23 Dekabr 2024

Gənclərimiz könüllülər hərəkatının gücüdür

Bu ideya insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin uğurlu formatıdır

Azərbaycan gəncliyi hər zaman bütün sahələrdə irəlidə olub. Ölkəmizdə gənclərə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycan gəncliyinin inkişafı naminə gördükləri işlər gənclərə olan bu diqqət və qayğının bariz sübutudur. Bu gün gənclərimiz dövlət idarəçiliyində uğurla çalışır, ölkəmizin inkişafında, respublikamızda beynəlxalq yarışların və digər tədbirlərin keçirilməsində yaxından iştirak edirlər.

Gənclər ölkəmizdə geniş vüsət alan könüllülər hərəkatının aparıcı gücüdür. Bu hərəkatın nəinki ölkə miqyasında, eləcə də beynəlxalq aləmdə özünü doğrultması artıq bir gerçəklikdir. 

Ölkəmizdə könüllülər hərəkatının tarixi uzaqlara gedib çıxır. Rəsmən isə bu institut son 12-13 ildə formalaşıb. Belə ki, Prezident İlham Əliyevin 2009-cu il iyunun 9-da imzaladığı “Könüllü fəaliyyət haqqında” Qanun Azərbaycanda könüllülər hərəkatının daha da genişlənməsinə əlverişli zəmin yaradıb. Bu Qanun qəbul edildikdən sonra Azərbaycan könüllüləri ölkəmizdə keçirilən kütləvi idman, siyasi və mədəni tədbirlərin idarə edilməsi proseslərinə könüllü qismində cəlb ediliblər.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2019-cu il dekabrın 30-da imzaladığı Sərəncamla 2020-ci il ölkəmizdə “Könüllülər İli” elan edilib. Sərəncamda qeyd edilir ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə bağlılıq və Vətənə xidmət örnəyidir.

“ASAN Könüllüləri”, “Bir Könüllü” “Könüllü DOST”, “Aqrar İnkişaf Könüllüləri”, “İslahat Könüllüləri”, “Nəqliyyat Könüllüləri”, “Miqrasiya Könüllüsü”, “Könüllü gömrükçü”, “Turizm Könüllüləri”, “Eko könüllüləri”, “Gənc Könüllülər”, “Azərbaycan Diaspor Könüllüləri”, “Ədliyyə Könüllüləri” “Könüllü Qida Nəzarətçisi”, “eSAS”  və digər könüllü təşkilatlarında fəaliyyət göstərən yüz minlərlə könüllü Azərbaycan gəncliyinin parlaq gələcəyi, ölkəmizin inkişafı, rifahın yaxşılaşması istiqamətində dövlət qurumlarının fəaliyyətinə öz əvəzolunmaz töhfəsini verirlər. Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs veriblər. Onlar ölkəmizdə “Eurovision-2012” mahnı müsabiqəsi, “Bakı-2015” Birinci Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar.

Könüllülər hərəkatı çərçivəsində Azərbaycan tarixinin təbliği yönündə mühüm işlərin görülməsi çox əhəmiyyətlidir. Son illərdə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə, musiqi və idman yarışlarında iştirak edən könüllülərin sayı xeyli artıb. Ekspertlər vurğulayırlar ki, bu gün Azərbaycan könüllülərinin fəaliyyəti dünyanın ən təcrübəli könüllülərinin fəaliyyəti ilə müqayisə edilə bilər. Könüllülərin uğurlu fəaliyyəti pandemiya dövrü və Vətən müharibəsi zamanı diqqəti xüsusilə cəlb etdi.

Dövlət başçısı İlham Əliyevin xüsusi diqqət göstərdiyi könüllülər hərəkatı Azərbaycan gənclərinin potensialını, təmənnasızlığını və digər gözəl xüsusiyyətlərini meydana çıxaran faktorlardan biridir. Könüllülərimiz ölkəmizdə reallaşdırılan müxtəlif xeyirxah aksiyalarda da fəal iştirak edirlər. Könüllülər hərəkatı gənclərin müxtəlif kreativ təşəbbüslər irəli sürməsinə, bu kimi aksiyalarda iştirakına əlverişli zəmin yaradır.

Reallıq budur ki, ictimaiyyəti heç cür könüllülərsiz təsəvvür edə bilmirik. Çünki artıq onlar öz fəaliyyətləri ilə gündəlik həyatımızda mühüm yer tutublar. Gənclərin bu hərəkata könüllü şəkildə qoşulması, bütün proseslərdə iştirakı, müxtəlif təşəbbüslər və ideyalar meydana çıxarmaları çox müsbət haldır. 2020-ci ilin “Könüllülər İli” elan edilməsi ölkəmizin ümumi inkişafına töhfə verən könüllülərin fəaliyyətinə yüksək qiymət verilməsinin və onlara bəslənən inamın təzahürüdür. Bu, həm də Azərbaycanda könüllülər institutunun inkişafını sürətləndirən amillərdən oldu.

Azərbaycan dövləti ölkə gənclərinə hərtərəfli qayğı və diqqət göstərdiyi kimi, gənclərimiz də dövlətin etimadını hər addımda doğrultmaq üçün əllərindən gələni əsirgəmirlər. Hər gün, hər addımda şahidi oluruq ki, Azərbaycan gəncliyi öz dövləti və lideri ətrafında sıx birləşib. Könüllülər də bu sırada təşəbbüslə, inam və məhəbbətlə önəmli mövqe tuturlar.

Gənclik yüksək enerji, coşqu, həyəcan və Qələbə deməkdir. 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərini, o cümlədən könüllüləri təbrik edir, Vətənimizin layiqli müdafiəçiləri, qalib ölkənin vətəndaşları kimi onlara gələcək fəaliyyətlərində yeni uğurlar və müvəffəqiyyətlər arzulayırıq.