İnsan mütaliə edərək öz dünyagörüşünü, biliklərini, həyat təcrübəsini, mənəviyyatını, nitq qabiliyyətini daha da artırır

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi ” İctimai Birliyi “Mütaliə mədəniyyətinin təbliğində ictimaiyyətin rolunun artırılması məqsədi ilə tədbirlərin təşkili ”layihəsi çərçivəsində maarifləndirici tədbir həyata keçirib.
Tədbir 30 Aprel 2022-ci il tarixində Mingəçevir şəhəri 3 nömrəli tam orta məktəbdə gerçəkləşdirilib.
Giriş sözü ilə tədbiri açan layihə rəhbəri Aytən Famil qızı Hüseynova mütaliənin mahiyyəti və üstünlükləri haqqında məlumat verib.
Qeyd edək ki, layihənin məqsədi Mingəçevirdə gənc və yeniyetmələr arasında mütaliə mədəniyyətini təbliğ etmək və oxu mədəniyyətinin təşviqi və stimullaşdırılması istiqamətində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasından ibarətdir.
Layihə rəhbəri Aytən Hüseynova bildirib ki, mütaliə hər bir insanın şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Belə ki, insan mütaliə edərək öz dünyagörüşünü, biliklərini, həyat təcrübəsini, mənəviyyatını, nitq qabiliyyətini daha da artırır. Mütaliənin xeyirlərini sadalamaqla yeni bir kitab ərsəyə gətirmək olar. Uşaqlarda mütaliə vərdişlərinin erkən yaşlarda aşılanması olduqca vacib amillərdən biridir. Çünki çox mütaliə edən uşaqların intellekti daha sürətlə inkişaf edir. Klassiklərdən birinin fikrinə görə, kitab ruhun dərmanıdır. Bir müddət əvvəl isə həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur.
“Əksər mütaliəçilər eyni zamanda da möhtəşəm kitab qurdlarıdı. Olmama ehtimalı çox azdı, çünki kitabların içində üzməyi sevməyən, hər kitabı bitirdiyində səbəbsiz xoşbəxtlik yaşamayan, oxuduğu əsərə görə bəzən günlərcə susqun ola bilməyən mütaliəçi məncə az ola. Hər gün yeni kitabla yeni məlumat qazanmış, yeni bir dünya kəşf etmiş oluruq.”-deyə Aytən Hüseynova vurğulayıb.
“İnsan hamının bildiyi, hamının oxumuş olduğu, haqqında yüzlərcə insanın fikir söylədiyi əsərlərdənsə təsadüfən ya kitab mağazasında gəzinərkən, ya internetdə tapdığı kitabları daha çox sevir. Yalnız sənə məxsusmuş kimi, şablonlardan uzaqlaşmış kimi hiss edir insan özünü. Əlbəttə klassikləri, dünyaca məşhur əsərləri oxumaq vacibdi, fəqət eyni kitablara bağlı qalmaq da doğru deyil. Sırf o məşhur kitablara hədsiz önəm verildiyindən kitab mağazası rəflərində kəşf edilməyən yüzlərlə kitab var. “- Aytən Hüseynova belə deyib.
Layihədə nəzərdə tutulan bədii kitablar alınaraq şagirdlərə paylanılmışdır.Şagirdlərə digər görüşlərdə kitab oxuyan məktəblinin qiymətləndiriləcəyi barədə də məlumat verildi.
Tədbirdə çıxış edən məktəbin direktoru Gültəkin Əlövsət qızı Quliyeva mütaliə mədəniyyəti rolunun artırılması barədə öz fikirlərini şagirlərlə bölüşüb.
Sonda Layihənin rəhbəri Aytən Hüseynova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirib.






