmasına heç bir şübhəsi qalmayan əyalət qəzetinin redaktoru narahatlıqla dilləndi:

– Sən Allah, qardaş, yola bax, özün görürsən ki, qar necə şiddətlə yağır. Elə elə ki, gedib mənzil başına sağ-salamat çıxaq.

– Narahat olmağa dəyməz. Ürəyinizi sıxmayın, sizi necə lazımdı sağ-salim aparıb evinizə çatdıracağam. Ancaq xahiş eləyirəm ki, sözümü qəribçiliyə salmayasınız. O ilan doğrudan da, qonşuluğumuzdakı qıza vurulub. Amma neyləyəsən ki, onu başa düşən, anlayan yoxdu. Sizə deyim ki, ilanlar sevəndə də ilan kimi sevirlər. Adamlardan da güclü, adamlardan da şiddətli. Axı, sizə niyə elə gəlir ki, onlar sevə bilməz? Bayaq dedim axı, ilanların da ürəyi var: sevən, sevilmək istəyən ürəkləri.

– Yaxşı, tutaq ki, mən səninlə razılaşdım. De görüm, ilanın qonşudakı qızı sevdiyini sən hardan bilirsən?

– Çox sadə yolla. O qıza indiyə qədər üç dəfə elçi düşüblər. Hər elçi gələn axşam da həmin ilan gecəni o qızla keçirib. Səhər oyanıb görüblər ki, ilan qızın yatağındadır. Ya döşəyin, ya yastığın altında, ya da yatağın harasındasa sakitcə qıvrılıb yatıb özüyçün. Ona görə də hər dəfə elçilərə yox deyiblər. Qohum-əqraba başa düşüb ki, əgər qızı başqasına nişanlasalar ilan onu sancıb öldürəcək. Sevir axı, qoymaz ki, istədiyi qız özgəsinin qisməti olsun.

Əyalət qəzetinin redaktoru tamam çaşıb qalmışdı: anlaya bilmirdi ki, sürücü onu məsxərəyə qoyub, yoxsa danışdıqları həqiqətən də ciddi söhbətdir. Bu məsələnin axırına çıxmaq üçün:

– Sən üvanını mənə ver. Sabahda-birisi gündə gəlib qoy o aşiq ilanı öz gözlərimlə görüm, – deyərək, asta-asta irəliləyən maşının pəncərəsindən bayırdakı quşbaşı qarı seyr eləməyə başladı.

Sürücü bu sözlərdən sanki birdən-birə vəcdə gəldi:

– Vallah, düz sözümdü, doğrusu, mən heç cür başa düşə bilmirəm ki, niyə insanlar ilanlara nifrət eləyirlər? Harda ilan görsələr qorxub qaçır, öldürməyə çalışırlar. Bir şey ki, onların zəhəri də dərmandı. Yaxşı, yaxşı, başa düşürəm ki, siz bunları bilirsiniz. Ancaq onun da fərqindəsinizmi ki, ilanların da xoş münasibətə, sevgiyə ehtiyacları var. İlanları duymaq, anlamaq, sevmək lazımdır. Sevin onları, xahiş edirəm, sevin onları…

Maşın sahibi bir ucdan danışırdı və getdikcə səsi kəskin surətdə xırıldamağa başlayırdı. Gözlərini avtomobilin pəncərəsinin arxa tərəfindəki ağımtıl, yaralı qaranlığa zilləyən əyalət qəzetinin redaktoru qəfildən bayaq maşına oturarkən də sürücünün səsinin bu cür xırıldadığını xatırladı və asta-asta dönərək ona baxdı, ilan çalmış adam kimi quruyub qaldı: sürücü yerində yox idi, avtomobilin sükanın üstündə isə qıvrılmış qırmızı bir ilan var idi.

O, əvvəlcə heç nə anlamadı, soyumuş, buza dönmüş əlləriylə gözlərini ovuşdurdu. Çox ləng halda, ağır-ağır göz qapaqlarını qaldırıb bir daha sürücünün oturacağına boylandı. Heç bir şübhə ola bilməzdi: sürücü həqiqətən də, yerində yox idi, fəqət sükanın üstündə qırmızı bir ilan qıvrılaraq başını ona tərəf tutub nəsə fısıldayırdı.

Qəfildən asta-asta hərəkət edən maşının qapısını açan əyalət qəzetinin redaktoru yerə tullandı və qarın içiylə «Kömək edin! Kömək edin!» deyə qışqıraraq irəli qaçmağa başladı. Əyləclərin səsindən avtomobilin dayandığı hiss olundu. Arxaya baxmadan çığıra-çığıra irəliyə doğru qaçan əyalət qəzetinin redaktoru birdən üzü üstə yerə – qarın içinə yıxıldı.
Qar isə nəfəsini dərmədən sevinə-sevinə, nəşə ilə yağırdı…