23 Dekabr 2024

Gürcüstanın Baş naziri: “Qarabağ müharibəsinin başa çatması bölgədə yeni imkanlar yaradacaq”

“Gürcüstan bölgədə sülh, sabitlik və əmin-amanlığın tərəfdarıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ermənistanlı həmkarı Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Qarabağ müharibəsi bölgə üçün çətin çağırış olub: “Ümid edirəm ki, müharibənin başa çatması ilə yeni imkanlara yol açılacaq. Gürcüstan regionda yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə hazırdır”.

İ.Qaribaşvili Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan humanitar razılaşmaya da toxunub: “Bu, presedenti olmayan hadisə oldu. Gürcüstan bundan sonra da Azərbaycan və Ermənistan arasında vasitəçi rolunu oynamaqda davam etməyə hazırdır”.