18 Oktyabr 2024

Güclü ordu qüdrətli dövlət deməkdir

Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra ordu quruculuğu prosesini daha da sürətləndirib. Belə ki, postmüharibə dövründə  ordumuzun döyüş imkanlarının artırılması istiqamətində islahatlar davam etdirilib. Xüsusilə hərbi quruculuq, bütün qoşun növlərinin ən müasir texnika və silah-sursatla təchizatı və hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması üçün  bu sahəyə ayrılan xərclər artırılıb. Müharibədən sonra imzalanmış yeni müqavilələr əsasında Azərbaycan Silahlı Qüvvələrinə ən müasir hərbi texnikalar, silahlar verilib. Ölkəmiz 2022-ci ildə yalnız yeni silah və texnikaların alınması ilə kifayətlənməyib. Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə hərbi infrastrukturun qurulması, sərhəd mühafizə zolaqlarının yaradılması əsas vəzifələrdən biri olub. Belə ki,  işğaldan azad olunmuş ərazilərdə ilk dəfə yeni hərbi birləşmə-istənilən hərbi vəzifəni icra etməyə  malik olan Komando qüvvələri yaradılıb. Bu, ölkəmizin hərbi sahədə apardığı modern islahatların birincisidir. Hərbi sahədə görülən bütün işlər Azərbaycan Ordusunun peşəkarlığını, döyüş qabiliyyətini artırmaqla yanaşı, onun dünyanın ən güclü orduları sırasında tutduğu mövqeyinin möhkəmlənməsinə təsir göstərib. Məhz buna görədir ki,  Azərbaycan Ordusu regionun ən modern ordusu kimi qiymətləndirilib.

 Təqdirəlayiq haldır ki,  bu gün Azərbaycan sərhədçiləri Ermənistanla sərhədlərimizə tam nəzarət edir. Həmin sərhədlərdə mobil və çevik sərhəd xidməti hissələri yaradılıb. Onlar ən müasir hərbi texnika və sursatla təmin edilib. Bir sözlə, bu məsələlər Prezident İlham Əliyevin daim diqqətindədir. Dövlət başçısının regionlara, xüsusilə də işğaldan azad edilən ərazilərə səfərləri zamanı hərbi hissələrin açılışında iştirak etməsi, yeni texnikalarla tanış olması onu göstərir ki, Azərbaycan dövləti  44 günlük Vətən müharibəsindəki tarixi Qələbəsindən sonra qətiyyən arxayınlaşmayıb. Əksinə, özünün hərbi təhlükəsizliyini daim diqqətdə saxlayaraq onun inkişafına çalışır.  

Digər önəmli məsələ isə odur ki, 2021- ci və  2022-ci illərdə hərbçilərimizin daha müasir döyüş taktikalarına yiyələnmələri və bu bacarıqlarının daha da inkişaf etdirilməsi üçün Azərbaycan-Gürcüstan-Türkiyə hərbçilərinin birgə təlimləri, Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə «Üç qardaş – 2021» beynəlxalq təlimi və  çoxsaylı Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib.

Bütün bunlara rəğmən demək olar ki, Azərbaycan Ordusu 2022-ci ildə böyük işlər görərək Ali Baş Komandan tərəfindən qarşısına qoyulan bütün vəzifələri uğurla yerinə yetirib. Belə ki, 2022-ci ilin avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan Ordusu bölmələrinə qarşı törətdiyi terror-təxribatı nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olmuşdu. Azərbaycan Ordusunun avqustun 4- də həmin qanunsuz silahlı dəstələrə qarşı keçirdiyi «Qisas» cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra başqa yüksəkliklər tamamilə nəzarətə götürülüb. Bu bir daha göstərdi ki, Azərbaycan Ordusu yenilməzdir və qarşısına qoyulan hərbi tapşırıqları peşəkarlıqla yerinə yetirməyə qadirdir.   

Digər önəmli fakt isə odur ki, 2022-ci ildə Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı da prioritet məsələ kimi dəyərləndirilib. Belə ki, 2022-ci ildə  dövlət büdcəsindən orduya ayrılan vəsaitin həcmi  4 milyard 490 milyon manat olub. 2023-cü ildə isə bu artım 5.3 manata çatdırılmaqla ordumuzun hərtərəfli güclənməsinə şərait yaradacaq.