İki ölkə arasında əlaqələrin inkişaf səviyyəsi regional tərəqqiyə mühüm töhfələr verir.

Azərbaycan və Türkiyə əlaqələri tarixi köklərə söykənir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu Öndərimiz deyirdi: “Türkiyə ilə Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıbdır”.
Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi məqamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz. 2021-ci il iyunun 15-də Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” isə iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü oldu. Şuşa Bəyannaməsi böyük strateji əhəmiyyətə malik sənəddir. Bir il ərzində Azərbaycan və Türkiyə strateji müttəfiqliyin maraqlarını davam etdirmək üçün bir-birini dəstəklədilər. Bakı-Ankara cütlüyünün bu mühüm addımı təbii ki, bölgədə sülhə, əmin-amanlığa və sabitliyə nail olma məqsədini qarşıya qoyur və indi digər ölkələr də öz maraqlarını bu əsasda uzlaşdırırlar. Azərbaycanla Türkiyə arasında imzalanan bu bəyannamə iki qardaş ölkənin milli təhlükəsizliyinə bir zəmanət oldu. Ona görə də bu sənəd çox əhəmiyyətlidir. Bu, Azərbaycan-Türkiyə birliyinin rəsmiləşdirilməsi və dünyaya nümayişidir.
Tarixi əhəmiyyətə malik sənəd hərbi, müdafiə, təhlükəsizlik, siyasi və iqtisadi məsələləri, ticarət münasibətləri, mədəniyyət, təhsil, idman, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, qarşılıqlı hərbi yardım, Zəngəzur dəhlizi kimi mühüm məsələləri özündə əks etdirir. Bəyannaməyə görə həmçinin ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylər artırılacaq, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlər görüləcək. “Cənub qaz dəhlizi”nin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylər əlaqələndirilmiş şəkildə davam etdiriləcək.
Cənab Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, “Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir”.
Həqiqətən də Azərbaycan-Türkiyə münasibətləri həqiqətən dünyada bənzəri olmayan münasibətlərdir. Qürurverici və sevindirici haldır ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur. Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu, qardaşlığı sarsılmazdır və bundan sonra da sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət, iki dövlət” şüarına uyğun olaraq yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir. Və bu günkü nəslin borcu ata-babalardan gələn bu birliyi, qardaşlığı olduğu kimi, hətta daha möhkəm formada gələcək nəsillərə ötürməkdir. İki qardaş ölkəni hələ çox Zəfərlər gözləyir.
Aytən Məmmədli – YAP Ağstafa rayon təşkilatının əməkdaşı