23 Dekabr 2024

İlham Rəhimov: “Putinin elə bir sarayı olsaydı, mən onu bilərdim”

Professor: “Navalnı məni filmdə o qəsrin tikintisinin maliyyə bosslarından biri kimi təqdim edir. Burada heç bir sirr yoxdur ki…”

Hüquq professoru, iş adamı İlham Rəhimov “Yeni Müsavat”a geniş müsahibə verib. Ölkənin ən məlumatlı adamlarından olan İ.Rəhimovla Azərbaycanda, regionda, dünyada baş verən proseslər haqda danışdıq. Təbii ki, söhbətin əsasını Qarabağ məsələsi, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfər, Rusiyanın, Qərbin ölkəmizə yönəlik siyasəti, qardaş Türkiyənin Azərbaycanla bağlı sərgilədiyi mövqe təşkil etdi.

Söhbətin bu hissəsində daha çox Rusiyadakı daxili siyasi proseslər haqda danışdıq. İlham Rəhimovla müsahibənin 3-cü – sonuncu hissəsini təqdim edirik.

– Aleksey Navalnının Vladimir Putin və Rusiya siyasi elitası haqda hazırladığı film barədə fikirlərinizi almaq istərdik. O filmdə Sizin də adınız keçir. Filmin internet üzərindən yayımından və Navalnının saxlanmasından sonra Rusiyanın ayrı-ayrı şəhərlərində etiraz aksiyaları başlayıb. Rusiya və V.Putin üçün bu etirazların hansısa qorxulu perspektivini görürsünüzmü? Hazırda Rusiyada nə baş verir?

– Əslində, heç nə… Navalnı məni filmdə o qəsrin tikintisinin maliyyə bosslarından biri kimi təqdim edir. Burada heç bir sirr yoxdur ki, Putin hakimiyyətə gələnə qədər də, ondan sonra da tələbə yoldaşı kimi bizim yaxın münasibətlərimiz olub. Prezidentlər də bizim kimi insanlardır. Elə iş-ev həyatı sürmürlər ki… Onların da dostlarla dərdləşməyə, dincəlməyə, fikir bölüşməyə ehtiyacları olur. Bizim dostluğumuz heç zaman qırılmayıb. Gənclik dövründən bir-birimizin qonağı olmuşuq… Putin prezident seçiləndən sonra da… Bilirsinizmi, bunları niyə danışıram? Biləsiniz ki, əgər onun Gəlincikdə qəsri olsaydı, mən onu bilərdim. O qəsrin Putinə bağlılığı yoxdur. Prezidentin iqamətgahlarını sizə sayım… Moskvada – Rublyovkada prezident iqamətgahı, Soçidə “Boçarov ruçey” iqamətgahı, Peterburqda Şimal İqamətgahı – Konstantin Sarayında yerləşir, bir də Krımdakı rəsmi iqamətgah. Hər birində dəfələrlə qonaq olmuşam. Bu iqamətgahlar hamısı dövlətindir, Rusiya prezidenti üçündür. Putindən qabaq kim prezident idisə, o yaşayırdı, ondan sonra kim prezident olacaqsa, o yaşayacaq.

– Yəqin çox dəbdəbəlidir…

– Qətiyyən… Sadə, rahat.. Bir dənə artıq element tapmazsınız. Dövlət necə təhvil veribsə, elə. Bir məqam var ki, Putin prezident seçiləndən sonra o iqamətgahlarda idman zalı qurulmasını istəyib. Soçidəki iqamətgah bilirsiniz haçandan qalıb? Xruşov dönəmindən. Orada dənizə düşmək üçün ya gərək nə qədər yolu piyada gedəsən, ya da bir köhnə dəmir lift var, minəndə danqıltısı aləmi götürür, onunla düşəsən. Nə var, onu deyirəm sizə… Piterdəki Konstantin Sarayı 150 illik binadır. O qədər bərbad, baxımsız bina idi ki… İçərisində bomjlar yaşayırdı. Restavrasiya elədilər, oldu prezident iqamətgahı. İqamətgahlardan ən yenisi Krımdadır. Qorbaçov dönəmində tikilib. Yəni bu binalar hamısı Prezidentin İşlər İdarəsinin balansında olan binalardır. Əgər Gəlincikdəki saray Putinin olsaydı, mən bu barədə bilərdim.

“Rusiya qanunlarına görə, pandemiya dönəmində heç bir sahibkar işçi ixtisar edə, maaşları dayandıra bilməz. İşçilərimizin sayı 20 mindir. Aylıq zərərimiz 20 milyon dollar idi. Təsəvvür edin ki, biz 4 ay işləməyə-işləməyə 80 milyon dollar əmək haqqı verdik. İndi yavaş-yavaş müəssisələr açılır, amma həmin gəlir yoxdur”

– Bəs niyə sahibi tapılmır?

– Rusiyada zənginlərin, milyarderlərin çoxunun Soçidə və Gəlincikdə villaları, sarayları var. Şübhəsiz, Gəlincik sarayı da onlardan birinindir. Bir məqamı da deyim. Rusiya qanunvericiliyinə görə, prezidentin səlahiyyətləri bitəndən sonra iqamətgahların biri onun və ailəsinin şəxsi istifadəsinə verilir. Yəni prezident orada yaşaya bilər. Məntiqlə düşünək, Gəlincikdə saray Putinin nəyinə gərəkdir?


– Professor, Azərbaycanda belə bir təsəvvür var ki, Navalnı əsl demokratdır, liberaldır. Əslində isə o, gündəmə dəfələrlə qatı milliyətçi çıxışları, şovinist düşüncə tərzi, hətta irqçi baxışları ilə gəlib. Kimdir sizə görə Navalnı? Necə olur ki, o, on minlərlə insanı küçəyə çıxara bilir?

– Siyasətçi olsaydı, partiyası, təşkilatı olardı. Ona görə həm Rusiyada, həm də dünyada onu bloger kimi tanıyırlar. Bizdə bloger yoxdurmu? O da Rusiyanın blogeridir. Bütün dünyada korrupsiyaya qarşı mübarizə apardığını deyən blogerlər var. Bu, əslində, yaxşı niyyətdir. O zaman pis niyyətə çevrilir ki, o blogerlərdən xarici qüvvələr istifadə edir. Bilirsinizmi, ən təəccüblü nədir? Putinlə Navalnını bəziləri bir tərəziyə qoyurlar. Bu, o qədər qeyri-ciddi yanaşmadır ki, heç müzakirəyə də gəlmir. Mitinqlərə gəlincə, onların genişlənəcəyini düşünmürəm. Navalnı isə ola bilər, azadlığa çıxsın. Hər halda qərarı məhkəmə verəcək. Bu gün ABŞ-dan Hindistana, Avropadan Afrikaya qədər bir çox ölkələrdə milyonlarla insan mitinqlərə çıxır. Rusiyada da həmçinin. Mitinqlərdə hər etirazçının öz səbəbi var.

– Bir qədər də elmi fəaliyyətiniz haqqında danışa bilərikmi? Son əsəriniz dinlərin cinayət və cəza məsələsinə baxışı haqqındadır. Gəldiyiniz qənaət nədir? Dinlərin hansında humanizm prinsipləri daha üstündür?

– Öncə onu deyim ki, əsərin ruscadan ana dilimizə tərcüməsi davam edir. Bundan başqa, Britaniyada, Türkiyədə, Almaniyada da tərcümə edilir. Tövratda da, İncildə də, müqəddəs kitabımız Qurani-Kərimdə də cinayət, cəza fərqli yorumlanır. Baxmayaraq ki, onların hər biri səmavi dinlər sayılır. Tövrat sanki bir millətin mübarizə ensiklopediyasıdır. Məsələn, Allahın Tövratda Musaya filan qövmü qır, bir dənə başıpapaqlı saxlama əmri var. Konkret soruşduğunuz məqama iudaizmin münasibəti çox açıqdır – qana-qan, dişə-diş. Xristianlıq tamam fərqlidir. Bibliya deyir, dözümlü ol, mərhəmət göstər, sənə zülm edən qarşısında xoşgörü göstər. Yəni Allah kəlamı Tövrat və İncildə 180 dərəcə fərqlidir. Bir üzünə vurdularsa, o birini çevir – prinsip budur. Humanizm xristianlıqda daha qabarıqdır. Qurani-Kərim isə tam fərqlidir. Sanki ona qədərki səmavi dinlərdə Allah insanı sınayır, İslama hazırlayır. Tövratda deyir, vur, yıx, 700 il sonra İsa Məsihlə İncili göndərir, orada deyir, döz, 600 il sonra Məhəmməd Peyğəmbər vasitəsilə insanlara deyir ki, ədalətli ol, haqq yemə, haqqını yedirtmə. Maraqlıdır ki, Qurani-Kərimdə həm Musa peyğəmbər, həm İsa Məsih haqqında söz açılır, Tövratla İncilin səmavi kitablar olduğu deyilir. Cinayət və cəza məsələsini ümumiləşdirsək, cinayət baş verəndə iudaizm ən ağır cəzanı, Xristianlıq Allaha həvalə etməyi, İslam isə ədalətli cəzanı tələb edir. Sanki insanlığın təkamülündə Allah insanların özünə də göstərir ki, ağır cəza olanda dünya qan gölündə boğulur, cinayətə qarşı böyük mərhəmət olanda da nəticə dəyişmir. Çarə cinayətə ədalətli cəza verilməsindədir – insan yalnız bu halda islah ola, nəfsini tərbiyə edə bilər. Ümumiləşdirsək, gəldiyim qənaət budur. Dinlər eyni zamanda insanlığın tarixidir, insanın psixotip kimi açılmasının vacıb elementlərindəndir. Ümid edirəm, təhlilimiz insanlığa faydalı olacaq.

