22 Dekabr 2024

Heydər Əliyev yolu bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.

Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılanır, dünya miqyaslı siyasət və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərinə, çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə xalqımızın və dövlətimizin qədirbilən münasibətinin parlaq təcəssümü kimi qiymətləndirilir. Ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüz önündədir. Bu qərar bir daha dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq.

Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir, bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəkdir. Onun fəaliyyətinin hər bir mərhələsi – istər Azərbaycanda hakimiyyətinin birinci dövrü (1969-1982), istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur. Fəxarət hissi ilə qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə bir abidə ucaldıb və bu abidənin adı müasir müstəqil Azərbaycan dövlətidir.

Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında ən böyük xidmətlərindən biri 2003-cü ildə xalqa müraciətində qarşıdakı dövrdə Azərbaycanı möhkəm təməl üzərində uğurla inkişaf etdirməyə qadir ünvanı göstərməsi oldu. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev son 19 ilə yaxın dövr ərzində ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirir. Bu gün Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır. Ümummilli Lider qeyd olunan müraciətində axıra çatdıra bilmədiyi işlərin cənab İlham Əliyevin xalqın dəstəyi ilə həyata keçirəcəyinə böyük inamını ifadə etmişdir. Ulu Öndər “Ona Özüm qədər inanıram” söyləməklə gələcək inkişafın aydın mənzərəsini təqdim etmişdir. Prezident İlham Əliyev bu müddət ərzində torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işləri çərçivəsində bütün zəruri addımların atılmasına nail oldu, Azərbaycanın iqtisadi imkanları daha da genişləndi, beynəlxalq münasibətlər sistemində rolu artdı, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı və ordu quruculuğu prioritet sahə kimi öndə oldu. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar yaratdı. Qürur hissi ilə deyə bilərik ki, ümummilli lider Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar.

Emilya Rəhimova

Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı