“İkili standartlar” siyasətinin təzahürü
Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoru kimi Avropa, Asiya və bir çox region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həm də ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərinə sahib olan dövlətdir və bu da ölkəmizin beynəlxalq müstəvidə qazandığı diplomatik uğurdur.
Azərbaycan bu gün yüksək beynəlxalq nüfuza malik olub, Cənubi Qafqazın lider dövləti kimi tanınır. Müstəqil siyasət yürüdən, sürətlə inkişaf edən ölkəmizə qarşı Qərb siyasi dairələri həmişə ikili standartlardan çıxış ediblər. Uzun müddət Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı sülh yolu ilə azad etməyə çalışan dövlətimiz hər dəfə beynəlxalq təşkilatların etinasızlığı ilə üzləşmişdir. Ermənipərəst qüvvələr münaqişənin davamlı xarakter almasına və Ermənistanın əsassız ərazi iddialarının təmin edilməsinə nail olmağa çalışırdılar. Xarici havadarları tərəfindən himayə olunan terrorçu Ermənistan hökuməti hər dəfə müxtəlif bəhanələrlə danışıqlardan imtina edir və torpaqlarımızı uzun müddət işğalda saxlamağa çalışırdı. Azərbaycan xalqı və dövləti heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildi. Ermənistan hökumətinin Azərbaycana qarşı əsassız ərazi iddiaları, təxribatçı hərəkətləri onun sonunu günbəgün yaxınlaşdırırdı.
Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 fevral tarixində Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmiş və görüş zamanı qarşılıqlı siyasi, iqtisadi əlaqələrin gələcək prespektivləri barədə geniş fikir mübadiləsi aparılmışdır.
Ölkə başçısı bildirdi ki, otuz illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Öz torpaqlarını azad etməyə başlayanda bu üç ölkə Azərbaycana təzyiqlər göstərməyə başladı. Bu üç ölkənin hər biri bizi Azərbaycanı yolundan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar Azərbaycanın öz torpaqlarını azad etməsini istəmirdilər.
Prezident İlham Əliyev qeyd etdi ki, beynəlxalq hüququn normaları ölkəmizin tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı Azərbaycanı i hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Prezident İlham Əliyev vurğuladı ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. Bütün bunlar “ikili standartlar” və anti-Azərbayan siyasətinin təzahürüdür. Azərbaycana qarşı hər zaman “ikili standartlar” siyasəti olub. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan 30 ilə yaxın müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. Bu müddətdə heç bir təzyiq və təsirlərlə üzləşmədi.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı