18 Oktyabr 2024

İran-Azərbaycan əlaqələri əvvələ dönür, Tehran ermənilərə benzin satmır – İrəvanda həşir…

Baş nazirin müavini Şahin Mustafayevin Tehrana səfəri, imzalanan sənədlər əlaqələrin həlimləşdiyini deməyə əsas verir, ekspertlərin fikrincə, İran bölgədə yeni reallıqları həzm etmədiyi üçün üzərimizə gəlmişdi, amma qarşılığını da gördü, indi cənub qonşu ilə normallaşdırmaq lazımdır, amma keçmişi unutmaq olmaz

İran-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoymaqdadır. Buna bir aydan çox davam edən gərginlikdən əvvəlki vəziyyətə qayıdış da söyləmək olar. Tehranın Bakıya qarşı əsassız yerə başladığı kampaniya, sübutsuz ittihamlar, hədə-hədyanlar qırmızı xətti o dərəcədə aşmışdı ki, əlaqələr tam korlanmışdı. İlk dəfə idi ki, İranla Azərbaycan arasında münasibətlər bu səviyyədə pisləşmişdi və Prezident İlham Əliyev cənub qonşudan gələn ittihamlara kəskin cavab vermişdi. Artıq gərginliyin tam azaldığını və əlaqələrin axarına düşdüyünü söyləmək olar. Ancaq bir məsələ dəyişmədi – İranın Ermənistana münasibəti…

“Yeni Müsavat” xəbər verir ki, bugünlərdə baş nazirin müavini Şahin Mustafayevin Tehrana səfəri, orada imzalanan sazişlər, sənədlər əlaqələrin həlimləşdiyini deməyə əsas verir. Eyni zamanda baş verənlər bir daha təsdiqlədi ki, siyasətdə əbədi dostluqlar, daimi düşmənliklər yoxdu, siyasətdə əbədi maraqlar var. Amma bir fakt da gözdən qaçırılmamalıdır: Azərbaycan dövlətinin, Prezidentinin güzəştsiz mövqeyi İranı bizə qarşı sərt mövqedən çəkindirdi. Əslində Azərbaycan Prezidenti daim İranı yaxın qonşu, dost dövlət hesab edib, Xudafərində olarkən buranı dostluq körpüsü adlandırıb, di gəl İran Azərbaycanın maraqlarını çeynəyərək, Ermənistanı dəstəkləmək istədi, bu da rəsmi Bakının səbrini daşırdı. 

Azərbaycanın Baş nazirinin müavini İrana səfər edəcək - Oxu.az

Artıq iki ölkə arasında münasibətlər normala dönür. Bizə bütün qonşularla sıfır münaqişə şəraiti sərf edir. Hətta Ermənistanla da sülh bağlayıb, bölgəni sülh və əmin-amanlıq vadisinə çevirmək istəyirik. Lakin qırmızı xətləri keçənlərə də yerini göstərmək haqqını özümüzdə saxlayırıq.

Yeri gəlmişkən, İran Ermənistana benzin satışını dayandırıb. Buna səbəb kimi, Qafan-Gorus yolunda Azərbaycan tərəfinin dolu maşınlardan 250, geri dönən boş maşınlardan isə 150 dollar tranzit haqqı almasını göstərib. Erməni tərəfi isə deyir ki, İran benzini baha olduğu üçün gətirmək sərf eləmir. Halbuki bu inandırıcı deyil. Hazırda İranda benzinin pərakəndə satış qiyməti 18 qəpik təşkil edir. Bu isə təxminən 10 sent deməkdir. Topdansatış qiymətlər isə bundan minimum 2-3 faiz aşağı olur. Ermənistanda isə hazırda bir litr benzinin pərakəndə satış qiyməti 42 sentə bərabərddir. Yəni İrandan 16 qəpiyə alınan benzin 600 dollar yolpulu, üstəlik, 400 dollar tranzit haqqı ödənilsə belə, yenə 1 litri 42 sent olmaz.

Ermənistanda artıq Tehranı Bakı ilə işləməkdə ittiham etməyə başlayıblar. Hətta belədirsə də, bu, aparılan siyasətin nəticəsidir. Bəs İranla Azərbaycanın normal münasibəti hara qədər davam edəcək? Bölgədə balans hansı şəkildə dəyişsə, İranla Azərbaycanın münasibətləri yenidən gərginləşə bilər? Bəziləri iddia edirlər ki, İsrailin İrana ehtimal edilən hücumu İranı Azərbaycana qarşı aqressivləşdirir. Yada salmaq lazımdır ki, İlham Əliyev hakimiyyətdə olduğu 18 il ərzində dəfələrlə İrana qarşı üçüncü dövlətin Azərbaycan üzərindən hücum edəcəyinə imkan verməyəcəyini bildirib. Əslində Azərbaycan İranı İsrailin, bəzi hallarda Pentaqonun real hücumlarından qoruyub. Bunu İran yaxşı bilir. Sadəcə, Qarabağ məsələsinin tam və qəti şəkildə həlli Tehrana sanki sərf etmirmiş kimi görünür. Axı səbəb nədir?

Arzuxan Əlizadə — Vikipediya

Arzuxan Əlizadə 

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, İranın Azərbaycana baxışı müharibə və postmüharibə dönəmində qabarıq şəkildə üzə çıxdı. Onun sözlərinə görə, Azərbaycan dövləti və siyasətçiləri Tehranın bizə münasibətinin fərqində idi: “Ermənilərə 30 ildə verdikləri dəstəyi ictimaiyyətdən daha dərin bilirdik. O da bəllidir ki, İranın regionda öz maraqları var, hətta Azərbaycana gələcəkdə əyaləti olacaq bir ölkə kimi baxırdı. Bu mənada Tehran-İrəvan maraqları üst-üstə düşürdü. Artıq müharibədən sonra reallıqlar dəyişib və İran əvvəlki kimi düşünə bilməz. Çünki Azərbaycan bölgədə güclənib, qardaş Türkiyə regiondadır, Ordumuz çox güclənib, bu həqiqətləri də Tehran qəbul etməlidir”.

A.Əlizadənin sözlərinə görə, İran bu reallıqları həzm etmədiyi üçün üzərimizə gəlmişdi, amma qarşılığını da gördü: “Bu hadisələrdə cəmiyyətin və dövlətin təpkisini hiss etdi, əvvəlki Azərbaycan olmadığını anladı. Biz qonşu dövlətlərlə yaxşı əlaqələrin qurulmasında həmişə maraqlı olmuşuq, bu gün də mövqeyimiz dəyişməyib, üstəlik, İranda soydaşlarımız yaşayır. Ona görə İran artıq siyasətini dəyişməkdədir. Odur ki, münasibətləri normallaşdırmaq lazımdır, amma keçmişi unutmaq olmaz, İranın Ermənistana verdiyi dəstək, Azərbaycan daxilində qarışıqlıq cəhdlərini yaddan çıxarmaq olmaz”.

Ramiyə Məmmədova: “Ermənistan sülh məsələsini cəfəngiyyata çevirdi”

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, İran-Azərbaycan arasında müharibə gözləyənlər belə var idi: “Sərhədlərimizə yaxın ərazilərdə təlimlər, Bakının təhdid olunması, İsrailin ərazilərimizdə yerləşməsi kimi absurd iddialar əsəbləri tarıma çəkmişdi. İranın mollalarının da işə qarışması, bizi hədələməsi, Azərbaycanda müəyyən iranpərəstlərin fəallaşması əlbəttə ki, təsadüfi deyildi. Daha sonra İran xarici işlər naziri Moskvaya getdi, şikayət elədi və əliboş qayıtdı. İran istəyirdi ki, biz geri çəkilək, amma Gorus – Qafan yolunda post qoymaqla gördülər ki, artıq başqa Azərbaycan var”.

Siyasi şərhçi hesab edir ki, bundan sonra əlaqələr bir müddət normal davam edəcək: “Amma İran 3+3 formatına hələ də xeyir-dua vermir. Gələcəkdə bu platforma ilə bağlı münasibətlərin pisləşməsi istisna deyil. Tehran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəqiqləşdirməlidir. Eyni zamanda İran gözlərini açıb Ermənistanın Qərbə doğru siyasətini görməlidir. Hər halda, bundan sonra bizim İranla səmimi dostluq əlaqələrimiz olmayacaq, keçmişdə baş verənlər yaddan çıxmaz. Sadəcə, iki dövlət arasında əbədi qonşular kimi müxtəlif sahələr üzrə əməkdaşlığı davam etdirəcəyik. Baş nazirin müavininin son səfəri də bu kontekstdə əhəmiyyət kəsb edirdi”.