22 Dekabr 2024

GƏNCLƏRƏ DÖVLƏT QAYĞISI

Azərbaycanın inkişafı, dünya dövlətləri sırasında öz layiqli yerini tutması Azərbaycan Respublikasının hər bir vətəndaşı, o cümlədən, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın üzərinə yeni-yeni vəzifələr qoyur və hər bir azərbaycanlı bu vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Azərbaycanın aparıcı qüvvəsi olan gənclər bu istiqamətdə daha fəaldırlar. Bununla bağlı, Azərbaycanın inkişafına istiqamətlənən, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin həyata keçirilməsi gənclərə xüsusi diqqətin ayrılması heç kimə sirr deyil. Bu gün Azərbaycan gəncləri öz ölkəsinin suverenliyi və ərazi bütövlüyünün keşiyində ayıq-sayıq dayanır, peşəkar kadr olmaq üçün müxtəlif biliklərə yiyələnir, Azərbaycan Respublikasının bayrağını yüksəklərə qaldırır.

Heydər Əliyev daim Azərbaycanın gələcəyi haqqında düşünürdü, gənc nəslin inkişafına davamlı qayğı göstərirdi.Dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin prioritet vəzifəsi səviyyəsinə yüksəltdi. Ulu Öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirirdi. Ümummilli Lider bundan əlavə, gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılmasına böyük önəm verirdi.

Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunan və həyata keçirilən gənclər siyasəti özündə beş mühüm istiqaməti ehtiva edirdi: – milli-mənəvi dəyərlərin qorunmasında gənclərin rolunun artırılması, gənc nəslin tarixi köklərə bağlı olan vətənpərvərlik ruhunda tərbiyəsinin təmin edilməsi, gənclərin elmi və intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatların həyata keçirilməsi, gənclərin təşkilatlanmasının təmin edilməsi, dövlətin müstəqilliyinin müdafiəsi üçün onların aparıcı qüvvə qismində birləşməsinin gücləndirilməsi, dövlət idarəçiliyində gənclərin rolunun əhəmiyyətli dərəcədə artırılması və onlarda məsuliyyət hissinin formalaşdırılması, gənclərin Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyası ilə təmin olunan imkanlardan maksimum istifadə etmələri üçün möhkəm əsasın yaradılması.

Bu gün cənab Prezident tərəfindən həyata keçirilən gənclər siyasəti yeni mərhələsini yaşayır. Belə ki, Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Yəni Azərbaycanın maliyyə-iqtisadi imkanları artdıqca, bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və gəncliyin inkişafı, yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati – hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun əsgərlərinin, zabitlərinin, bir sözlə, bütün şəxsi heyətinin qəhrəmanlığı, şücaəti nəticəsində 44 günlük Vətən müharibəsi bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini bir daha nümayiş etdirdi. Ordunun böyük bir qismini təşkil edən gənclərimiz Ali Baş Komandanın rəhbərliyi altında sözün həqiqi mənasında möhtəşəm bir tarix yazdı! 

Hazırda sosial həyatın bütün sferalarında gənclər çoxluq təşkil edir. Təbii ki, bu, gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyulan vəzifənin reallaşmasının göstəricisidir. Gənclər dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Prezident İlham Əliyev demişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, Vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə başçısının etimadını həmişə doğrultmalı, hər an Müzəffər Ali Baş Komandanın verəcəyi əmrə hazır olmalıdırlar.

Fərid Dünyamaliyev,
YAP Gənclər Birliyinin üzvü