22 Dekabr 2024

İlham Əliyevin uğurla apardığı xarici siyasət

Bildiyimiz kimi 13 oktyabr 2022-ci il tarixdə Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etmişdir. Sammit zamanı bir çox önəmli məsələlərə toxunan dövlətimizin başçısı iştirakçılara 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, torpaqlarımızda törədilən erməni vandalizmindən, “Böyük Qayıdış” proqramından və digər əhəmiyyətli məsələlərdən söz açmışdır.

“İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi, 30 il davam edən Qarabağ münaqişəsinə son qoydu, ədaləti bərpa etdi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi.

”Bu sözləri möhtərəm Prezidentimiz İlham Əliyev plenar iclasda çıxışı zamanı səsləndirmişdir.

Bəli, 30 il boyunca dünya birliyi işğalçılara göz yumdu. Qarabağ münaqişəsini Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Rəşadətli Azərbaycan Ordusu 44 gündə həll etdi. Döyüş əzmli xalqımızın igid oğulları könüllü olaraq ordu sıralarına yazıldı. Şanlı qələbəmiz şəhidlərimizin canı və qanı bahasına əldə olundu. Bu günlər ərzində xalqımız yüksək səviyyədə birlik nümayiş etdirmişdir. “El bir olsa dağ oynadar yerindən” deyib atalarımız. Ön cəbhədə igid qardaşlarımızın şücaəti, arxa cəbhədə xalqımızın birliyi nəticəsində tarixi ZƏFƏR qazandıq. Bir daha dünyaya sübut etdik ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqlarıdır.

Dövlət başçısı sammitdə çıxışında erməni vandalizmindən də bəhs etdi:“Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib.” Qarabağımız işğal altında olan illər ərzində erməni vandalizmi sərhəd tanımadı. Mədəni və tarixi irsimizi məhv etməyə çalışan düşmən İslam dəyərlərini, tarixi-mədəni abidələri, məscidləri, qəbirləri dağıdıb, təhqir və talan ediblər. Bir sözlə, işğaldan azad edilmiş bütün ərazilər erməni vəhşiliyinin əyani sübutudur.

Bu gün Qarabağımız yenidən dirçəlir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin işğaldan əzad olunmuş torpaqlara davamlı səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri dünyaya bir mesajdır.Astana sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı tarixi əhəmiyyətə malik bir çıxış oldu.Möhtərəm Prezidentimiz çıxışının sonunda Azərbaycanın Qoşulmama hərəkatında rolundan danışdı.

“Biz Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyi gücləndirmək, bu Hərəkatın siyasi çəkisini və qlobal nüfuzunu artırmaq üçün böyük səylər göstəririk. Azərbaycan Hərəkatın bu məqsədlə təsisatlanması ideyasını fəal şəkildə təşviq edir. Bu baxımdan, Qoşulmama Hərəkatının Azərbaycanın təşəbbüsü ilə yaradılan Parlament Şəbəkəsi və Gənclər Təşkilatı qeyd edilməlidir. Biz COVID-19-dan sonrakı dünya ilə bağlı fikir mübadiləsi aparmaq və Hərəkatın mövqeyini formalaşdırmaq məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti il üçün yüksək səviyyəli iclasının keçirilməsini təklif etmişik.”Dövlətimizin başçısının fəaliyyətinə nəzər saldıqda görürük ki, onun apardığı daxili və xarici siyasətin əsas prioritetləri Vətənin müdafiəsi və xalqımızın rifahıdır.

Bu gün güclü liderimizin ətrafında sıx birləşmiş güclü xalqımız var. Bu da Azərbaycan gənci olaraq hər birimizi qürurlandırır.

Biz gənclər də Dövlətimizin və möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmişik. Sarsılmaz birliyimizi heç kim poza bilməz.

Yaşasın Azərbaycan!

Fidan Nəsirli – Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi