29 Mart 2024

Xudayarın nəğmə ilə layla çaldığı məzar

Bakı-Qazax yolu uşaqlığımın tən ortasından keçən ağ zolaq olub.

İllərlə gah maşınla, gah avtobusla bu yolu getmişəm. Yol boyunca evləri, ağacları, lövhələri, kənd adlarını saya-saya keçirdim.

Pəncərədən burulub dairə şəklində fırlanan və geridə qalan yaşıl zəmilər dünyanın yuvarlaq olduğuna inandırırdı məni.

Ağaclar, maşınlar, inəklər, adamlar…

Hər şeyi geridə qoyub sonra da yenidən ora qayıtmaq…

Elə bilirdim, hər şey həmin vaxt sadəcə mən ordan keçim deyə var.

Əyləncəli idi.

Sadəcə, tək bir yer vardı ki, ora çatanda hər dəfə dəyişirdi əhvalım. Hər ordan keçəndə uşaq ağlımla ciddiləşməyə cəhd edirdim. Gözlərim dolur, sanki dünyanın da rəngi dəyişirdi, hətta burulub, qıvrılan, dairə şəklinə düşən dünya kiçilib balaca bir qutuya çevrilirdi. Ürəyim sıxılırdı. Bakı-Qazax yolunun hansısa kilometrində unudulmuş, kol-kos basmış əsgər məzarı…

Hər il ən az dörd dəfə onunla rastlaşırdım o yolda. Hərdən kolluqda itmiş olurdu o məzar. Hərdən üstündə solğun bir səməni, hərdən qərənfil, hərdən də qırmızı lent görürdüm. Balaca, düzbucaqlı, qara bir lövhənin üstündə sanki ağ təbaşirlə yazılmışdı: “Naməlum əsgər məzarı”

Mənim uşaqlığımın cavabsız suallarından biri idi bu – əsgər necə naməlum olur axı?

Beş ildən çoxdur o yoldan son dəfə keçdiyim.

İtkin düşmüş əsgərlərlə bağlı xəbər mənə yoldakı o balaca lövhəni – naməlum əsgər məzarını xatırladır.

Görəsən, heç kim axtarmayıb onu?

Ya hələ də gözləyəni varmı?

Ya da görəsən, indi itkin düşən uşaqlardan hansısa o yolda o məzarı görmüşdü haçansa?

Nə qəddar düşüncə imiş – hər şey o yolda sadəcə haçansa sən ordan keçəsən deyə var…

Şəhid əsgər Xudayarın qəmzəli yanaqlarında nisgilli təbəssümlə oxuduğu nəğməsi günlərdir mənim də başımda dumana dönüb. Yumru dünya yenə kiçilib qutuya dönüb.

Uşaqlıq illərimdəki eyni qəddar düşüncə yenə beynimə hakim kəsilir – bəlkə də hər şey, sadəcə sən öz nəğməni oxuyasan deyə vardı…

Məni əylənə-əylənə böyüdən o düşüncə indi diksindirir.

Qəmzəli, təbəssümlü, nisgilli o məlum nəğmə bütün naməlum əsgər məzarlarına deyilən laylaydır sanki.

Fəridə Zero