22 Dekabr 2024

Haaqada Qarabağ savaşı – ermənilərin beynəlxalq məhkəmələrdə revanş fiaskosu…

Ermənistana elə gəlirdi ki, lobbinin dəstəyi ilə Azərbaycanı sıxışdıracaq, proses tərsinə cövlan edir; politoloq: “Laçın yolundakı vəziyyəti irqi baxımdan əlaqələndirməyə çalışırlar, amma…”

“İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın (CERD) tətbiqi ilə bağlı iş üzrə Azərbaycan Respublikasının Beynəlxalq Ədalət Məhkəməsinə ünvanladığı müvəqqəti tədbirlərin təyin edilməsinə dair müraciət üzrə ictimai dinləmələr başa çatıb. “Yeni Müsavat” bildirir ki, yanvarın 31-də Haaqadakı Sülh sarayında keçirilən dinləmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib. Bundan sonra Beynəlxalq Ədalət Məhkəməsi müzakirələrə başlayacaq. Müvəqqəti tədbirlərin görülməsi barədə vəsatətlə bağlı məhkəmənin qərarı açıq iclasda çıxarılacaq və onun vaxtı müəyyən edilmiş müddətdə elan olunacaq.

Bildirilir ki, 2-ci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra Ermənistan hərbi meydanda revanşa qadir olmadığından, bütün ümidlərini beynəlxalq məhkəmələrə bağlamışdı. Ermənistana elə gəlirdi ki, beynəlxalq məhkəmələr formatında erməni lobbisinin də yaxından dəstəyi ilə ard-arda uğurlar qazanacaq və Azərbaycanı sıxışdıracaq. Lakin proses tərsinə cövlan etməkdədir. Ermənistan beynəlxalq məhkəmələr formatında Azərbaycanın ciddi hücumları ilə qarşılaşıb və demək olar ki, heç nəyə nail ola bilmir. Azərbaycan tərəfi təqdim edilmiş müfəssəl sübutlar əsasında, azərbaycanlıların hüquqlarının geniş şəkildə pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığına dair vəsatətin təmin olunmasını məhkəmədən tələb edib.

Xüsusilə etnik təmizləmə, o cümlədən qəsdən həyatdan və mülkiyyət hüququndan məhrumetmə, işgəncə, mədəni irsin məhvi, erməni əhalisi arasında azərbaycanlılara qarşı nifrətin təbliği və Ermənistanda nifrət zəminində yaradılmış silahlı qruplara dövlət yardımı ilə bağlı Ermənistan hökumətinin məsuliyyət daşıdığının bəyan edilməsi üçün müraciətlər ünvanlayır. Konkret olaraq, Haaqa formatında keçirilən Azərbaycan tərəfinin müraciətində, həmçinin Ermənistanın itkin düşmüş azərbaycanlılara dair bütün məlumatları açıqlamaqla bağlı öhdəliklərini yerinə yetirməsinin, qanunsuz ələ keçirilmiş bütün əmlak və torpaqları azərbaycanlılara geri qaytarmasının, nifrət zəminində təbliğatı dayandırmasının və insan hüquqlarının otuz il ərzində pozulmasına görə məsuliyyətə cəlb olunmasının vacib olduğu vurğulanır.

Azərbaycanın müraciətində Ermənistan tərəfindən 2021-ci ilin oktyabrında Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilmiş məlumatlara zidd olaraq və hətta 2020-ci ilin noyabr ayında imzalanmış üçtərəfli bəyanata əsasən bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəldikdən sonra belə, Azərbaycan ərazisində minalar yerləşdirməyə davam etdiyini göstərən yeni sübutlar əks olunub. Azərbaycanda 2022-ci ilin avqustundan etibarən 2021-ci il Ermənistan istehsalı 2700-dən çox mina aşkar edilib. Ermənistanın davranışı İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın və digər beynəlxalq qanunlar üzrə öhdəliklərinin kobud şəkildə pozulmasıdır.

Azərbaycan ərazisinə qeyri-qanuni olaraq gətirilmiş bu minaların 1600-ü, həmçinin mina tələlər Ermənistanın etnik təmizləmə kampaniyası və Azərbaycan ərazilərinin qanunsuz işğalı nəticəsində 30 il əvvəl azərbaycanlıların qovulduğu mülki ərazilərə basdırılaraq, bu, məcburi köçkün ailələrinin və icmaların öz evlərinə geri qayıtmasının qarşısını alıb.

Azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına imkan yaratmaq məqsədilə Azərbaycanın Laçın və Kəlbəcər rayonlarının və əvvəllər işğal olunmuş digər rayonların azərbaycanlı mülki şəxslərin qayıdacaqları şəhər, kənd və digər ərazilərində minaların, mina tələlərin və hər hansı bir digər partlayıcı qurğuların yeri, miqdarı, növü və xüsusiyyətləri barədə məlumat verməklə Azərbaycanın operativ, təhlükəsiz və effektiv şəkildə minalardan təmizlənməni həyata keçirməsi istiqamətində Ermənistan tərəfindən dərhal bütün lazımi addımlar atılması Beynəlxalq Ədalət Məhkəməsindən sorğu edilib. Azərbaycan haqlı tərəfdir, Ermənistan 30 il ərazilərimizi işğalda saxlayıb, xarabazara çevirib. Amma beynəlxalq məhkəmələrdə revanş axtarır. Bu cəsarət və ümid onda haradandır?

Politoloq Murad Sadəddinov "Yeni TV"nin CANLI YAYIMINDA - YouTube

Murad Sadəddinov

Politoloq Murad Sadəddinovun “Yeni Müsavat”a bildirdiyinə görə, ermənilər 200 ildir özləri üçün axmaq mif qurublar: “Bu mif əsasında addımlar atırlar. Onlar Türkiyə və Azərbaycana qarşı hərəkətlərində dəstək alacaqlarına həmişə ümid bəsləyiblər. Amma nə Ermənistan, nə Azərbaycan “Roma statusu”nu qəbul ediblər. Bu, beynəlxalq öhdəlikdir, yəni bu statusu qəbul etməyən ölkələrin hərbi cinayətlərlə bağlı müraciətlərinə baxılmır. Misal üçün, ABŞ, İsrail, Rusiya, bir çox dövlətlər də “Roma statusu”nu qəbul etməyiblər. Ona görə hazırda BMT tərkibində olan məhkəmələrdə proseslər gedir. BMT daxilində isə bir tendensiya ilə bağlı məsələni Azərbaycan və Ermənistan qəbul ediblər: bu da irqi ayrı-seçkiliklə bağlı müraciətlərdir ki, onlara baxıla bilər”.

M.Sadəddinovun fikrincə, ermənilər Laçın yolunun guya bağlandığını, bunu da irqi baxımdan olması ilə əlaqələndirməyə çalışırlar: “Ancaq onların irəli sürdüyü vəsatətlərin əsası yoxdur. Sadəcə, ermənilərin türklərə olan nifrəti reallığı qəbul etməyə imkan vemrir. O baxımdan, istənilən platformada Azərbaycana qarşı addım atmağa çalışırlar. Onların diaspora imkanları da var və bundan irəli gələrək beynəlxalq məhkəmələrdə iddialar qaldırmağa can atırlar. Amma heç bir perspektivi, hüquqi bazası yoxdur. Azərbaycan müharibə dövründə beynəlxalq konvensiyaları pozmayıb”.