Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib
Bu gün Ulu Öndər Heydər Əliyevin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” –kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir. Ulu Öndər o günlərin əhəmiyyətini qeyd edərək deyirdi ki, “Biz hələ müstəqilliyimizin ilk aylarında, 1991-ci il dekabr ayının 31-də “Dünya Azərbaycanlılarının Həmrəylik günü haqqında” qərar qəbul etdik. Biz o vaxtdan bu günü böyük bayram kimi qeyd edirik və o vaxtdan da dünyada yaşayan azərbaycanlılarla əlaqələrimiz tədricən inkişaf etməyə başladı. Bunlar hamısı Azərbaycanın müstəqilliyinin və Azərbaycan xalqının milli azadlığının nəticəsidir”.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın hər bir nöqtəsində yaşayan azərbaycanlıların milli birliyini, həmrəyliyini simvolizə edən, eyni zamanda, bu birliyi möhkəmləndirən əlamətdar tarixdir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.
Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Çünki bu gün dünya azərbaycanlıları qürur və iftixar hissi keçirirlər ki, onları müdafiə və himayə edən, hər bir azərbaycanlının inam və güvən yeri olan müstəqil Azərbaycan dövləti var. Eyni zamanda, müasir, müstəqil dövlətimizin inkişafı soydaşlarımızın birlik və həmrəyliyini təmin edən mexanizm qismində çıxış edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlara söykənən daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə davam etdirilməsi ölkəmizi hər bir azərbaycanlının görmək istədiyi ideal məmləkətə çevirib.1991-ci ildə qəbul olunan bu qərar həm də bütün soydaşlarımızın vahid mərkəzdə toplanması, bütün azərbaycanlıların Vətəni olan Azərbaycan dövlətinin gələcək inkişafında yaxından iştirak etməsinin vacibliyinin dərki günü kimi xarakterizə olunmalıdır. Məhz Ulu öndərimiz Heydər Əliyevin iradəsi əsasında qəbul olunan bu qərar müasir Azərbaycan dövlətinin inkişafında, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanınmasında və təbliğində mühüm rol oynadı. Digər tərəfdən, məhz Həmrəylik Gününün əməli davamı sayılan dünya azərbaycanlılarının qurultayları milli birliyimizin daha da möhkəmlənməsində müstəsna rola malik oldu.
II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi və biz tarixə Zəfər günü adlı səhifə yazdıq. Azərbaycanın yaxın dövrdə yeni zəfərlərə imza atacağı, tarixin yeni şanlı səhifələrini yazacağı heç kimdə şübhə doğurmur. Ulu öndər Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaqdır!” dahiyanə sözləri bu gün real həyatda özünü təsdiqləyir. Müstəqilliyimizin simvolu olaraq ruhumuza hakim olan bu həmrəylik və möhkəm birlik Vətənimizin bundan sonra da etibarlı müdafiəsində və qarşıdakı genişmiqyaslı quruculuq işlərində öz bəhrəsini verəcəkdir.
Səbinə İsgəndərli
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı