22 Dekabr 2024

İlham Əliyev: “Qarabağ regionu Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevriləcək”

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük potensialı var və Qarabağ regionu ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevriləcək”.

Media1.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində deyib.

Dövlət başçısı bildirib ki, işğaldan azad edilmiş ərazilər bərpa olunan enerji sahəsində əhəmiyyətli potensiala malikdir və ilkin hesablamalara görə, bu, 10 min MVt-a yaxındır: “Biz işğaldan azad edilmiş bütün əraziləri elektrik enerjisi ilə tam təmin edirik. Ümid edirik ki, tezliklə Cəbrayılda 230 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə başlanılacaq. Ümumiyyətlə, biz işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji potensialını qiymətləndirdik, ilkin məlumatlara görə, bu, təxminən, 10 min MVt təşkil edir. Biz artıq bir neçə su elektrik stansiyası inşa etmişik. Onların ümumi gücü 500 MVt-dan çox olacaq. Yerdə qalan elektrik stansiyaları günəş və külək enerjisi ilə çalışacaq”.

Prezident İlham Əliyevin sözlərinə görə, bura təkcə işğal illərində Azərbaycanın müxtəlif bölgələrinə qaçmağa məcbur olmuş insanlar qayıtmayacaq: “Bu region həm də gələcəkdə Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevriləcək. Azad edilmiş ərazilərimizdə nəhəng su resursları var, işğal illərində biz bütün bunlardan məhrum olmuşduq. Çünki ermənilər təkcə bizim şəhərləri deyil, bizim resursları da işğal etmişdilər. Onlar qeyri-qanuni olaraq faydalı qazıntıların hasilatı ilə məşğul olublar. Çayların qarşısını kəsirdilər və biz minlərlə hektar əraziləri suvara bilmirdik. İndi biz öz çaylarımızı, öz torpaqlarımızı qaytarmışıq”.