11 Avqust 2025

İnsanı məhv edən qorxunc bəla – Narkomaniya

Sağlam gələcək naminə ağ ölümə yox deyək!

Həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyyətli mübarizə aparmalıyıq

Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır.  XXI əsrin ən ağrılı problemlərindən biri olan narkomaniya sağlamlığın amansız cəlladıdır.

Əsrin bəlası son vaxtlar bəşəriyyətin ən qiymətli dəyəri olan uşaqların və yeniyetmələrin həyatı üçün böyük təhlükəyə çevrilməkdədir. Narkotikə aludəçilik gənclərin özü, onların ailəsi və cəmiyyət üçün əksər hallar­da faciəyə çevrilir.  Elə bu səbəbdən  narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq qlobal problem olaraq bütün bəşəriyyəti narahat edir.

Narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsini nəzərə alaraq, bir çox ölkələr “Narkotiksiz gələcək naminə” milli proqramlar qəbul edirlər. Buraya təhsil ocaqlarında, hüquq-mühafizə orqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirilmə kampaniyaları daxildir. Bu kampaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə aparılır. Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Ancaq biz hər gün narkomaniyaya qarşı mübarizə günü elan etməliyik. Unutmaq olmaz ki, narkotik maddələr insan sağlamlığına çox vaxt bərpaedilməz ziyan vurur, fiziki qüvvəni tükəndirir, bədənin çəkisi birdən-birə azalır, ümumi zəhərlənmə baş verir.

Ötən il dünyada təxminən 275 milyon insan narkotik vasitələrdən istifadə edib. 36 milyon insan isə narkomaniyanın törətdiyi fəsadlardan əziyyət çəkib. Onlardan 13 milyonu narkotikdən asılı olan insanlardır. Bu siyahıya əsasən ağır sintetik maddələrdən istifadə edən insanlar daxildir. Onların da yarısı gənclərdir. Təkcə 2019-cu ildə narkotiklərdən istifadə edən 494 min insan bu səbəbdən səhhətində yaranan xəstəliklərdən dünya­sını dəyişib. Bu faktlar Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) təqdim etdiyi “Narkotiklər haqqında ümumdünya hesabatı – 2021” məruzəsində açıqlanır. 

Sənəddə o da qeyd edilir ki, narkotikdən istifadə edənlərin sayı 2010-cu illə müqayisədə 22 faiz artıb. Demoqra­fik dəyişikliyə əsaslanan proqnoza görə, 2030-cu ilə qədər narkotik istifadəçilərinin sayı bütün dünyada daha 11 faiz artacaq.

Araşdırmalara görə bu gün dünyada ən çox narkotik istifadə edən və narkotrafik ölkələr sırasında yer alan İran, Rusiya, Əfqanıstan və Orta Asiya ölkələridir.

İndi dünyada, o cümlədən, Azərbaycan Respublikasında narkotizmlə mübarizə işinə və onun qarşısının alınması problemlərinə yeni münasibət yaranıb və formalaşıb. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən reallaşdırılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması və bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır.

Son dövrlər hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilib, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1914 cinayət faktı aşkarlanmışdır. Onlardan 686-sı narkotik vasitələrin qanunsuz satışı, 1210-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 12-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 087 kq 949,825 qr narkotik vasitələrin və psixotrop maddələrin 557 kq 738,882 qr-nı heroin, 326 kq 716,953 qr-nı marixuana, 112 kq 668,9 qr-nı tiryək, 5 kq 005,744 qr-nı həşiş, 198,940 qr-nı kokain, 81 kq 633,069 qr-nı psixotrop maddələr, 3 kq 987,337 qr-nı isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 3153 ədəd metadon və 73 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 991 nəfər cəlb edilmişdir. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 11 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 7-si İran İslam Respublikası, 1-i Rusiya Federasiyası, 3-ü Türkiyə vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 210 kq 022,362 qr və 2115 ədəd həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 30 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 306 kq 692,833 qr və 3153 ədəd həb müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılmışdır.

2022-ci ilin 2 ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 1 ton 087 kq 949,825 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 37 milyon 827 min AZN (22 milyon 235  min  ABŞ dolları) kimi qiymətləndirilir. Cari ilin yanvar-fevral ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 349 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 38-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 137-si narkotik asılılıqdan müalicə, 174-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 175 məktub ünvanlanmışdır.

Əgər cəmiyyətimiz bu istiqamətdə lazımi tədbirləri vaxtın­da, ləngimədən həyata keçirə bilsə zaman-zaman narkomaniya proble­mini aradan qaldırmaq istiqamətində çox böyük uğurlar qazanmaq olar.  İnsanlığın, xalqın gələcəyinə və genefondu­muzun sağlamlığına biganə qalmaq istəmiriksə, təxirə salmadan bu bəşəri bəlaya qarşı mübarizədə bü­tün imkanlarımızı səfərbər etməliyik.