22 Dekabr 2024

İstanbulda keçirilən beynəlxalq konfrans başa çatdı – FOTOLAR

Fevralın 24-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə İstanbulda keçirilən “Dekolonizasiya: İntibah dövrünün başlanğıcı” mövzusunda beynəlxalq konfrans başa çatıb.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov ötən dövrdə bu qurum tərəfindən altı beynəlxalq konfransın keçirildiyini bildirib.

Vurğulanıb ki, bu konfransların əsas məqsədi müstəmləkəçilikdən zərər görən bölgələrin səslərinin dünya ictimaiyyətinə çatdırılması idi. Bakı Təşəbbüs Qrupu buna nail oldu və bundan əziyyət çəkən insanlar yaradılan platformalar vasitəsilə səslərini dünyaya çatdıra bildilər. Dünya bu regionlarda baş verən hadisələri, Fransanın müstəmləkəçilik siyasətinin ağır nəticələrini öyrəndi.

Fransız Polineziyasının BMT-dəki nümayəndəsi Carlyle Korbin çıxışında müstəmləkəçilikdən zərər görən bölgələrdəki insanların səsinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi dəstəyə görə Azərbaycan, o cümlədən bu məqsədlə yaradılan Bakı Təşəbbüs Qrupuna təşəkkürünü ifadə edib. O deyib ki, müstəmləkəçiliyin ilkin mərhələsi məhz Avropa ölkələrində başlayıb və azadlıqların məhdudlaşdırılması ilə dünyanın müxtəlif bölgələrində davam edib. Hazırda dünyada hələ də bu təzyiqlərə məruz qalan ölkələr var. Bəzi ölkələrdə müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində zaman-zaman hərəkatlar baş qaldırsa da, onların özünü idarə etmələri baxımından çox kiçik və uzaq olduqları düşünüldü. Hazırda dünya üzrə BMT prinsiplərindən uzaq idarə edilən 17 müstəmləkə ada var və Azərbaycan tərəfindən təşkil olunan belə tədbirlər buralarda yaşayan insanlar üçün çox vacibdir.

Konfransda, həmçinin Fransız Qvianası Assambleyasının (Parlament) vitse-prezidenti Samanta Fransuaz Siriak, Yeni Kaledoniyanın xarici işlər, mədəniyyət, gənclər və idman naziri Mikael Forrest, BMT-nin idarəçilik üzrə eksperti, Martinika Assambleyasının deputatı Lük Fransis Karol, Fransız Polineziyası parlamentində Avropa və xarici işlər Komissiyasının sədri Morea Maamaatuaiahutapu, Korsika parlamentinin sabiq prezidenti Jan-Qi Talamoni, Avropa Parlamentinin sabiq üzvü, Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin baş katibi Jan-Jakob Bisep, Türkiyə Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun tədqiqatçısı (SETA) Tunç Demirtaş və başqaları çıxış ediblər.

Tədbir müzakirələr formatında davam etdirilib.

Sonra Bakı Təşəbbüs Qrupunun gördüyü işləri özündə əks etdirən videoçarx nümayiş olunub.

Tədbir mövzu ilə bağlı panel iclaslarla davam etdirilib.

Panel müzakirələrindən sonra iştirakçılar adından Fransa Prezidenti Emmanuel Makrona açıq məktub ünvanlanıb.

Məktubda BMT Baş Assambleyasının dekolonizasiya ilə bağlı qətnamələrinə istinad edilərək, həmin sənədlərin 60 ildən çoxdur qəbul olunmasına baxmayaraq, Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupunda yaşayan xalqların bu gün də Fransanın müstəmləkəçiliyindən və neokolonializmindən əziyyət çəkdiyi vurğulanır.

Məktubda həmin adalarda Fransanın törətdiyi müxtəlif cinayətlər, habelə bu torpaqların Fransa dövləti tərəfindən işğal edilməsi, yerli iqtisadiyyatın inkişafına bilərəkdən maneə yaradılması, yerli əhalilərin pestisidlərlə zəhərlənməsi və əhalinin bunun fəsadlarından əziyyət çəkməsi, insanların məcburi emmiqrasiyaya sövq edilməsi, bu ərazilərə qanunsuz köçürülmənin bu gün də aparılması, orada müstəmləkəçi məhkəmə sistemlərinin tətbiqi və digər faktlar öz əksini tapıb.

İştirakçılar Emmanuel Makrondan Fransa hökumətinin qanunsuz hərəkətlərini dayandırması tələbini irəli sürərək, bu ərazilərdə mədəni və dini irsin vəziyyətinə dair məruzənin hazırlanması üçün UNESCO missiyasının həmin bölgələrə göndərilməsinin əhəmiyyətini vurğulayıb, ATƏT-in ətraf mühit, iqtisadiyyat, insan hüquqları və yerli əhalilərin hüquqlarına dair vəziyyətinin öyrənilməsi missiyasının müstəmləkə ölkələrinə göndərilməsi üçün quruma müraciət ünvanlamasına çağırış ediblər.

Tədbirin sonunda Fransa hökuməti tərəfindən keçmiş və indiki müstəmləkələrdən oğurlanaraq bu ölkəyə daşınmış 100 mindən artıq maddi və mədəni irs nümunəsinin geri qaytarılması üçün petisiyaya start verildiyi elan edilib.

Bildirilib ki, bununla bağlı müxtəlif kampaniyalar həyata keçiriləcək.

Xatırladaq ki, konfransa dünyanın 13 ölkəsindən və 5 beynəlxalq təşkilatdan ümumilikdə 50 nümayəndə iştirak edib. Onların böyük əksəriyyəti Fransanın hələ də müstəmləkəsi olan dənizaşırı ərazilərindən– Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika, Qvadelupa, Wallis və Futuna, Korsika, eləcə də Qəmər Adaları İttifaqından (Fransa Qəmər Adaları İttifaqının ərazisi olan Mayot adasını hələ də işğal altında saxlayır) gələn şəxslərdir.

Qeyd edək ki, bu, Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi 7-ci beynəlxalq konfransdır.

Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəsi altında yaşayan xalqlarla həmrəyliyini ifadə edir, onların azadlığı və müstəqilliyi uğrunda mübarizəsinə hər zaman dəstək verəcəyini bildirir.

Fransa müstəmləkəçiliyinə qarşı mübarizəyə dəstək məqsədi daşıyan Bakı Təşəbbüs Qrupu ötən il iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb.