22 Noyabr 2024

İçməli su da bahalaşır, Martın 28-də… – RƏSMİ AÇIQLAMA gəldi

Martın 28-də Nazirlər Kabineti “Sudan ödənişli istifadə Qaydaları”nı təsdiq edib.

Bununla bağlı Baş Nazir Əli Əsədovun imzaladığı yeni qərarda deyilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi su obyektlərindən bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən götürülən suyun həcminə görə ödənişlərin həyata keçirilməsi mexanizminə dair təkliflərini hazırlayıb 3 ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.

Tarif (qiymət) Şurası sudan istifadə haqqını (tarifləri) 2 ay müddətində müəyyən etsin.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara münasibət bildirərkən deyib ki, sudan səmərəli istifadə etmək üçün düzgün uçotu təmin edilməlidir:

“Düzgün uçotun təmin edilməsi üçün su təsərrüfatı ilə məşğul olan qurumlarla Fövqəladə Hallar Nazirliyi, Su Ehtiyatları Agentliyi, eyni zamanda, “Azərsu”, Meliorasiya və Su Təsərrüfatı” ASC kimi qurumlar arasında suyun düzgün uçotunun aparılması müəyyənləşməlidir. Sudan istifadə edən hər bir vətəndaşın, hər bir su istifadəçisinin əlavə mənbələrdən götürdüyü suya görə suyun tarifi müəyyənləşməlidir. Əsas istiqamət suyun dəqiq uçotun aparılması məsələsidir”.

O deyib ki, 1997-ci ildən etibarən suvarma suyuna tariflər müəyyənləşdirilib: “Suvarma suyu ödənişli əsaslarla istifadə edilir, amma 2006-cı ildə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq hazırlanmış qaydalarda göstərilib ki, suvarma suyuna verilən su, örüş sahələrinə verilən suyun tarifi müəyyənləşsin. Tarif Şurasının 2006-ci ildə verdiyi qərara əsasən, suvarma suyuna hər min kubmetr üçün 50 qəpik, qış otlaq sahələrinə və örüşlərə verilən suyun 1 hektarı üzrə 40 qəpik təsdiq edilib.

Sənaye, digər məqsədlər üçün istifadə edilən sular üçün tariflər müəyyənləşmyib. Yeni qayda bunun davamıdır ki, nəticədə Tarif Şurası bu tarifləri də təsdiq etməlidir”.

Su üzrə tariflərlə bağlı yeni təklif əhali arasında ajiotaj yaradıb. Ötən il iki dəfə bahalaşan içməli suyun qiymətinin yenidən bahalaşması müzakirə mövzusuna çevrilib.

Bu təklif ancaq suvarma suyuna aiddir? İçməli suyun da tariflərində yenidən dəyişiklik ola bilərmi?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib ki, içməli suyun tariflərinə baxılmasından söhbət getmir.

“Sudan ödənişli istifadə Qaydaları” ilə bağlı məsələ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılıb. Burada içməli su ilə bağlı məsələdən söhbət getmir”.