Gənclər təşkilatlarının üzvləri və könüllülər “TEKNOFEST”də – FOTO

Dünən Bakıda möhtəşəm açılışı keçirilmiş və Azərbaycanın mədəni və elmi həyatında bir ilk olan “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalında minlərlə Bakı sakini və şəhərimizin qonaqları ilə yanaşı Azərbaycan gəncləri və könüllüləri də iştirak ediblər.
Ölkəmizin aparıcı gənclər və könüllülər təşkilatlarının üzvləri festivalın açılış mərasiminə qatılıb, festival çərçivəsində nümayiş olunan, texnologiyanın ən son yenilikləri və əl işləri ilə tanış olub, Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin pilotlarının yüksək pilotaj nömrələrindən ibarət aviaşounu izləyiblər.
Təqdirəlayiq haldır ki, bir sıra ali təhsil müəssisələrində təhsil alan tələbə gənclərin bir qismi öz əl işlərini də festivalda nümayiş etdirmək imkanı qazanmış və onların ixtiraları tədbirə təşrif buyuran qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Dövlət başçısının bilavasitə rəhbərliyi və qayğısı ilə Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olan gənclərin elmi potensialının və istedadlarının inkişaf etdirilməsinə təkan verən bu kimi tədbirlər artıq bu sahədə əldə edilən tərəqqini də nümayiş etdirmək, gəncləri yaradıcılığa, öz üzərində işləməyə və biliklərini zənginləşdirməyə təşviq etmək üçün gözəl fürsət yaradır.