22 Dekabr 2024

Füzulidə səsucaldcı ilə başçını söyən şəxs həbs edildi

Füzuli rayonunun inzibati mərkəzi olan Horadiz qəsəbəsində insident baş verib.

Media1.az Publika.az-a istinadla xəbər verir ki, hadisə aprelin 17-də saat 13 radələrində Horadizdə “Saat dairəsi” adlanan yerdə baş verib.

Naməlum şəxs dairədəki saatın üzərinə çıxaraq səsucaldan vasitəsilə rayonun rəhbərliyi və icra başçısının ünvanına təhqiramiz ifadələr işlətməyə başlayıb. Əraziyə gələn polislər onu saxlayaraq Füzuli Rayon Polis Şöbəsinə aparıblar. Burada şəxsiyyəti müəyyənləşdirilərkən həmin şəxsin Əhmədalılar kəndinin sakini 35 yaşlı F.H olması məlum olub. Onun barəsində inzibati xətaya dair protokol tərtib edilib.

Saxlanılan şəxs ifadəsində bildirib ki, Füzulidə özünə məxsus şirkəti var və bununla bağlı İcra Hakimiyyətinə müraciət edib:

“Özümə məxsus olan MMC-nin sahəsini böyütmək üçün Əhmədalılar kəndinin bələdiyyəsinə müraciət edərək, həmin kəndin örüş otlaq sahəsini adıma rəsmiləşdirmək istədim. Bununla bağlı nəticə əldə edə bilmədiyimə görə Horadizdə “Saat dairəsi” adlanan yerdə olan saatın üzərinə çıxıb səsucaldan vasitəsilə səs-küy salmağa başladım. Füzuli İcra Hakimiyyəti başçısının ünvanına nalayiq sözlər deməklə ictimai qaydanı pozmuşam. Ətrafdakı insanların diqqətini özümə cəlb etmişəm, həmin yerə gələn polis əməkdaşları məni nizam-intizama dəvət etsələr də, onların qanuni tələblərinə baxmayaraq, hərəkətlərimi davam etdirdim. Törətdiyim əmələ görə çox peşmanam”.

Saxlanılan şəxs daha sonra məhkəməyə göndərilib və ona 15 sutka inzibati həbs cəzası təyin edilib.