21 Noyabr 2024

Gürcüstan parlamenti həmin qanununa qoyulan vetonu ləğv etdi

Bu gün Gürcüstan Parlamenti Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv edib.

“Report”un yerli bürosu xəbər verir ki, qanunun lehinə 84, əleyhinə isə 4 deputat səs verib.

Parlamentin gərgin keçən iclasında insident də qeydə alınıb. “Gürcü arzusu”nun deputatı İrma Zavradaşvili “Strategiya Aqmaşenebeli” partiyasının sədri Giorgi Vaşadzenin üzərinə su töküb. Hadisə G.Vaşadze tribunada çıxış edərkən baş verib.

Artıq parlamentin binasındakı hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı artırılıb və qanunverici orqanın yan girişlərində xüsusi təyinatlılar tərəfindən dəhliz yaradılıb.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoymuşdu.