İran XİN rəhbəri Moskvada pərt edildi – bu dəfə “şillə” Kremldən gəldi
İranın yeni xarici işlər naziri Hüseyn Əmir Abdollahiyan Moskvaya səfər edib. Bu, ölkənin baş diplomatı kimi onun Rusiyaya ilk ziyarətidir. Ancaq siftəni korlanmış saymaq olar. Çünki Abdollahiyan səfərdə güddüyü əsas hədəfinə – “sionist rejimin müttəfiqi” Azərbaycana qarşı Rusiyadan dəstək almağa nail ola bilmədi. Tam əksinə, Rusiya baş diplomatı Sergey Lavrov onu sadəcə, pərt və başından elədi.
Düz də elədi. İstər Azərbaycan, istərsə İsrail Rusiya üçün sıradan dövlətlər deyil, İran kimi bölgədə Moskvaya rəqiblər də deyil. Ən əsası, Kremldə Abdollahiyansız da əla bilirlər ki, bölgədə nələr baş verir və kim kimdir? Hər necə olmasa, Rusiyanın hər üç Güney Qafqaz ölkəsində hərbi mövcudluğu var.
Ondan başlayaq ki, İran XİN başçısı Lavrovla görüşdə rəsmi Tehranın ənənəvi təxribatçı mövqeyini səsləndirib. Deyib ki, “İran Qafqazda geosiyasi dəyişiklikəri qəbul etməyəcək”. Bildirib ki, “İran öz təhlükəsizliyinə və bölgənin təhlükəsizliyi mövzusuna ciddi yanaşır”.
Və ardınca yenə Azərbaycanı nəzərdə tutaraq köhnə bayatını oxuyub: “Bölgə yeni və ifrat tələblərə tab gətirə bilməz. İran digər ölkələrdən onun mehriban qonşuluq siyasətinə müsbət cavab verməsini gözləyir. Biz Qafqazda geosiyasi dəyişiklikləri qəbul etməyəcəyik. Biz hələ də bölgədə sionistlərin və terrorçuların varlığından narahatıq”.
İran rəsmisi həmçinin ölkəsinin sərhədlərimizdə əsassız hərbi təlimlərinə haqq qazandırmağa çalışaraq deyib: “Regionda Azərbaycan Respublikası və digər ölkələr tərəfindən 6 manevr həyata keçirilib. İran isə son bir neçə gündə yalnız bir təlim keçirib. Bu təlimlər də ölkə daxilində həyata keçirilib”.
Bununla o, həm də Türkiyə və Pakistana işarə edərək, onların öz ərazilərində yox, xaricdə – Azərbaycanda – birgə təlimlər keçirməsinə bu şəkildə etiraz bildirib.
Ancaq görünür ki, Moskvanı Tehranın qayğıları, həm də əsassız qayğıları az maraqlandır. Hər halda Lavrovun birgə mətbuat konfransında aşağıdakı fikirləri diqqət çəkir.
Sitat: “Ermənistan, Azərbaycan, Gürcüstan, İran, Rusiya və Türkiyənin iştirakı ilə “3 + 3” formatının yaradılmasının mümkünlüyü müzakirə olunur. Bu çərçivədə bu gün “3 + 3” formatının yaradılması təşəbbüsünü müzakirə etdik: üç Cənubi Qafqaz ölkəsi və onların üç böyük qonşusu – Rusiya, İran və Türkiyə. Bu təşəbbüsə Türkiyə və Azərbaycan kimi İran da müsbət münasibət bəsləyir. Ümid edirik, Gürcüstan da düzgün seçim edəcək”.
Yəni bütün bunlar İrana aydın işarədir ki, regionda “əcinnə ovu”na çıxmaqdansa, faydalı işlərlə məşğul olsun. Sərt reallıq da bundan ibarətdir ki, Azərbaycanın ünvanına əsassız və sübutsuz ittihamlar səsləndirən İran son günlər ərzində bir neçə dəfə belə gülünc vəziyyətə düşüb və “şapalaq” alıb.
İran XİN rəhbəri isə Moskvaya çatar-çatmaz, Moskva hava limanındaca bəyanat vermişdi ki, Moskva ilə “bölgədəki sionistlər və terrorçular” məsələsində anlaşma əldə edəcəyinə ümid edir. Hər halda bir ölkənin xarici işlər nazirinin üçüncü ölkənin hava limanındaca başqa bir dövlətdən uşaq kimi şikayət etməsi yaraşmayan hərəkətdir.
