22 Dekabr 2024

G7 Rusiyanın 300 milyardını verməyəcək: Ukraynaya vurduğu zərəri ödəyənə qədər

Böyük Yeddilik (G7) ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə, habelə onlardan yayınma ilə mübarizə səylərini gücləndirməyə söz veriblər. Bu barədə G7 xarici işlər orqanları rəhbərlərinin iclasına sədrlik edən İtaliyanın xarici işlər naziri Antonio Tajani Münhen Konfransı çərçivəsində açıqlama verib.

G7 nazirlərinin görüşünün yekun sənədində qeyd olunur ki, “xarici işlər nazirləri Ukraynaya hərbi, maliyyə, siyasi, humanitar, iqtisadi və inkişaf dəstəyi göstərmək, habelə Rusiyaya və onun müharibəsini maddi cəhətdən dəstəkləyənlərə qarşı sanksiyaları gücləndirmək üçün tərəfdaşlarla koordinasiyanı davam etdirmək niyyətlərini ifadə ediblər”. Nazirlər həmçinin sanksiyalardan və ixrac nəzarətindən yayınmaya qarşı mübarizə səylərini gücləndirmək niyyətlərini ifadə ediblər.

G7 ölkələri həmçinin digər dövlətləri öz yurisdiksiyaları vasitəsilə “Rusiya müdafiə sektorunun hərbi texnika və ikili təyinatlı mallar əldə etməsinin qarşısını almaq üçün fəal addımlar atmağa” çağırıblar.

Bundan əlavə, G7 nazirləri Rusiyanın dondurulmuş aktivlərini Moskva Ukraynaya vurduğu zərəri tam kompensasiya edənə qədər saxlayacaqlarını elan ediblər.