23 Dekabr 2024

Gərginlik pik həddə: Üçüncü Dünya müharibəsi qaçılmaz görünür

Azər Qasımlı: “Cənubi Qafqazın müqəddəratı Ukrayna ətrafındakı proseslərdən xeyli dərəcədə asılıdır”

Ukrayna ətrafında yaranan gərginlik bu günlərdə pik həddə çatıb. Vəziyyətin müharibə həddinə yaxınlaşmasında Rusiya və Qərb-NATO bir-birilərini ittiham edir. Rusiya ilə Qərb arasında aparılan diplomatik danışıqlar müsbət nəticə vermədikcə gərginlik daha da şiddətlənir ki, bu, tərəflərin verdiyi rəsmi bəyanatlarda öz əksini tapır.

Bu günlərdə Rusiyanın Ukrayna ilə sərhədlərə yerləşdirdiyi qoşunların və hərbi texnikanın say tərkibini artırması ilə bağlı “Telegram” kanallarında görüntülər yayılıb. Eyni zamanda, Qərb ölkələrindən Ukraynaya hərbi silah-sursat yardımı göndərildiyi barədə məlumatlar var. 

Kreml Ukrayna ətrafında vəziyyətin çox gərgin olduğunu açıqlayıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynaya silah tədarükü, NATO-nun hərbi manevrləri  bu ölkə ətrafında gərginliyə gətirib çıxarır.

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov isə “Valday” beynəlxalq müzakirə klubunda çıxışında deyib ki, Vaşinqton, Brüssel və NATO-nun digər paytaxtları ilk növbədə Ukraynada və onun ətrafında baş verənlərlə bağlı əsassız iddialar irəli sürməkdə davam edir: “Rusiya ilk növbədə ABŞ-la təhlükəsizlik zəmanətləri barədə razılığa gəlməyə üstünlük verir. Bu prosesə daha çox ölkələrin cəlb edilməsi qeyri-məhsuldar olacaq. Mən gizlətməyəcəyəm ki, biz qarşılıqlı anlaşma tapmağa və ilk növbədə amerikalılarla razılığa gəlməyə üstünlük verərdik. Bu prosesə daha çox ölkə cəlb etmək bizim üçün əks effektli görünür”.

Rusiyalı diplomat ölkəsinin təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ və NATO-nun cavabını sonsuza qədər gözləməyə hazır olmadığını da qeyd edib: “Top ABŞ tərəfindədir. Rusiya təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ-la dialoqun davam edəcəyinə ümid edir”. 

Beynəlxalq və yerli ekspertlər isə hesab edirlər ki, diplomatik danışıqlar nəticə verməsə, o zaman hərbi güc işə düşəcək ki, bu, hətta Üçüncü Dünya müharibəsi ilə nəticələnə bilər. 

Ukrayna ətrafındakı gərginlik, proseslərin bundan sonrakı inkişaf mərhələləri ilə bağlı AYNA-nın suallarını Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı cavablandırıb. Analitik qeyd edib ki, proseslə bağlı dəqiq proqnoz vermək çətindir: 

– Amma böyük risklər mövcuddur və bir çox ssenari prosesləri dünya müharibəsinə apara bilər. Yaxud da Üçüncü Dünya müharibəsi baş verməsə, baş verənlər böyük regional konfliktin yaranmasına gətirib çıxara bilər. Məsələ ondadır ki, Rusiya artıq sıxılmış vəziyyətdədir. Bu ölkənin bütün sərhədləri boyunca NATO öz hərbi qüvvəsini, hərbi bazalarını yerləşdirib. O cümlədən, NATO üzvləri artıq Rusiya sərhədlərindədir və Rusiyanın bufer zonası qalmayıb. Əgər Ukrayna və Gürcüstan da NATO-ya üzv edilsə, deməli, həm Cənubi Qafqazda, həm də digər postsovet məkanında NATO yerləşmiş olacaq. Bu, Rusiya üçün böyük təhdiddir. Ən azı, Rusiya bunu özü üçün təhdid, təhlükəsizliyinin tamamilə sıradan çıxması kimi qiymətləndirir. Bu baxımdan, Rusiyanın itirəcəkləri böyükdür. 

