Füzuli zəfəri hərb tariximizə qızıl hərflərlə yazıldı
27 sentyabr 2020-ci ildə Ermənistan işqalçı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq Yenilməz Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks hücum əməliyyatına başladı. Vətən müharibəsinin ilk günü qəhrəman əsgər və zabitlərimiz Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndlərini azad etdilər. 17 oktyabr 2020-ci il tarixində Azərbaycan silahlı qüvvələri Füzuli şəhəri də daxil olmaqla rayonun 62 kəndini işğaldan azad etdi.
Füzuli rayonu uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən ağır döyüşlərindən olmuşdur. Çünki düşmən bu rayon ərazisində çox ciddi istehkamlar qurmuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz düşmənin uzun illər ərzində qurmuş olduğu keçilməz istehkamları cəmi bir neçə gün ərzində darmadağın etdi. Düşmənin müdafiə xəttini yarmaqla Azərbaycan Ordusu qədim yaşayış məskənimiz olan Füzulini işğaldan azad etməklə yanaşı mühüm strateji üstünlüklər də qazanmış oldu.
Tarixi qələbədən dərhal sonra işğaldan azad edilən torpaqlarda düşmənin 28 il ərzində basdırdığı saysız-hesabsız minaların təmizlənilməsinə başlanılıb və gizli düşmənə qarşı bu çətin, eyni zamanda təhlükəli axtarış xilasetmə işləri uğurla davam etdirilir. Ardınca isə azad edilən rayonların ərazilərində iri infrastruktur layihələrin icrasına başlanılıb. Həm də ilkin layihələr həyat əhəmiyyətli sahələri, yol, enerji, su və başqa zəruri işləri əhatə edir. 2021-ci il oktyabrın 17-də xalqımız Füzuli rayonunun işğaldan azad edilməsinin birinci ildönümünü qeyd etdi. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər etdilər. Səfər çərçivəsində rayonda bir sıra önəmli layihələrin təməli qoyuldu, ictimaiyyətin nümayəndələri ilə görüş keçirildi.
Təbii ki, Qələbələr asan qazanılmır. 44 günlük İkinci Qarabağ müharibəsində 3 mindən artıq qəhrəman oğullarımız şəhid oldu. Onlar şəhidlik zirvəsinə ucalmaqla bir daha təsdiqlədilər ki, torpaq, əgər uğrunda ölən varsa Vətəndir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman tarixi Zəfərimuzin qəhrəmanlarının torpaq, Vətən sevgisinin böyüklüyündən bəhs edərək, qanları, canları ilə tarix yazan şəhidlərimizin heç zaman unudulmayacağını bildirir. Ölkə Prezidentinin Qarabağın tacı Şuşamızın azad edilməsi müjdəsini xalqımıza məhz Şəhidlər xiyabanından çatdırması da bütün bu məqamları özündə ehtiva edir.
Müzəffər Ali Baş Komandanın “Dəmir yumruq” əməliyyatı, ordumuzun gücü, əsgərlərimizin rəşadəti, Vətən sevgisi, xalqımızın birliyi parlaq qələbəmizi təmin etdi. Artıq işğaldan azad edilmiş ərazilər kimi, Ermənistanın işğalı nəticəsində ən çox virana, talana və dağıntıya məruz qalan Füzuli də bərpa edilir. Bərpa, yenidənqurma işlərinin sürətli gedişi ata-baba yurdundan didərgin düşmüş füzulililərin qısa zamanda doğma torpaqlarına qayıdacağından xəbər verir.
Aytən Məmmədli
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi