İslamda nümunəvi qadın obrazı – Həzrət Fatimə
Məhəmməd Peyğəmbərin (s) kiçik qızının İslam tarixindəki yeri və rolu haqda nələri bilmirik?
Uşaq olanda xəstələnəndə nənəm bizi ovxalayardı. Əlinə bir tikə soğan alar, alnımızı, böyun-boğazımızı ovxalayardı. Soğanın qoxusu xoş olmasa da, o ovxalamada, əllərdə bir qəribə şəfa qarışıq nəvaziş olardı. Nənəm ovmağa başlamazdan qabaq dodaqları altında hansısa sözləri təkrarlayar və axırda nisbətən uca səslə “Fatimə ananın əli ilə ovuram” deyərdi. O deyişdən hiss edirdim ki, nənəm şəfanın məhz bu bir cümlədə olduğuna inanır. Həzrət Fatiməni kitablardan əvvəl nənələrin dilindən eşidib tanımışıq.
Çox təəssüf ki, İslamda bir sıra həqiqətlər zamanın və müsəlmanlar arasında didişmənin kölgəsində qalaraq həqiqi mahiyyəti ört-basdır edilib. Bu mənada ən böyük haqsızlığa məruz qalan şəxsiyyətlərdən biri Məhəmməd Peyğəmbərin (s) qızı Fatimeyi Zəhra olub. Hazırda Həzrət Fatimənin şəhadətinin növbəti ildönümü qeyd olunur. Yenə də Peyğəmbər qızı daha çox faciələri ilə xatırlanır. Əslində isə tanıdılması və öyrənilməsi lazım olan daha çox şeylər var.
Məhəmməd Peyğəmbərin (s) kiçik qızı Fatimeyi Zəhra İslam müqəddəsatının mərkəzində dayanan birləşdirici şəxsiyyət olub. Məhəmməd Peyğəmbərin (ə) nəsli məhz onun vasitəsilə davam edib. Peyğəmbərin digər övladları ya çox yaşamayıb, ya da uşaqları qalmayıb. Fatimə (ə) İmam Əli (ə) ilə qurub və Əhli Beyt adlanan müqəddəs ailənin təməlini təşkil edib, Peyğəmbər nəslinin davamçıları olan İmam Həsən (ə) və İmam Hüseyn (ə) onun övladlarıdır.
Quran-Kərimin 108-ci surəsinin məhz Həzrət Fatiməyə həsr olunduğu bildirilir. Çünki bu surədə peyğəmbərə verilən nemətdən və soyunun davam edəcəyindəın bəhs olunur. Peyğəmbər nəsli onun kiçik qızı vasitəsilə davam edir.
“(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik! Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs! (Ya Peyğəmbər! Oğlun Qasım, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!) (Kövsər, 1-3-cü ayələr).
Həzrət Fatimə uşaqlıqda anasını erkən itirir və atasına analıq edir. Onun ən məşhur ləqəblərindən biri də “Ummi Əbiha”, yəni “atasının anası”dır. Həzrət Fatimə İmam Əli (ə) ailə ailə qurur, Peyğəmbərin soyu və Ahli Beyt imamları Fatimə xətti ilə davam edir. Həzrət Fatimə (ə) imamlar anasıdır. Atası onu sağlığında çox sevib və əziz tutub. Həzrəti Fatimə gələndə Peyğəmbər ayağa qalxıb kiçik qızı ilə görüşərmiş. Onu 4 müqəddəs qadından biri elan edib.
Həzrət Fatimə 614, bəzi rəvayətlərə görə 605-ci ildə Məkkə şəhərində anadan olub. Atası Həzrət Məhəmməd. Anası Həzrət Xədicə olub. Həyatının bir qismini Məkkədə yaşayıb, daha sonra Mədinəyə, atasının yanına köçüb. Erkən yaşında anasını tiririb, atasına daha çox bağlı olub. “Atasının anası” ləqəbi də burdan yaranıb. İmam Əli (ə) ilə ailə qurub. Əsas rəvayətlərə görə 5 övladı – Həsən, Hüseyn (imamlar – K.R.), Zeynəb, Ummu Gülsüm və Muhsin. Ancaq tarix kitablarında Ummu Gülsüm haqqında ətraflı məlumat yoxdur, Muhsin isə kiçik yaşda dünyasını dəyişib. İlk 3 övladı – Həsən, Hüseyn və Zeynəb isə İslam tarixində yer almış tarixi şəxsiyyətlərdir. Həzrət Fatimə 632-ci ildə Mədinədə atası Məhəmməd Peyğəmbərin vəfatından bir neçə ay sonra dünyasını dəyişib. Qısa ömür yaşayıb, ancaq çox zəngin, bərəkətli və bəşəriyyətə örnək həyatı olub.
Yuxarıda qeyd etdiyimiz kimi, tarix Həzrət Fatiməyə qarşı çox amansız olub. Gənc yaşda dünyasını dəyişir və Peyğəmbərdən sonra bir sıra xoşagəlməz hadisələrlə üzləşir. Çox təəssüf ki, sonrakı tarix məhz bunun üzərində qurulur. Əhli Beyt tərəfdarları daha çox Hərzət Fatimənin faciələri üzərində köklənərək onun cəfakeş ana, məzlum peyğəmbər qızı obrazını yaradır, digər İslam məktəbləri isə onu Peyğəmbər qızı, İmam Əlinin həyat yoldaşı kimi təqdim edirlər. Və bu iki paralelin ortasında Həzrət Fatimənin İslam tarixindəki yeri tam olaraq görünmür, ört-basdır edilir.
Böyük müsəlman sosioloq Əli Şəriəti Həzrət Fatimənin həyatından bəhz edən “Fatimə Fatimədir” əsərində müəyyən mənada qadın şəxsiyyət olaraq Fatimənin (ə) yerioni göstərməyə çalışır. Onun elmi, ictimai-siyasi fəaliyyətinə ışıq tutmğa çalışır. Əli Şəriəti həzrət Fatiməni Əhli Beytin mərkəzində birləşdirici məfhum olaraq görür.
“Əlinin (ə) müqayisəsiz həqiqət, mütərəqqi məktəb olmasına heç bir şübhə yoxdur. Əli (ə) əfsanəvi həqiqətdir. İnsan necə olmalıdırsa, Əli (ə) elədir!
Onun həyat yoldaşı Fatimə ideal qadın nümunəsi olaraq, heç bir zaman və məkanda öz aktuallığını itirmir. Övladları Hüseyn və Zeynəb öz inqilabları ilə istibdadı bəşər tarixində əbədi rüsvay edənlərdir.
Fatimə “evi”, İbrahimin öz varisləri ilə məskunlaşdığı Kə`bədir. Əlbəttə ki, burada “Kəbə” bir işarədir. O Kəbə daşlardan qurulmuşdusa, bu Kəbə insanlardan ucalmışdır. O Kəbə yalnız müsəlmanlar üçün idisə, bu Kəbə bütün məzlum aşiqlərin sığınacağıdır”.
Ancaq məsələ ondadır ki, Həzrət Fatimənin həyatı yalnız qız, həyat yoldaşı və ana olmaqdan ibarət olmayıb. Bizə tanıdılan Fatimeyi Zəhra Peyğəmbərin qızı, İmam Əlinin xanımı, Həsən, Hüseyn və Zeynəbin anasıdır. Təbii ki, böyük fəzilətdir, amma qəribə də dini mənbələrdə Peyğəmbərin (s) qızının ictimai-siyasi fəaliyyəti, məsciddəki elmi-dini çıxışları, həmçinin müharibələr zamanı xəstələrə yardım etməsi, tibb bacısı rolunu xatırlamır. Halbuki, dünya tarixində ilk dəfə qadınlardan ibarət tibbi yardım qrupları Məhəmməd Peyğəmbərin (s) rəhbərlik etdiyi müharibələrdə mövcud olub. Bu qruplarda digər qadınlarla yanaşı Fatimeyi Zəhra da iştriak edib, yaralılara yardım göstərib.
Həzrət Fatimə eyni zamanda elmli insan olub, güclü natiqlib qabiliyyətinə sahib olub. Onun bir neçə məşhur xütbələri vardır. Bu çıxışların bəzilərini yalnız qadınlar qarşısında, bəzilərini isə məsciddə kişili-qadınlı müsəlman icmaslının qarşısında edib. Bu çıxışların bir qismi sonradan toplanaraq kitab halında çap olunub.
Yeri gəlmişkən, Həzrət Fatimənin (ə) adı sonrakı illərdə də müsəlmanlar üçün yol göstərən bir nur olub. 909-cu ildə qurulmuş Fatimilər dövləti 260 ildən çox yaşayıb və İslam dünyasına böyük töhfəlrə verib. Mərakeşdən Ərəbistana qədər böyük bir coğrafiyaya sahiblik edən Fatimilər 10-cu ərzin ikinci yarısında bugünkü Qahirə şəhərini salıblar. Bundan başqa bu gün İslam aləminin ən böyük təhsil ocağı hesab olunan “əl-Əzhər” universiteti 970-ci ildə məhz Fatimilər tərəfindən təsiri olunub. Adı isə “Zəhra” sözündən gəlir. Fatimilər 1171-ci ilə süqut edənə qədər müsəlman aləminin ön böyük dini, siyasi, mədəni mərkəzi olub.
Həzrət Fatimə Peyğəmbər qızı olmaqla yanaşı tarixi şəxsiyyətdir, İslam dinində qadının yeri və rolu barəzə ən bariz örnəkdir. Həm övlad, həm həyat yoldaşı, həm ana, həm də ictimai xadim, aktiv icma fəalı kimi bir obraza sahibdir. İslam dinində qadının yeri və haqları barədə danışarkən əsas örnək Həzərt Fatimə alınmalıdır. Çünki o şəriət qanunları qoyan və bu qanunları ilk tətbiq edən şəxslərin ailə üzvü idi. Hələliksə İslamda qadın haqları kimi mövzular 3-cü, 4-cü nəsildən sonra ortaya çıxmış fəqihlərin yazıları ilə tanınır, halbuki örnək daha açıq və aydındır.
Əslində bura qədər yazılanların heç biri yeni deyil. Ötən 1400 ildə tarixdə olanların hamısı yazılıb və deylib. Bu mövzuda yeni nəsə demək çox çətindir. Amma bu gün dünyanın dünyanın getdikcə daha da qəddarlaşdığı, “məhvərindən qopduğu” bir zamanda Həzrət Fatimə kimi şəxsiyyətlərin tanıdılmasına, onların öyrənilib təbliğ olunmasına ehtiyac var.
Kənan Rövşənoğlu,
Musavat.com