21 Dekabr 2024

“Heydər Əliyev İli” çərçivəsində Ağstafada ağacəkmə aksiyası keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon təşkilatının təsdiq olunmuş iş planına uyğun olaraq Ağstafa rayonu Muğanlı kənd ərazisində ağacəkmə aksiyası keçirilib.

Aksiyada YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və aparatın məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, gənc könüllülər, Ağstafa rayon Gənclər və İdman idarəsinin, Qarayazı Dövlət Təbiət Qoruğunun, Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun və “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir.

Aksiya çərçivəsində 100 nəfərin iştirakı ilə 500 ədəd müxtəlif növ ağac əkilib, əkilmiş ağaclar suvarılıb və onlara aqrotexnik qulluq işləri göstərilib. Həmçinin ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb.

Gələcəkdə də bu cür aksiyaların davam etdirilməsi nəzərdə tutulur.