Güləşçilərimiz Macarıstanda xalqımıza daha bir qələbə sevinci yaşatdı
16 medal qazanan güləşçilərimiz bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar.
Möhtərəm Prezidentimizin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısının nəticəsidir ki, bu gün ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətində öncül yer tutur, hər bir bölgədə idman zalları və qurğuları, stadionlar, müasir olimpiya idman kompleksləri inşa edilir. Məhz buna görədir ki, dünya, Avropa, Olimpiya yarışlarında idmançılarımız yüksək pillələri fəth edir, idman arenalarında üçrəngli bayrağımızı ucaldır, himnimizi səsləndirirlər. Sevindirici və qürurverici haldır ki, Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında idmançılarımız yeni bir uğura imza atmış, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanan güləşçilərimiz bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 8 aprel 2022-ci il tarixdə Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşdə qeyd etmişdir ki, “İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı. Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir”.
Bəli, idmançılarımız yarışa çıxanda fəxr edirlər ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və bu onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır, güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır. Vətənpərvərliyi gücləndirən amillərdən biri də tarixi-hərbi Zəfərimiz və idman sahəsindəki uğurlarımızdır. Ona görə də gənclərimizdəki vətənpərvərlik hissi, Vətənə olan sədaqət və fədakarlıq Qarabağın azad olunmasında başlıca amil oldu.
Sevindirici haldır ki, Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və Yunan-Roma güləşi üzrə komandalarımız qazandı. Beləliklə həm sərbəst güləş, həm Yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular.
Fəxr edirik ki, hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə də bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istərsə də siyasi arenalarda qələbələr qazanır.
Milli idman növü olan güləş bizim ənənəvi idman növümüzdür. Güləşçilərimiz uzun illərdir ki, Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil edib və bu gün də edirlər. Nəsildən-nəsilə keçən bu təcrübə, bilik və səriştə nəticəsində Azərbaycan dünya miqyasında aparıcı güləş ölkəsi kimi tanınır. Qalib gəlmiş müzəffər xalqımızı təmsil edən idmançılarımız bu gün beynəlxalq yarışlarda əldə etdiyi qələbələrlə dünyada yaşayan hər bir soydaşımıza sevinc bəxş edirlər. Hamımıza məlumdur ki, iki ildən sonra Parisdə Yay Olimpiya Oyunları keçiriləcək. Əminliklə deyə bilərik ki, gələcək yarışlarda da Azərbaycan mütləq birinci sıralarda olacaq, idmançılarımız ölkəmizi şərəflə təmsil edəcəklər.
Qələbə hər bir idmançı üçün çox önəmlidir. Fəxr edirik ki, bizim idmançılarımız qələbəni öz istedadları, zəhmətləri hesabına, Vətənimizə sevgi ruhunda əldə edir, idmançı şərəfini ucadan-uca tutur, xalqımızın böyüklüyünü dünyaya nümayiş etdirirlər.
Rafiq Əliyev
Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının sədri