22 Dekabr 2024

İşğaldan azad edilmiş ərazilərdə ilk turizm məqsədli mərkəz Suqovuşanda formalaşdırılır

“Bu gün Naftalan rayonunda Turizm İnformasiya Mərkəzinin açılışı olacaq ki, bu da bölgənin turizm potensialını artırmağa imkan verəcək”.

Musavat.com bildirir ki, bu sözləri Naftalanda keçirilən “Naftalan- Sağlamlıq və Turizmin Sinerji Mənbəyi: Regionda Yeni Reallıqlar” beynəlxalq elmi-pratik konfransında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. Agentliyin rəhbərinin sözlərinə görə Azərbaycana sağlamlıq turizmindən istifadə məqsədi ilə əsasən MDB ölkələrindən gəlirlər: “Onların da əksəriyyəti Naftalanı seçir. Son 6 il ərzində Naftalanda sağlamlıq turizmi potensialının inkişaf etdirilməsi üçün investisiya qoyuluşunda güzəştlərin tətbiqi ilə həm yeni infrastrukturun yaradılması, həm də mövcud infrastrukturun bərpası və yenidən qurulması istiqamətində irimiqyaslı işlər aparılıb. Pandemiya dövrü istisna olmaqla, son illərdə Naftalanda müalicəvi xidmətlərdən və sağlamlıq turizmindən istifadə edənlərin dinamikasına baxsaq, həm yerli, həm də xarici turistlərin sayının artmasını müşahidə edə bilərik.

Naftalan şəhərində olan sanatoriya və hotel kateqoriyasına aid edilən 15-dək yerləşmə məkanı var ki, onların da ümumi nömrə fondu 1800-ə yaxındır”.

Fuad Nağıyev işğaldan azad olunan ərazilərdə aparılan turizmdən də söz açıb: “Bu ərazilərdə ilk turizm məqsədli mərkəz Suqovuşanda formalaşdırılır.Bu turizm mərkəzinin yaradılması Naftalanda turizmin inkişafı üçün də əhəmiyyət kəsb edir. Belə ki, ötən il təməli cənab Prezident tərəfindən qoyulan, hazırda icra mərhələsində olan Suqovuşan turizm kompleksinə məsafə baxımından yaxınlıq Gəncə ilə yanaşı, həm də Naftalandan oraya turist səfərlərinin təşkil olunacağını deməyə əsas verir. Əlbəttə, Naftalandan Suqovuşana turist səfərlərinin təşkili əlavə biznes sahələrinin yaradılmasına öz müsbət təsirini göstərəcəkdir. Naftalan – Talış – Suqovuşan istiqamətində mövcud yol infrastrukturunun istismara verilməsi regionun turizminin inkişafında mühüm amil hesab edilir. Sözügedən yol infrastrukturunun Naftalana gələn turistlərin Suqovuşana səfərinin asanlaşması və qısa müddətli turist səfərlərinin təşkilini mümkün edəcəkdir”.

Xalidə Gəray
Foto müəllifindir