Ancaq İran XİN rəhbərinin ümidi boşa çıxdı. Həm də o səbəbə ki, Rusiya gerçəyin nə yerdə olduğunu öz xüsusi xidmətləri vasitəsilə çoxdan müəyyən edib və İrandan da yaxşı bilir. Moskva çoxdan əmin olub ki, İranın bu qəbildən iddiaları “feyk”dən başqa bir şey deyil…
***
Bu yerdə Azərbaycan Prezidenti İlham Əliyevin iki gün öncə Cəbrayılda etdiyi çıxışdan bir sitatı yada salmağa dəyər:
“Hazırda regionda real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Türkiyə-Rusiya əməkdaşlığı regionumuzun sabitliyinin təminatçısıdır. Bu yaxınlarda Türkiyə və Rusiya prezidentlərinin görüşü zamanı Ermənistan-Azərbaycan münasibətləri müzakirə olundu və həm Türkiyə, həm Rusiya ilə biz daim təmasdayıq. Mən Prezident olaraq daim təmasdayam. Bölgədə bu gün sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür. Yəni, bizə bu format kifayətdir. Ermənistan da bu formata qoşulacaq. Çünki başqa yolu yoxdur. İndi reallıq bundan ibarətdir.
Son vaxtlar Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması ilə bağlı verilən ifadələri də biz dəstəkləyirik. Biz açıq demişik ki, biz bunu dəstəkləyirik. Hesab edirik ki, bu, region üçün lazımdır. Yəni, artıq bu, müharibənin hər hansı bir riskini aradan götürmək üçün lazımdır. Yəni, bizim üçün bu format kifayətdir – Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan. Kim istəyir qoşulsun, kim istəmir özü bilər. Hər halda, bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz. Bunu hər kəs bilməlidir”.
Sözünə davam edən Azərbaycan lideri vurğulamışdı:
“Biz xoş niyyət göstəririk. Amma bu, o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bilirsiniz, bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur. Mənə məlumat verildi, mən dedim ki, fikir verməyin. Hansısa əyalət mollasının sözləri ilə biz indi bu fikirlərə əhəmiyyət verəsi deyilik. O kimdir ki?! Sadəcə olaraq, əhəmiyyət verməyin. Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.
Bu, əslində, bizimlə hədə dilində danışan və ağır ittihamlar irəli sürən cənub qonşumuza “həddini aşma” mesajı idi. Çünki İran tərəfdən irəli sürülən əsassız iddialarla bağlı Tehran hələ də heç bir dəlil-sübut ortaya qoya bilməyib. Qoya da bilməz. Çünki özü də əla bilir ki, bunlar tər-təmiz yalandır.
***
Sonra. Mətbuat konfransında iranlı jurnalistin Azərbaycanın Xəzər dənizində Türkiyə ilə birlikdə hərbi təlimləri və Azərbaycan-Türkiyə-Pakistan ortaq təlimləri ilə bağlı təxribatçı sualına da Lavrov arqumentli, İran tərəfini qane eləməyən, lap dəqiqi İran üçün şillə effektli cavab verdi.
Sitat: “Rusiya Xəzərdə hərbi fəaliyyətin artması və bəzi təlimlərin təxribat xarakterli olmasının əleyhdarı kimi çıxış edir. Eyni zamanda, Azərbaycanın da iranlı dostlarımızın onun sərhədi yaxınlığında keçirdiyi təlimlərlə bağlı narahatlığı var”. Sonra əlavə edib: “Xəzərə və xarici dövlətlərin Xəzər regionunun işlərinə müdaxiləsi üçün zəmin hazırlamasına gəldikdə, bu gün biz həmsöhbətlərimizə, dostlarımıza dəfələrlə Konvensiyanın qüvvəyə minməsini təmin etməyin vacibliyini vurğuladıq. Hansı Konvensiya ki, xəzəryanı dövlətlərdən savayı başqa ölkələrin hərbi qüvvələrinin Xəzərdə olmasını birbaşa qadağan edir”.
Məsələ də ondadır ki, Xəzərin hüquqi-statusu ilə bağlı Konvensiya həqiqətən dənizdə xarici dövlətlərin hərbi qüvvələrinin mövcudluğunu qadağan edir. Di gəl, İranın özü Lavrovun da vurğuladığı kimi, hələ də bu sənədi ratifikasiya etməyib. Yəni, Konvensiya Tehran üçün əslində hüquqi qüvvəyə malik deyil. O zaman nədən narazılıq və şikayət edir?
Başqa yandan, söhbət Xəzərin Azərbaycan sektorunda Türkiyə hərbi qüvvələrinin daimi mövcudluğundan yox, sadəcə, neft-qaz kəmərlərinin təhlükəsizliyi ilə bağlı keçirilmiş ortaq manevrlərdən gedir. Ayrı sözlə, burada da İranın cığallığı açıq-aşkar ortadadır və “xoruzun” qırmızı quyruğu aydın görünür. Amma İran hələ də Bakının belə bir haqlı sualına cavab verməyib ki, nədən o, sərhədlərimiz 30 il erməni işğalı altında olanda yox, məhz azad ediləndən sonra həmsərhəd bölgədə təlim keçirir? Lavrovun da qeyd elədiyi kimi, Azərbaycan tərəfinin İranla bağlı narahatlığı qat-qat ciddi və məntiqlidir, nəinki tərsinə…
Siyasət şöbəsi,
Musavat.com