24 Dekabr 2024

İHB yanında Şuranın ilk iclası keçirildi

İcra Hakimiyyətinin iş planı və Heydər Əliyevin yubileyi ilə bağlı tədbirlər planı təsdiq edildi

2023-cü il yanvar ayının 6-da Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yeni ilin ilk Şura iclasında gündəlikdə duran məsələlər haqqında məlumat verib. Bildirib ki, gündəlikdə iki məsələ durur:

1.Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın və İcra Hakimiyyəti başçısı aparatının 2023-cü il üçün iş planının təsdiqi haqqında.

2.Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı təsdiq edilmiş “Tədbirlər Planı”nın icrası haqqında.

Gündəlikdə duran birinci məsələ haqqında məlumatla çıxış edən icra başçısı qeyd edib ki, 2022-ci ildə Şuranın 23 iclası keçirilib, bu iclaslarda 39 məsələ müzakirə olunub, onların icrası təmin olunub: “Yeni başlayan təqvim ilində də Şuranın iş planı tərtib olunaraq müzakirəyə çıxarılıb və o şura üzvlərinin ixtiyarna verilib. Hesab edirəm ki, İcra Hakimiyyətinin yanında Şuranın və İcra Hakimiyyəti başçısı aparatının 2023-cü il üçün perspektiv iş planı müvafiq təlimatlara uyğun hazırlanmış və onun icrası həyata keçirilmək üçün təsdiqə verilmişdir”.

Şura üzvləri İcra Hakimiyyəti başçısının məlumatını dinlədikdən sonra İHB yanında Şuranın və İHB başçısı aparatının 2023-cü il üçün perspektiv iş planını təsdiq edib.

İkinci məsələ ilə bağlı İcra Hakimiyyəti başçısının müavini, aparatın ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Kərimov məlumtla çıxış edib. Müzakirələrdə Azərbaycan İES-in veteran əməkdaşı Adil İsmayılov, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev təkliflərlə çıxış ediblər. Şura iclası müzakirə olunan məsələlər haqqında müvafiq qərarlar qəbul edib.

İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yekunda iclasda iştirak edən idarə, müəssisə, təşkilat rəhbərlərinə, ictimai təşkilatların nümayəndələrinə və sədrlərinə tövsiyə xarakterli tapşırıqlarını da verib.