– Professor, dünya çox ağır dönəmdən keçir. COVID-19 bəlası sözün əsl mənasında həyatı iflic edib. Böyük işlər böyük planlar, uzaq hədəfli strategiya tələb edir. İş adamı olaraq COVID-19 Sizin həyatınızı, planlarınızı necə dəyişib? 2021-ci il haqqında proqnozlarınız nədir? 2020-ni təkrar yaşamalı olacağıq?

– Vaksinin tapılmasına hər birimiz sevindik. Mən Avropada da, Rusiyada da vaksinin tapılması üçün çalışan alimlərlə görüşmüşəm. Heç kim bu xəstəliyin, hətta 2-3 ay sonrakı dönəmi ilə bağlı dəqiq proqnoz verə bilməyəcəyini deyir. Bir məsələdə ortaq fikir var ki, hər kəs koronavirusa yoluxmalıdır. Ya təbii yolla yoluxub müalicə almalıdır, ya da vaksinlə zərərsiz dozanı qəbul etməlidir. Tanınmış alimlərin mənə dedikləri budur. Ona görə xəstəliyi keçirənlər belə vaksin vurdurmalıdırlar. Vaksin də getdikcə təkmilləşdirilir. İnanaq ki, elm bu məsələdə insanın köməyinə gələcək. Biznesə gəlincə, təbii ki, hər şey alt-üstdür. Bizim Moskvadakı biznesimiz əhali ilə birbaşa bağlıdır. Aydındır ki, karantin rejimi olanda biznes heç zaman olmadığı qədər geriləyəcək. Nə qədər ki qadağalar var, ciddi dəyişiklik gözlənmir. Bir neçə ay Moskvada heç bir obyektimiz işləmədi. Ümumiyyətlə… Rusiya qanunlarına görə, pandemiya dönəmində heç bir sahibkar işçi ixtisar edə, maaşları dayandıra bilməz. İşçilərimizin sayı 20 mindir. Aylıq zərərimiz 20 milyon dollar idi. Təsəvvür edin ki, biz 4 ay işləməyə-işləməyə 80 milyon dollar əmək haqqı verdik. İndi yavaş-yavaş müəssisələr açılır, amma həmin gəlir yoxdur. İş dünyasında itkilərin yerini doldurması mümkün deyil. Bütün ölkələr üçün… 2021-ci il də yeni başlayıb. Hər şey yenə elmin gücündən asılı olacaq. Əgər elm dünyanı COVID-19 bəlasından xilas edə bilsə, dünya köhnə axarına nisbətən qayıdacaq. Nisbətən… Köhnə dünya qaldı keçmişdə. Dünya sözün bütün mənalarında yeni düzənə qədəm qoyur.

P.S. Professor İlham Rəhimov ona ünvanladığımız suallardan yalnız birinə cavab vermədi – xeyriyyəçilik haqda olan suala. Bu məsələdə də bizə son əsərindən örnək gətirib İslamın “sağ əlin verdiyini sol əl bilməz” prinsipinə üstünlük verdiyini bildirdi. Yaxın çevrəsindən isə öyrəndik ki, bu məsələ ilə professorun ailə üzvləri daha çox məşğul olur. İndiyə qədər maddi imkanı aşağı olan yüzlərlə ürək qüsuru olan uşağın Azərbaycanda və xarici ölkələrdə əməliyyat olunmasını maliyyələşdiriblər. Dünyanın müxtəlif ölkələrinin ali təhsil ocaqlarında oxuyan onlarla tələbələrin təhsil haqlarını ödəyiblər. Bundan əlavə, hər ay sosial durumu aşağı olan xeyli insana maddi dəstək olublar.

Tovuz döyüşlərindən bu yana onların xeyriyyəçilik işi, belə demək mümkünsə, tam sürətlə davam edir. Siyahılarında şəhid ailələri də, 18 yaşına çatana qədər himayəyə götürülən şəhid övladları da, qazilər də var. Orduya dəstək də öz yerində. Bizə də bu məqamda “Allah bütün verən əllərdən kəsməsin” demək düşər.

Azər Ayxan,
“Yeni Müsavat”

Aygün Muradxanlı,
Prime TV