– Yəni Qərb qazanclı görünür…

– Qərb məsələyə Rusiya kimi taktiki yox, strateji yanaşır. Məsələn, Qərb bir çox hallarda tənqid edilir ki, “niyə Gürcüstana yardım etmədi”, “niyə Ukraynaya zamanında yardım etmədi”. Amma vəziyyəti bir qədər soyuqqanlı şəkildə, Qərbin strateji maraqları baxımından dəyərləndirmək lazımdır. Bəli, Gürcüstan 2008-ci ildə ərazisinin bir hissəsini itirdi – söhbət Abxaziya və Cənubi Osetiyadan gedir – amma ümumilikdə götürsək, Gürcüstan Qərbə doğru inteqrasiyaya başladı. Və bu gün Rusiya Gürcüstanı itirib. Rusiya kiçik bir ərazini götürməklə, Gürcüstanı itirmiş oldu, yaxud da əksinə, Qərb Gürcüstanı öz müttəfiqinə çevirdi. O cümlədən də Ukrayna. Məsələn, Donbass bölgəsi Qərb üçün strateji olaraq o qədər də önməmli deyil. Çünki həmin bölgə Ukraynanın cəmi üç faizi deməkdir. Amma kobud desək, Ukraynanın 97 faizi artıq Qərblə inteqrasiyadadır, Qərbin müttəfiqidir. Yəni ki, Qərb yavaş-yavaş Rusiyanı zəiflətmək, Rusiyanı çökdürmək və Rusiyanın sərhədlərinə doğru yaxınlaşmaqdadır. Bu, Qərbin strategiyasıdır. 

– Qərbin yardım etməməkdə günahlandırılması doğru deyilmi?

– Təbii ki, tənqid etmək olar. Daha çox o yöndə ki, Qərbin Rusiyaya təzyiq imkanı və  potensialı daha çoxdur. 10 il əvvəl Qərb Ukraynaya lazım olan dəstəyi versəydi, hazırda belə acınacaqlı vəziyyət olmazdı. Acınacaqlı olan odur ki, Ukrayna ilə Rusiyanın hərbi potensialını müqayisə edəndə görünür ki, Rusiyanın potensialı Ukraynadan 10 dəfələrlə çoxdur. Aydın məsələdir ki, müharibə başlasa Ukrayna uduzacaq, işğal olunacaq. Müharibə başlayarsa, Ukraynanın işi ondan ibarət olmalıdır ki, Rusiyaya maksimum dərəcədə ziyan vursun və bacardığı qədər müharibəni uzatsın. Hesab edirəm ki, Əfqanıstan ssenarisi burada da ola bilər. O vaxt Rusiya Əfqanıstanı işğal etdi, amma sonradan biabırçı şəkildə oradan çıxmalı oldu. Əgər belə bir ssenari baş versə, bununla Rusiya dünyadan təcrid olunacaq. Bir çox ölkələr, müasir dünya Moskva ilə bütün əlaqələri kəsəcək. İkincisi, Qərb kənarda qalmayacaq. Aydın məsələdir ki, Rusiya bir-iki günə Ukraynanı işğal edə bilməz. Böyük ehtimal ki, müharibə uzananda, Ukraynaya hərbi yardımlar ediləcək. Əsas məqamlardan biri də odur ki, həmin ərəfədə Rusiya daxilində ciddi proseslər başlaya bilər. 

– Putin hakimiyyətinə qarşı inqilab, Rusiyanın parçalanmasını nəzərdə tutursunuz…

– Təbii, bu ehtimallar var. Putinin hakimiyyətinə qarşı daxildə etiraz dalğası başlaya bilər. Ola bilsin ki, böyük güclər bu ssenarinin də üzərində düşünürlər. Sözümü ona gətirirəm ki, istər müharibə olsun, istərsə də olmasın, mən bu prosesdən Rusiyanın uduşlu çıxmasını görmürəm. Bütün hallarda Rusiya Ukraynanı tamamilə itirəcək. Tutaq ki, Moskva Abxaziya və Cənubi Osetiyanı tanıdığı kimi, Ukraynadakı separatçıları da tanısın. Amma bununla da bölgədə heç nə dəyişməyəcək. Xəritədə dünyanın tanımadığı, sadəcə Rusiyanın tanıdığı iki “ölkə” yaranacaq ki, bu, Rusiyaya nə verəcək? Əlbəttə, heç nə! Amma böyük bir Ukrayna gələcəkdə NATO üzvü olacaq, NATO-nun bazaları orada yerləşəcək. Bu da o deməkdir ki, NATO Rusiyanın girişindədir. Bu baxımdan, Rusiyanın uduşlu çıxacağı mümkünsüzdür. Digər tərəfdən, Qərb bu prosesdə geri çəkilə bilməz. Geri çəkilsə, postsovet məkanını itirəcək. Eyni zamanda, dünyanın başqa-başqa yerlərində – Venesuelada, Suriyada və digər münaqişəli bölgələrdə Rusiya özünü aqressiv aparmağa başlayacaq. Bu, Qərbin dünyadakı gücünə, legitimliyinə böyük zərbədir. 

– Rusiya sıxılmış vəziyyətdə olsa da, danışıqlarda razılaşmır, geri çəkilmək niyyətində görünmür…

– Rusiyanın NATO qarşısında qoyduğu şərtlərdən biri Alyansın 1997-ci il sərhədlərinə qayıtmasıdır. Amma bu, maksimal şərtdir, təbii ki, baş verməyəcək. Bunu NATO edəsi deyil. Rusiya maksimum şərtlər qoyub ki, heç olmasa, minumumu əldə edə bilsin. Minumum da odur ki, Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü baş tutmasın. Moskva Qərbin postsovet məkanını Rusiyanın təsir dairəsi kimi qəbul etməsini istəyir. Rusiya özü üçün bufer zona yaratmaq niyyəti güdür. Amma mən inanmıram ki, Qərb buna da razı olsun. 

Rusiyanın güvəndiyi yeganə amil odur ki, hərbi potensialı Ukraynanın hərbi gücündən on dəfələrlə çoxdur. Moskvanın başqa güvənəcəyi məqam mövcud deyil. Çox yaxın zamanda Ukraynaya hərbi dəstək verilərsə, hava hücumundan müdafiə sistemləri, qırıcı təyyarələr tədarük olunsa, hesab edirəm ki, müharibə Rusiya üçün asan olmayacaq. Təbii ki, yardım məsələsində ABŞ və Qərbin tutacağı mövqe, operativlik önəmli rol oynayır. 

– Ukrayna ətrafında baş verən proseslərin, gözlənilən müharibənin Cənubi Qafqaz regionuna mümkün təsirləri nə dərəcədədir?

– Əlbəttə, bunun hamımıza təsiri var – Gürcüstana da, Ermənistana da, Azərbaycana da. Hətta proseslərin Orta Asiya regionuna da təsirləri mövcuddur. Ümumilikdə götürsək, baş verənlərin postsovet məkanına təsirləri çoxdur. Cənubi Qafqazın, xüsusilə də Azərbaycanın gələcək perspektivi – regional, geopolitik və daxili siyasi-iqtisadi model olaraq perspektivi Ukrayna ətrafında gedən proseslərdən asılıdır. Əgər bu qarşıdurmada Rusiya məğlub olsa, Ukrayna və Gürcüstan NATO üzvünə çevrilsə, demək ki, Qərb postsovet məkanında – ilk növbədə də Cənubi Qafqazda aktiv siyasət aparmağa başlayacaq. Bu zaman isə Rusiya elitası ilə bağlantısı olan hakimiyyətlərin balanslı siyasət həyata keçirməsi olduqca çətin olacaq. Və hakimiyyətlər ölkə daxilində siyasi və iqtisadi açılımlara getməli olacaq. Çünki beynəlxalq və regional konyuktura bunu tələb edəcək. Yəni ki, Cənubi Qafqazın müqəddəratı Ukrayna ətrafındakı proseslərdən xeyli dərəcədə asılıdır. 

Müəllif: Anar Bayramoğlu